Azərbaycanın qaz tədarükü Səngəçal sakinlərinin həyatını təhlükəyə atır

sangachal

Fatimə bəzən gecələr evlərini bünövrəsinə qədər titrədən dərin gurultulu səsə oyanır. Hava kükürd və qaz iyi ilə o qədər dolur ki, nəfəs almaq çətinləşir. Pəncərədən bayıra baxanda Xəzər sahili yaxınlığında yerləşən bu Azərbaycan qəsəbəsində səmada ürküdücü şəfəqin parıldadığını görürsən.

Fatimə, bu araşdırma ilə bağlı OCCRP ilə əməkdaşlıq edən ətraf mühit və insan hüquqları üzrə qeyri-kommersiya təşkilatı “Crude Accountability”-yə bildirib ki, “Çox vaxt hamı bu gurultuya görə küçəyə qaçır”.

“Səs bomba partlayışına bənzəyirdi. Ev sanki böyük zəlzələ olmuş kimi titrəyirdi. Bu, kabusdur. Gecə yuxudan oyanırsan və qayıdıb yata bilmirsən. Hamının əsəbləri pozulub”,- deyə o əlavə edib.

Fatimənin yuxularına girən alovlar Britaniyanın neft nəhəngi BP tərəfindən idarə olunan yaxınlıqdakı Səngəçal terminalında baş verən qaz partlayışının nəticəsində yaranıb. 15 ildən artıqdır ki, terminal Azərbaycan, Gürcüstan və Türkiyəni təchiz edən nəhəng “Şahdəniz” dəniz yatağından qaz alır.

Lakin peyk məlumatları göstərir ki, “Şahdəniz”də hasilatın sürətlənməyə başladığı 2018-ci ildən bəri alovlar xeyli yüksəlib. Səngəçal terminalı 2020-ci ilin sonlarına doğru kommersiya tədarükünə start verib. Hazırda bir-birinə bağlı böyük boru kəməri kompleksi olan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ildə milyardlarla kubmetr qaz ötürür.

2020-ci ilin mart ayında “Facebook”da yayımlanan videoda Səngəçal terminalından çıxan alovlar görünür. Müəllif: Umid Gasabasi
Şəngəçal qəsəbəsi (ön tərəfdə) terminaldan cəmi bir neçə kilometr uzaqlıqda yerləşir (arxa tərəfdən görünür) Müəllif: Crude Accountability
Qəsəbə sakinlərinin sözlərinə görə, evləri bəzən elə silkələnir ki, əşyalar qırılır Müəllif: Crude Accountability

Beynəlxalq Enerji Agentliyinin verdiyi ən son hesabata əsasən, Azərbaycan əsas gəlir mənbəyini neft və qaz hesabına təmin edir və bu dövlət büdcəsinin təxminən 60 faizini təşkil edir. Lakin o pulların çox cüzi hissəsi sadə vətəndaşlara çatır, böyük bir qismi isə dövlətin maliyyələşdirdiyi mənasız layihələrə sovrulur və ya korrupsionerlərin cibinə axır.

Səngəçal yaxınlığında yaşayan insanlar bunun qarşılığını sağlamlıq problemlərindən şikayət edərək ödədiklərini deyirlər və bunun səbəbini terminalın  havanı çirkləndirməsi ilə əlaqələndirirlər. 2021-ci ildə “Crude Accountability” ilə danışan (onların təhlükəsizliyi üçün adlar dəyişdirilib) doqquz kəndlidən bir neçəsi, özlərinin və ya ailə üzvlərinin terminala yaxın yaşadıqları üçün ürək və tənəffüs problemlərindən əziyyət çəkdiklərini söyləyib.

Fatimə bir vaxtlar möhkəm olan həyat yoldaşının 12 ay ərzində iki ürək əməliyyatı keçirdiyini bildirib. Onun beş yaşlı oğlu həddindən artıq arıqdır və həkimlər uşağın inkişaf etmədiyini deyirlər.

