“Media haqqında” qanun yalnız jurnalistləri yox, bütün informasiya cəmiyyətini məhdudlaşdırır
2022-ci il Azərbaycan mediası üçün ötən ilin son günlərində Milli Məclisin tələmtələsik qəbul etdiyi “Media haqqında” qanunun prezident tərəfindən imzalanıb-imzalanmayacağının nigaranlığı ilə başladı.
Əslində ilk gündən üçüncü oxunuşda təsdiqlənənə qədər qanun layihəsi ətrafında gedən proseslər qanunun yaxın zamanda prezident tərəfindən imzalanacağına və qüvvəyə minəcəyinə şübhə yeri qoymur. Elə ekspertlər də bu fikirdədirlər.
Bəs “Media haqqında” qanun qüvvəyə mindikdən sonra Azərbaycanın informasiya həyatında nələr dəyişəcək? Müstəqil jurnalistlər niyə bu qədər narahatdır? Bu qanunun onların fəaliyyətinə təsiri nədən ibarət olacaq? Ekspertlərlə birlikdə bu sualları cavablamağa çalışdıq.
“Jurnalist”in tərifi olmalıdırmı?
Müstəqil jurnalistlərin qanunla bağlı narahatlığı elə “jurnalist” anlayışının layihədə əksini tapan tərifi ilə başlayır. Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndində deyilir:
“Jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir”.
Məsələn, əgər heç bir maddi gəlir əldə etmirsənsə, sən artıq jurnalist deyilsən. Üstəlik informasiya vasitələrinin bu qədər geniş spektrinin mövcud olduğu müasir dövrdə “jurnalist” anlayışını bu qədər sərt çərçivələməyin adı məhdudlaşdırmadan qeyrisi ola bilməz. “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev də belə hesab edir:
“Doğru deyil. Jurnalist anlayışı çox genişdir. Məsələn, mən diplomlu jurnalistəm. Başqa biri özünü jurnalist hesab edir, yazı yazır, yazdığını dərc edir, video hazırlayır və s. Yəni bunun mənası kifayət qədər genişdir. Qanunda jurnalist anlayışı ümumiyyətlə düzgün təsvir olunmayıb, verilən tərif ancaq məhdudlaşdırmağa xidmət edir”.
Reyestrdə qeydiyyata dair tələblər
Ən çox narahatedici məsələlərdən biri də qanunda qeyd olunan “reyestr məsələsidir”. Qanunun 73-cü maddəsində deyilir:
“Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır.
Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir”.
74-cü maddədə isə jurnalistlərin və media subyektlərinin reyestrə daxil edilməsi üçün tələblər qeyd olunub. Tələblər iyirmidən çox bənddə təsvir edilib. Həmin tələblərə əsasən, media reyestrinə daxil edilmək üçün jurnalist ali təhsilli olmalı, məhkumluğu olmamalı, işlədiyi media subyekti media reyestrində qeydiyyatdan keçmiş olmalı, jurnalistika sahəsində 3 il iş stajına sahib olmalıdır və sairə.
İnformasiya təşəbbüslərinin bu qədər genişləndiyi və hər bir kəsin informasiya istehsalçısı ola bildiyi bir dövrdə “Media haqqında” qanunda jurnalistləri reyestrə salmaq, üstəlik də onlardan ali təhsil tələb etmək yumşaq desək absurd kimi səslənir. Hələ nəzərə alsaq ki, uzaq 90-larda Azərbaycanda müstəqil jurnalistikanın əsası yeni qoyulan zamanlarda belə jurnalistlərin qarşısına ali təhsil kimi bir tələb qoyulmurdu və bu günün kifayət qədər tanınmış jurnalistləri arasında heç bir ali təhsili olmayanlar var.
3 il iş stajının olması tələbi də məhdudlaşdırmadan başqa bir şey deyil. Şəxsən mən ikinci kurs tələbəsi ikən peşəkar jurnalistika sahəsində çalışmağa başlamışam. Və heç bir diskriminasiyasız təcrübəli jurnalistlərlə birlikdə dövlət tədbirlərində iştirak etmişəm, dövlət rəsmilərindən açıqlamalar ala bilmişəm. Bununla da jurnalistikaya xələl yetirdiyimi düşünmürəm. Tam əksinə, istənilən informasiyaya yaxın olmağım təcrübəli jurnalist kimi daha sürətlə yetişməyimə kömək edib. Belə çıxır ki, “Media haqqında” qanuna belə bir məhdudlaşdırma gətirən dövlət gənc jurnalistlərin peşəkarlaşmasından çəkinir.
