ABŞ Tehranda Azərbaycan səfirliyinə edilən hücumu pisləyib.
Yanvarın 27-də keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays bildirib ki, hər yerdə diplomatlara və ya diplomatik obyektlərə hər hansı bir hücum qəbuledilməzdir.
Bu barədə “Turan” məlumat yayıb.
“Biz Prezident Əliyevin bu zorakılıqla bağlı tez bir zamanda araşdırılması çağırışına qoşuluruq. Bu gün ölən və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – deyə Ned Prays söyləyib.
O, “Biz İran hökumətinə İranda Xarici Diplomatların Müdafiəsi üzrə Cenevrə Konvensiyasına uyğun olaraq üzərinə düşən məsuliyyəti xatırladırıq”, – fikrini əlavə edib.
İran Prezidenti İbrahim Rəisinin Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pislədiyi, məhkəmə və polis orqanlarına məsələ ilə bağlı hərtərəfli araşdırma aparmağı tapşırdığı bildirilir.
Bu barədə ölkənin vitse-prezidenti Məhəmməd Cəmşidi açılama yayıb.
“Bu kədərli xəbəri eşidəndən dərhal sonra Ayətullah Rəisi bu barədə hərtərəfli təhqiqat aparılmasını əmr etdi. O, hökumətə, Azərbaycan xalqına və mərhum diplomatın ailəsinə başsağlığı dilədi və yaralananların tezliklə sağalmasını arzuladı”, – deyə Cəmşidi əlavə edib.
Yanvarın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Ceyhun Bayramovun “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək İran tərəfinin səfirliyin binasını hər cür hücumlardan qorunmasının və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin İran tərəfinin vəzifəsi olduğunu qarşı tərəfə bir daha xatırladıb.
“İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qarşı tərəfdən tələb olunub”, – deyə XİN əlavə edib.
Nazirlik qeyd edir ki, İran xarici işlər naziri Abdullahian həlak olan şəxsin ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb:
“İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, səfirliyin və heyətinin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını diqqətə çatdırıb”.
İranlı nazir saxlanılan şəxsə qarşı silah daşımaq və diplomatın qətlə yetirilməsi üzrə cinayət işi açıldığını, onun yüksək cəzaya məruz qalacağını bildirib.
“Hadisə nəticəsində iki ölkə arasında münasibətlərin daha da gərginləşməyəcəyinə İran naziri tərəfindən ümid ifadə olunub”, – deyə nazirlik bildirib.
DTX səfirliyə hücumla bağlı cinayət işi açıb
Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Dövlət Azərbaycan Təhlükəsızlik Xidməti (DTX) məlumat yayıb.
DTX bildirib ki, Cinayət Məcəlləsinin 12.2 (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət), 120.2.1 (Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;), 12.2, 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;), 12.2, 120.2.11 (Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 12.2, 29, 120.2.7 (İki və ya daha çox şəxsi öldürməyə cəhd), 12.3, 214.2.1 (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;), 12.3, 214.2.3 (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;) və 12.2, 228.2.1-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi açılıb.
“Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir”, – deyə bildirilir.
DTX İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciətin edildiyini də vurğulayıb.
Tehran polisinin rəisi Hüseyn Rəhimi vəzifəsindən azad olunub.
Onun yerinə İran Hüquq-Mühafizə Qüvvələri Komandanlığının (İran Polisi) baş komandanı, general Abbasəli Məhəmmədian təyin olunub.
General Hüseyn Rəhimi bundan sonra İqtisadi Təhlükəsizlik Polisinin sədri vəzifəsində çalışacaq.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İsrailin Azrbaycandakı səfiri Corc Diklə görüşüb.
Məlumatı israilli diplomat “Twitter”də yayıb.
Diplomat görüşdə vacib müzakirələr aparıldığını qeyd edib:
“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bildirdim”.
Təbrizin “Traxtur” futbol klubu Azərbaycan səfirliyinə silahlı hücumla bağlı “Twitter”də paylaşım edib.
“Qardaş acısını sadəcə qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu şiddətlə qınayırıq. Terrora son!”,- deyə, klubun paylaşımında qeyd olunub.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səbəb kimi kimi yanvarın 27-də Tehrandakı səfirliyə qarşı terror hücumu göstərilib.
Məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu deyilib:
“Həmçinin, “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu səfirin diqqətinə çatdırılıb. Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub”.
“Son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb”,-deyə XİN əlavə edib.
İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib.
“İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin yanvarın 27-də yaydığı bəyanatda yer alıb.
Nazirlik bildirib ki, İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi:
“Son zamanlar İranda anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik”.
“İran tərəfindən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik. Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir”, – deyə bəyanatda vurğulanıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də baş vermiş olayla bağlı açıqlama yayıb.
