Azərbaycanın 2024-cü ildə 50 hərbi qulluqçu itirdiyi bildirilir

Hərbi təlim. Foto: MN

Ölənlərin 48 nəfəri qeyri-döyüş itkiləridir

2024-cü ildə Azərbaycanda azı 50 hərbi qulluqçu həyatını itirib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqin nəticələrinə görə, 2024-cü ilin 11 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 50 hərbi qulluqçusunu itirib.

Onlardan 48 nəfəri qeyri-döyüş itkiləri, 2-si isə 2023-cü ilin sentyabrında keçirilmiş lokal hərbi əməliyyatdan sonra yaralanmış və uzun müddətdə komada qalmış hərbçilərlə bağlıdır.

Ümumilikdə – 2024-cü ildə 15 nəfər avtomobil qəzasından, 5 nəfər müxtəlif bədbəxt hadisələrdən, 12 nəfər müxtəlif zəhərlənmə və xəstəliklərdən, 9 nəfər intihardan, 2 nəfər antiterror əməliyyatları səbəbindən, 4 nəfər qeyri-qanuni haldan, 2 nəfər ehtiyatsızlıqdan, 1 nəfərsə naməlum səbəbdən həyatını itirib.

Bu dövrdə ölənlərin 43 nəfəri Müdafiə Nazirliyinin, 3 nəfəri Daxili Qoşunların, 3 nəfəri Dövlət Sərhəd Xidmətinin, 1 nəfər isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları olub.

Həyatını itirənlərin 24 nəfəri əsgər, 14 nəfəri zabit, 9 nəfəri müddətdən artıq xidmət edən hərbi qulluqçu, 3 nəfəri isə gizirdir.

2024-cü ildə ümumilikdə ən azı 19 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb.

Onlardan 15-i avtomobil qəzası nəticəsində, 2-si erməni gülləsindən xəsarət alıblar, 1 nəfəri mina partlayışından xəsarət alıb, 1 nəfərsə zəhərlənib.

Ölüm hadisələrinin 21-i işğaldan azad olunmuş Qarabağ və ətraf rayonlarda yerləşən hərbi hissələrdə baş verib (Laçın – 7, Qubadlı – 5, Füzuli – 4, Kəlbəcər – 2, Xocavənd – 1, Cəbrayıl – 1, Ağdam – 1). 14 ölüm hadisəsi isə keçmiş münaqişə zonasında yaxın hərbi hissələrdə baş verib (Tovuz – 5, Şəmkir – 3, Goranboy – 2, Naxçıvan – 2, Gədəbəy – 1, Gəncə – 1). Qalan 15 hadisə isə ölkənin əsasən şərq hissəsində yerləşən hərbi hissələrdə baş verib (Bakı – 2, Lənkəran – 2, Cəlilabad- 2, Hacıqabul – 1 və başqaları (8 hadisənin yeri açıqlanmayıb).

2023-cü il ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ən azı 260 hərbi qulluqçusunu itirib.

Ümumilikdə 20 hərbi qulluqçu intihar edib.

Ana səhifəXəbərlərAzərbaycanın 2024-cü ildə 50 hərbi qulluqçu itirdiyi bildirilir