Qubad İbadoğlu: "Sənədi oxuyanda gəlirlərin cüzi artırıldığını, xərclərin isə azaldığını görürsən"
2020-ci illə müqayisədə Azərbaycanın 2021-ci il büdcəsi 1,6 milyard manat azala bilər. Çünki 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2021-ci il üçün "Dövlət büdcəsinin ilkin parametrləri" sənədində
deyilir
.
Sənəddə gəlirlərin 57,3 faizi və ya 13 milyard 950 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377 milyon manatı qeyri-neft sektorunun payına düşəcəyi proqnozlaşdırılır.
Bildirilir ki, neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 milyard 200 milyon manatını Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 milyard 750 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək. Ən əsası, 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 35 ABŞ dollarına bərabər götürülür.
Demokratiya və Rifah Hərəkarının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, sənədi oxuyanda gəlirlərin cüzi artırıldığını, xərclərin isə azaldığını görürsən: “2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 847 milyon 500 min manat məbləğində proqnozlaşdırılır. Bu, 2020-ci ilin büdcəsi ilə müqayisədə 1 milyard 644 milyon 700 min manat azdır. Xərclərin 18 milyard 106 milyon 600 min manat və ya 70,1 faizini cari xərclər, 5 milyard 389 milyon 100 min manat və ya 20,8 faizini əsaslı xərclər, 2 milyard 351 milyon 800 min manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir”.
İqtisadçı deyir ki, 2021-ci ilin dövlət büdcəsini 100 manat səviyyəsində qəbul etsək, onun 16 manat 70 qəpiyi iqtisadi fəaliyyətə, 15 manat 30 qəpiyi müdafiə və milli təhlükəsizliyə, 14 manat 60 qəpiyi sosial müdafiə və sosial təminata, 12 manat 40 qəpiyi təhsilə, 12 manat 40 qəpiyi ümumi dövlət xidməti xərclərinə, 8 manatı məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa, 7 manat 90 qəpiyi səhiyyəyə, 5 manat 20 qəpiyi əsas bölmələrə aid edilməyən xidmətlərə, 3 manat 60 qəpiyi kənd təsərrüfatına, 1 manat 70 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlərə, 1 manat 10 qəpiyi mənzil və kommunal təsərrüfatı və 1 manat 10 qəpiyi də ətraf mühitin mühafizəsinə xərclənəcək.
2021-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 520 milyon 500 min manat məbləğində proqnozlaşdırılır.
Milli Məclisin İqtisadiyyat, Sənaye, Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov isə hesab edir ki, bu proqnozlar normaldır.
Deputat “Turan” İnformasiya Agentliyinə bildirib ki, indiki dövrdə neftin qiymətindəki dalğalanmalar büdcəyə təsir edən amillərdəndir: “Koronavirus pandemiyası davam edir, müəyyən müəssisələr işləmir. İndi büdcəni tərtib etmək də o qədər asan məsələ deyil. Amma hesab edirəm ki, 2021-ci il üçün dövlət büdcəsinin 25 milyard manata yaxın nəzərdə tutulması normal vəsaitdir. Burada, yəqin ki, Dövlət Neft Fondundan böyük transfertlər nəzərdə tutulur. Bu transfert mən bildiyim qədər təqribən 12 milyard (12 milyard 200 milyon) manat həcmindədir. Əlbəttə, dünyada gedən hadisələr, pandemiya, neftin qiymətinin aşağı düşməsi bunu zəruri edir”.
2020-ci ildə isə dövlət büdcəsinin gəlirləri 24 124 000,0 min, xərcləri isə 27 492 200,0 min manat təsdiq edilmişdi. Əvvəlcə neftin bir bareli 55 dollar, sonradan endirilərək 35 dollar nəzərdə tutuldu.