Azərbaycanın daha bir hərbçisinin odlu silahdan açılan atəşdən öldüyü bildirilir

Əsgər. Mənbə: Shutterstock – Denis Andricic

Hərbi Prokurorluq hadisəni araşdırdığını deyir

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlunun odlu silahdan açılmış atəş nəticəsində öldüyü bildirilir.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev Meydan TV-yə bildirib ki, hadisə barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib.

Müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Bildirilir ki, hazırda istintaq davam etdirilir.

Meydan TV hərbçinin yaxınları ilə əlaqə saxlaya bilməyib.

Oktyabrın 19-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Novruz Fikrət oğlu Gözəlovun odlu silahdan istifadə etməklə özünü öldürdüyü barədə məlumat yayılmışdı.

Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanıldığı bildirilirdi.

Ana səhifəSiyasətAzərbaycanın daha bir hərbçisinin odlu silahdan açılan atəşdən öldüyü bildirilir