Məhkumluğun olmaması tələbi isə Azərbaycan mediasının bugünkü reallığında xüsusilə ironik görünür. Jurnalist araşdırmalarına, hakimiyyətə qarşı tənqidi məqalələrinə görə həbs olunan azərbaycanlı jurnalistlərin sayı onlarladır və onlar saxta ittihamlarla ağır cinayətlərə görə məhkum ediliblər. Belə çıxır ki, onların heç biri artıq jurnalist hesab edilməyəcək.
Jurnalistin reyestrdə qeydiyyatdan keçmiş media subyektində çalışması tələbinə gəlincə, on ildən çox müddətdə müxtəlif bəhanələrlə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçə bilməyən bir media təşkilatının keçmiş təmsilçisi kimi Media Agentliyinin də istədiyi media subyektini reyestrə salacağını, istəmədiyini isə salmayacağını şəxsi təcrübəmdən bilirəm.
Reyestr statistika xarakteri daşıyırmı?
Hərçənd, qanun layihəsinin müəlliflərindən biri olan Media Agentliyinin şöbə müdiri Natiq Məmmədli media reyestrinin sadəcə statistika xarakteri daşıdığını, jurnalistlərin fəaliyyətinə heç bir məhdudlaşdırma gətirmədiyinə israr edir.
Reyestrdə qeydiyyat üçün qoyulmuş tələblərə gəlincə isə Məmmədli bildirir ki, bu tələblər reyestrdə qeydiyyat üçün maneə olsa da, jurnalist fəaliyyətini qadağan etmir. Reyestrdə qeydiyyatdan keçə bilmədiyi üçün jurnalistlərin dövlət rəsmilərindən informasiya almaq imkanından, dövlət qurumlarının tədbirlərində iştirakdan məhrum olmasını isə o, qətiyyən problem hesab etmir.
“Belə statistik baza olmur. Statistika xarakterlidirsə, niyə reyestrə daxil olmaq üçün azı 15 şərt qoyulur? Məqsəd statistikanı müəyyən etməkdirsə, elektron sistem yaradıla, jurnalistlərə başqa hər hansı təsirə məruz qalmadan adlarını daxil etmək imkanı təklif edilə bilərdi. Digər tərəfdən, statistikanı ölçmək üçün effektiv alətlər onsuz da mövcuddur. Ədliyyə Nazirliyi qəzetlərin reyestrini onsuz da aparır. Vergi fəaliyyət növləri arasında jurnalistika fəaliyyət sahəsi var, vergi qurumlarında bütün bilgilər onsuz da mövcuddur. Qanunda nəzərdə tutulmuş formada yaradılacaq reyestr azad media, jurnalistika üçün çox ciddi təhdiddir, jurnalistləri nəzarət altında tutmaq, özünüsenzuraya zorlamaq niyyəti daşıyır. Əlbəttə, söhbət azad, hökumətdən asılılığı olmayan jurnalistlərdən, medialardan gedir”, – hüquqşünas, media hüququ üzrə ekspert Xalid Ağaliyev belə hesab edir.
Mehman Əliyev də bildirir ki, jurnalistlərin və media subyektlərinin reyestrə alınması sadəcə statistika üçün deyil:
“İstədikləri medianı reyestrdən keçirəcəklər, istəmədiklərini keçirməyəcəklər. Məsələn, deyirlər ki, reyestrə düşmək könüllüdür. Mən onlara deyirəm ki, axı qanunda bunu yazmamısız, deyirlər ki, yox, biz bunu nəzərdə tutmuşuq. Qanun çox aydın yazılmalıdır, dəqiq qeyd olunmalıdır ki, söhbət nədən gedir. Yəni qanunun hər maddəsini siz oturub şərh etməməlisiz, qanun bu cür işləməz. Aydınlığın olmaması çox geniş imkan verir ki, sabah bunları istədikləri kimi təsvir və tətbiq etsinlər”.
Qanun qüvvəyə mindikdən sonra müstəqil jurnalistlər konkret hansı problemlərlə üzləşəcəklər?