“Uşaqlar belə zəhərin içində necə inkişaf edə bilər?” – o soruşur.

Zəhra 2020-ci ildə xərçəng, qalxanvari vəzi və şəkər xəstəliyinə tutulduğunu deyir. Onun övladlarında isə qan azlığı, epilepsiya və tənəffüs problemi var.

“Səhər tezdən nəfəs aldığımız zaman, elə bil, zəhəri içimizə çəkirik”,- deyə o bildirir – “Dünən övladım mənə söylədi ki, ana, boğuluram”.

Qəsəbə sakinləri tənəffüs və ürək, dəri-zöhrəvi xəstəliklərindən əziyyət çəkdiklərini deyirlər. Müəllif: Crude Accountability
Bəzi sakinlər 15 ildən artıqdır ki, fəaliyyət göstərən terminalın bitki və heyvanları zəhərlədiyini deyir. Müəllif: Crude Accountability

Los-Ancelesdə yerləşən Kaliforniya Universitetinin ətraf mühitin sağlamlığı  üzrə çalışan dosent Lara Kuşinq (Lara Cushing ) neft və qaz partlayışlarının Texas əhalisinə təsirini araşdırıb. O, belə yerlərdə yaşamağın uşaqların vaxtından öncə doğulması ehtimalının əhəmiyyətli dərəcədə artırdığına dair sübutlar tapıb. Qaz alovlarından yayılan çirkli hava astma kimi  sağlamlıq problemləri, həmçinin ürək xəstəliyi kimi uzunmüddətli xəstəliklərə səbəb olur.

Kuşinq əlavə edir: “Bir ömür boyu içinizə çəkdiyiniz çirkli havanın miqdarı bədəninizdə iltihab və oksidləşdirici stress kimi problemlərə səbəb olur. Bu, ürək-damar xəstəliklərinə və ömrün qısalmasına gətirib çıxara bilər”.

“Şahdəniz”dən qaz tədarükünün artması ilə eyni vaxtda baş versə də, Səngəçal terminalında qaz partlayışının artma səbəbini dəqiq müəyyən etmək çətindir. Partlayışın havanın nə qədər çirkləndirdiyi də bəlli deyil.

2019-cu ildə “Crude Accountability” tərəfindən yaxın ərazidə yerləşən kənddə götürülən hava nümunələri yüksək konsentrasiyalarda insan sağlamlığına ziyan vuran kükürd dioksidin miqdarının yüksək səviyyədə olduğunu ortaya çıxarıb. Lakin OCCRP onun terminaldanmı,  yaxınlıqdakı elektrik stansiyasındanmı və ya digər bir mənbədənmi qaynaqlandığını qəti şəkildə müəyyən edə bilməyib.

BP-nin Azərbaycan ofisinin hesabatında qeyd olunur ki, şirkət havada azot oksidləri, kükürd dioksid və zərrəciklərin havanı çirkləndirməsinə nəzarət edir və 1995-2017-ci illər arasında “terminalda yürüdülən əməliyyatların ətrafdakı havanın keyfiyyətinə mənfi təsirini göstərən heç bir sübut aşkarlanmayıb”.

BP-nin sözçüsünün sözlərinə görə, şirkət 2018-2021-ci illər arasında müntəzəm şəkildə Səngəçal terminalı ətrafında havanın çirklənməsi ilə bağlı yoxlama aparıb və müəyyən edilən hava keyfiyyəti standartlarından artıq emissiya aşkar olunmayıb.

“Bizim siyasətimiz nəzərdə tutulan ekoloji qanunlara əməl etmək və gördüyümüz işin nəticəsində təsirə məruz qala biləcək insanların hüquqlarına hörmətlə yanaşmaqdır”.

“BP-nin uzun müddətdir ki, davam edən və olduqca geniş olan ictimaiyyətlə əlaqə proqramı, eyni zamanda insanların ictimaiyyəti narahat edən məsələləri qaldırmasına imkan yaradan şikayət proseduru var. 2018-2021-ci illər ərzində ekoloji problemlərlə bağlı heç bir şikayət daxil olmayıb”.

