Azərbaycandakı siyasi məhbusların stendi Praqa konfransında

Foto: “AbzasMedia”

Elman Fəttah: “İnsan hüquqları məsələsində Azərbaycan da Kremlin tərəfdarları sırasındadır”

Oktyabrın 13-də Çexiyanın paytaxtı Praqada “Forum 2000” konfransı öz işinə başlayıb.

3 gün davam edəcək tədbirdə azərbaycanlı siyasi məhbuslarla bağlı məlumatları əks etdirən stendlər qoyulub.

Onların arasında talış hüquqları tədqiqatçısı İqbal Əbilov, iqtisadçı alim Fazil Qasımov, “Toplum TV işi” üzrə saxlanılanlar, “AbzasMedia işi” üzrə saxlanılanlar və digərləri barədə məlumatlar yer alıb.

Tədbirin iştirakçılarından III Respublika Platformasının Qurucu Heyətinin üzvü Elman Fəttah Meydan TV-yə bildirib ki, “Forum 2000” konfransının müzakirə obyekti çox genişdir:

Foto: Meydan TV

Üç gün davam edəcək tədbirdə Çexiyanın dövlət başçısı ilə bərabər sabiq siyasi məhbuslar, tanınmış siyasi xadimlər də iştirak edirlər. Bütövlükdə sülhlə bağlı məsələlər, ənənəvi olaraq Ukraynanın işğala məruz qalması ən populyar mövzulardan biridir. Açılış zamanı Venesueladakı son prezident seçkiləri geniş müzakirə edildi. Dünyada demokratiyanın zəifləməsi də müzakirə predmeti idi, bundan əlavə Balkan və Şərqi Avropa ölkələrində demokratiyanın durumu, avtoritar rejimlərin revanşist davranışları və ayrı-ayrı ölkələrdə siyasi məhbusların saylarının artması ciddi müzakirə olundu”.

Elman Fəttahın sözlərinə görə, sadaladıqları kontekstdə Azərbaycandakı ictimai-siyasi vəziyyət ayrıca müzakirə olunmasa da, Rusiyanın aneksiya kontekstində Kremlin tərəfdarları baxımından Azərbaycan o sıradadır:

“O cümlədən, siyasi məhbus problemi baxımından Azərbaycanla bağlı ayrıca siyasi məhbus stendi qoyuldu və sərgi keçirildi”.

Elman Fəttah COP29 öncəsi rəsmi Bakıya siyasi məhbusların azad edilməsi ilə bağlı çağırışların olduğunu vurğulayıb.

“Forum 2000” demokratiya, insan hüquqları, vətəndaş cəmiyyəti və dini tolerantlıq kimi qlobal məsələlərə dair açıq dialoq qurmaq üçün beynəlxalq bir platformadır.

1996-cı ildə Vatslav Havel, Eli Vizel və Yohey Sasakava tərəfindən qurulmuş bu platforma, qlobal sülhə və demokratik idarəetməyə təhdid olan çağırışlarla mübarizə aparmaq üçün dünyanın tanınmış fikir adamlarını və liderlərini bir araya gətirməyə davam edir.

Ana səhifəSiyasətAzərbaycandakı siyasi məhbusların stendi Praqa konfransında