Xalid Ağaliyevin fikrincə, qanun qüvvəyə mindikdən sonra ilk təxmini problemlər jurnalistlərin əsas işi ilə – informasiyaları toplama, hazırlama, yayma ilə bağlı ola bilər.
“Reyestr yaradılandan sonra həm rəsmi qurumların toplantılarına, həm ictimai önəmli digər toplatılara qatılmaqda, informasiya sorğularına cavab almaqda problemlər özünü göstərəcək. Jurnalistdən jurnalist olmasını sübut etməsini tələb edəcəklər. Bu zaman hansısa redaksiyanın vəsiqəsi keçərli olmayacaq, ölçü jurnalistin adının reyestrə daxil edilib-edilmədiyi olacaq”.
Media hüququ üzrə ekspert hesab edir ki, reyestrə düşə bilməyən jurnalsitlərin sahib olduqları çox önəmli imtiyazları da şübhə altına düşmüş olacaq.
“Məsələn, jurnalistin peşə fəaliyyətinə mane olmaq cinayət məsuliyyəti, jurnalistin sorğusuna cavab verməmək inzibati məsuliyyət yaradır. Yaxud, yalnız jurnalistlərin öz mənbələrini, qaynaqlarını gizli tutumaq hüququ var. Adları reyestrə daxil edilməyənlər bu qoruma alətlərindən məhrum ola bilərlər. Qanunda eyni zamanda redaksiya azadlığını, jurnalistlərin yaratdığı məzmunu məhdudlaşdıran xeyli müddəalar var. Qanun elə məlumatlar var ki, həmin məlumatları rəsmi qurumların hazırladığı həcmdə və məzmunda yaymağı jurnalistlərin üzərinə vəzifə kimi qoyur”.
Ağaliyev həmçinin qeyd edir ki, hazırda cəmiyyət xüsusilə etiraz tədbirlərindən əsasən, müstəqil medialar, jurnalistlər vasitəsilə, həm də internet mediası vasitəsilə xəbər tutur. Əgər sabah hökumətə qarşı etiraz edən vətəndaşlar toplantı keçirsə, həmin olaylar haqda xəbərləri artıq görməyəcəyik.
“Belə bilgiləri xəbərləyənlər ofisi olmayan, fəaliyyətləri məhdudlaşdırılmış medialar, azad jurnalistlərdir. Yeni qanun onların fəaliyyət imkanlarını daha da daraldacaq. Hər informasiya topladıqlarında çək-çevir ediləcəklər, saxlanılacaqlar və s. Belə mühit həm də başqalarına çəkindirici təsir göstərəcək”, – hüquqşünas deyir.
Maneələr onsuz da var idi, yeni qanun nəyə lazım idi?
Əslində, 2005-ci ildən bəri Azərbaycanda medianın vəziyyəti ildən-ilə ağırlaşır. “Azadlıq Radiosu”, “Meydan TV”, “Azadlıq qəzeti” və sair media qurumlarının saytlarına ölkə daxilində giriş əngəllənib. Reklam bazarı inhisara alındığı üçün müstəqil və tənqidi media qurumları ofis saxlamaq imkanından məhrum olub, əməkdaşlarının sayını, o cümlədən də onlara verilən əməkhaqqını kəskin azaldıb. Müstəqil jurnalistlər dövlət tədbirlərinə dəvət olunmur, dövlət qurumları onların sorğularını əksər hallarda cavabsız qoyur. Həbslər, hədə-qorxu, təhdid və sair təqib vasitələrini də nəzərə alsaq, müstəqil jurnalistikanın vəziyyəti onsuz da acınacaqlıdır. Bəs bu durumda yeni bir qanuna nə ehtiyac var idi?
Mehman Əliyev hesab edir ki, qanuna ehtiyac informasiya cəmiyyətinin genişlənməsindən yaranıb.
“Biz məsələyə doğru yanaşmırık. Qanun KİV haqqında deyil, media haqqındadır və media anlayışı bütün cəmiyyəti əhatə edir, KİV də onun tərkib hissəsidir. Odur ki, bu qanun bütün informasiya cəmiyyətinə hesablanıb. Yəni informasiya təşəbbüsü göstərən, Facebook, Youtube, Twitter-də və sairə informasiya yayan hər bir şəxs bu qanunun təsiri altına düşür. Əsas məsələ sosial şəbəkələri nəzarət altına götürməkdir”.