SOCAR-dan isə bildirilib ki, “ən yüksək ekoloji standartları təmin etmək üçün səy göstərilir” və şirkət neft və qaz yataqlarında emissiyanın miqdarını sıfıra endirmək məqsədinə nail olmağa çox yaxındır. Həmçinin şirkət Səngəçal terminalında çalışmadığını, bunun üçün də ekoloji problemlərin həll olunmasının dövlət qurumlarının üzərinə düşdüyünü bildirib.

Qəsəbə sakinləri həmçinin yaxınlıqda yerləşən Səngəçal elektrik stansiyasına görə də əziyyət çəkirlər.  Müəllif: Crude Accountability
Qəsəbə sakinləri “Crude Accountability”-yə hökumətdən və ya neft şirkətindən təzminat almadıqlarını bildiriblər.  Müəllif: Crude Accountability

Mehriban deyir ki, qaz məşəlləri yandığı vaxt Azərbaycanda soyuq şimal küləyi kimi tanınan xəzri əsərsə çirklənmə pik həddə çatır. O və digər kənd sakinləri bəzən göydən sarı tozun yağmasının və paltarlarını çirklənməsindən şikayətlənirlər.

“Geyimlərimizdə sarı ləkələri görə bilərsiniz. Bu, xüsusilə yağış yağanda ya da xəzri küləyi əsəndə baş verir”.

“Alovlar yüksələndə və xəzri onu döyəcləyəndə o, zəhərə çevrilir”.

“Şahdəniz 2”-nin investorlarından olan Rusiyanın “Lukoyl” şirkətinə 500 milyon ABŞ dolları məbləğində kredit ayıran Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) kifayət qədər lazımi araşdırma aparmamasından da narahatlıq duyulur.

“Crude Accountability” 2017-ci ildə  Avropa Yenidənqurma və İnkişaf Bankının layihənin ətraf mühitə və sosial sahəyə təsirlərini dəyərləndirərkən önəmli nöqsanlar buraxdığını və təsirə dairəsində olan sakinlərlə məsləhətləşmələrin olmadığını səbəb göstərərək şikayət edib. Təşkilat, həmçinin qeyd edib ki, bankın rəhbər şurası müstəqil ekoloji yoxlamanın başa çatmasına üç ay qalmış investisiyanı təsdiqləyib.

AYİB-in şikayətlər mexanizmi “Crude Accountability” təşkilatının hesabatının çox hissəsini dəstəklədiyini bildirərək qeyd edib ki, daha çox yoxlama və “müştərilərə təlimat vermə” işləri gücləndirilməlidir. 2021-ci ilin iyulunda yayımlanan ən son hesabatda AYİB 2021-ci ilin sonuna qədər problemlərin həll edilməsinin gözlənildiyini bildirib.

AYİB sözçüsü bildirib ki, bank artıq “Şahdəniz 2” lahiyəsi ilə maraqlanmır, çünki “Lukoyl” 2021-ci ilin oktyabrında krediti qaytarıb. Onlar layihə ilə bağlı məşhur iki “tədbir” həyata keçirdiklərini bildirsələr də, qəsəbə sakinlərinin səhhətində yaranan problemlər və alovun səbəb olduğu çirklənmə ilə bağlı şərh verməkdən imtina ediblər.

“Daha öncə BP ilə icma arasındakı görüşlərdə çirklənmə məsələsi qaldırılıb və BP alovun səviyyəsi ilə bağlı bəyanatlar verib. Biz bu məsələlərin son hesabat dövründə gündəmə gəlib-gəlmədiyini bilmirik”, – AYİB bildirib.

Müəllif: OCCRP

Ana səhifəAraşdırmaAzərbaycanın qaz tədarükü Səngəçal sakinlərinin həyatını təhlükəyə atır