O, hadisənin yüksək səviyyədə araşdırıldığını deyib:
“Ölkəmizin siyasi və təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə bu hərəkətin ölçülərini və hücumun motivini müəyyən etmək üçün məsələ yüksək prioritet və həssaslıqla araşdırılır”.
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəisi Ayxan Hacızadə TRT Haberə bildirib.
O qeyd edib ki, səfirliyik əməkdaşları Azərbaycana göndəriləcək.
O, həmçinin “Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəmində olduğunu düşünmürük”,-deyə vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Tehrandakı səfirliyə hücumu pisləyən açıqlama yayıb.
Dövlət başçısı səfirliyin mühafizəsini təmin edərkən həlak olan baş leytenant Orxan Əsgərovun ailəsinə başsağlığı verib.
“Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir”,-deyə İlham Əliyev əlavə edib.
Son iki ildə Azərbaycan səfirliklərinə beş hücum olub.
Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Tehrandakı səfirliyə silahlı hücumla bağlı “Twitter” hesabındakı paylaşımında belə yazıb.
C.Hüseynzadə yazıb ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub:
“Bir təhlükəsizlik əməkdaşı həlak olub, ikisi yaralanıb”.
“Azərbaycanın diplomatik missiyalarına son 2 ildə 5 hücum olub. Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkənin Vyana Konvensiyasını həyata keçirməyə çağırırıq”, – deyə Hüseynzadə əlavə edib.
Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə odlu silahla daxil olan şəxsin həbs edildiyini açıqlayıb.
“Polis əməkdaşlarının çevik tədbirləri nəticəsində hücum edən şəxs dərhal tutularaq istintaqa cəlb edilib”, – deyə o bildirib.
Hücum edənin iki azyaşlı uşağı ilə səfirliyə girdiyini deyən polis rəisi əlavə edib ki, ilkin araşdırmalar hadisənin şəxsi və ailə problemləri səbəbindən baş verdiyini göstərir.
Tehran Cinayət Məhkəməsinin prokuroru saxlanılan şəxsin ilkin ifadə verdiyini deyib.
Onun sözlərinə görə, saxlanılan şəxs ibtidai istintaqda iddia edib ki, ötən ilin aprelində həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb.
Ədliyyə rəsmisi əlavə edib ki, həmin şəxs Tehrandakı səfirliyə dəfələrlə müraciət edib, amma hər hansı bir cavab ala bilməyib.
O, həyat yoldaşının səfirlikdə gizləndiyini və onunla görüşmək istəmədiyini düşünüb.
“Hücum edən şəxs deyib ki, bu gün səhər mən artıq “Kalaşnikov” silahı ilə səfirliyə getməyə qərar verdim”, – prokuror belə deyib.
O daha sonra bildirib ki, hücum edən şəxs məhkəmə rəsmilərinə səfirliyə hücumun tamamilə şəxsi motivli olduğunu deyib.
Səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki nəfər yaralanıb
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olduğu bildirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Hücum edən şəxsin “Kalaşnikov” markalı avtomatla mühafizə postunu yardığı qeyd olunub.
Bildirilir ki, hücum nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirilib:
“Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir”.
XİN əlavə edib ki, hazırda bu “xain hücum”la bağlı araşdırma gedir:
“Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Ancaq nazirlik qətlə yetirilən şəxsin kimliyini açıqlamayıb.
Xatırlatma
2022-ci ildə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə 3 dəfə müxtəlif formalarda hücumlar olub.
İlk hücum Azərbaycanın Böyük Britaniyadakı səfriliyinə olmuşdu.
Avqustun 4-də baş verən hadisənin bir qrup radikal dini dəstənin üzvlərinin törətdiyi deyilirdi.
Məlumatda Londondakı səfirliyə hücumun məsuliyyətini “Mehdi Xidmətçiləri” şiə ekstremist qruplaşmanın öz üzərinə götürdüyü bildirildi.
Növbəti hadisə Fransada yaşandı.
Oktyabrın 1-də Azərbaycanın Parisdəki səfirliyinə erməni qrupların hücum etdiyi qeyd olundu.
Bu barədə Azərbaycanın Fransaya verdiyi notada bildirilirdi:
“Hücumun oktyabrın 1-də gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı səfirin diqqətinə çatdırılıb”.
Oktyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açıldığı haqda xəbər yayıldı.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilirdi ki, hadisə ilə bağlı ABŞ-ın müvafiq qurumlarına kamera görüntüləri təqdim edilib.
Məsələ ilə əlaqədar ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili oktyabrın 12-də nazirliyə dəvət edilib, ona baş vermiş hadisə barədə məlumat verilib.
“Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumlar edir. Daha öncə Vaşinqton, Paris, Beyrut və digər şəhərlərdə Azərbaycan səfirliklərinə hücumlar olub. Bu, ciddi narahatlıq doğurur”, – deyə səfirlik bildirib.