Mehman Əliyev hesab edir ki, qanuna platforma anlayışının salınması da elə məhz bununla bağlıdır. Qanunun 32-ci maddəsində platforma operatorunun lisenziya əsasında fəaliyyət göstərdiyi qeyd olunur.
“Mən onlara dedim ki, “KİV haqqında”, “Tele-radio haqqında”, heç bir qanunda platforma anlayışı yoxdur. Siz bunu birinci dəfə tətbiq edirsiz, niyə mənasını vermirsiz? Anlayışın izahını vermək istəmədilər və irada rəğmən vermədilər də. Halbuki müzakirədə iştirak edən Əli Hüseynli də razılaşdı ki, anlayışdan birinci dəfə istifadə olunduğu üçün izahat verilməlidir. Çünki onlar deyirlər ki, platforma adı altında tekanalları nəzərdə tuturlar, amma beynəlxalq leksikonda platforma telekanallar deyil, birbaşa internetə aid olan resurslardır – saytlar, Facebook, Youtube, Twitter səhifələri, Whatsapp və sairə. Sonra da yazırlar ki, platforma lisenziyalaşdırılır. Sabah onlar bunu tətbiq edəcəklər, deyəcəklər sən platformasan, sən lisenziyaşmalısan”.
Əgər nəzərə alsaq ki, televiziyalar başda olmaqda media subyektlərinin böyük əksəriyyəti hakimiyyətin nəzarəti altındadı və yalnız birtərəfli informasiya ötürür, ovuc içi qədər qalmış müstəqil jurnalistika təmsilçilərinin, o cümlədən də bütün informasiya təşəbbüskarlarının fəaliyyəti bu qanunla tamamilə məhdudlaşdırılacaq, beləliklə, vətəndaşların alternativ informasiya almaq hüququ da pozulacaq. Yəni vətəndaşlar böyük bir “AzTV vakuumuna” qapadılacaqlar.
Bu sondurmu?
Mehman Əliyev bildirir ki, qanun hazırlanmağa başlayan gündən proses qeyri-şəffaf aparılıb.
“Cəmiyyəti dövlət səviyyəsində aldadıblar. Media Agentliyi tərəfindən məlumatlar yayılırdı ki, redaksiyalarda müzakirələr aparılır. Biz iyun ayında görüşəndə dedik ki, layihəni verin, biz də müzakirə aparaq redaksiyada, dedilər ki, qanun layihəsi yoxdur. Yoxdursa, nəyi müzakirə edirdilər redaksiyalarda? Sonra dekabrın 10-da qəflətən çıxardılar parlamentə, yenə də qara kassalardan maliyyələşdirdikləri mediaları çıxardılar ora, formal görüntü yaratdılar, guya müzakirə gedir. Biz etiraz etdiyimiz üçün guya elə göstərdilər ki, bizimlə danışığa getdilər, amma yenə aldatdılar. Dəyişikliklərə dair 70-ə qədər təklif irəli sürüldü, hələ daha çox ola bilərdi, heç biri qəbul olunmadı, qanun necə yazılmışdısa, elə o qaydada da parlamentdən keçirildi. Bu onu göstərir ki, hakimiyyətin niyyəti Azərbaycanda söz azadlığını boğmaq, məhdudlaşdırmaqdır”.
Müstəqil jurnalistlər bütün vasitələrlə qanun layihəsinin parlament tərəfindən qəbuluna etiraz etdilər. Amma heç bir faydası olmadı. Qanun qəbul edildi. Çox güman ki, prezident tərəfindən imzalanmasına da sayılı günlər qalıb. Bu qanun ölkədə informasiya təşəbbüslərinin qarşısını ala biləcəkmi? Zənn etmirəm. Hakimiyyət nə qədər avtoritar olsa da, müasir texnologiya dövründə informasiya axınının qarşısını almaq mümkünsüz qədər çətindir. Müstəqil jurnalistlərin söz azadlığı uğrunda mübarizəsi isə yəqin ki, məhkəmələrdə davam edəcək. “Jurnalist fəaliyyətinə maneə törədilməsi” şikayətinin yerli məhkəmə orqanlarında ədalətli qərarla nəticələnəcəyini də düşünmürəm. Bu da o deməkdir ki, Avropa İnsan Haqları Məhkəməsində “filankəs və ya filankəslər Azərbaycana qarşı” başlıqlı işlər çoxalacaq.