”Azərbaycanda yalnız diplom istehsal edilir, təhsil yox”

Ucar sakini təhsilhaqqı tapa bilmədiyindən oxuya bilmir

Source:
Əhməd Əhmədov
Əhməd Əhmədov


Ucar sakini təhsilhaqqı tapa bilmədiyindən oxuya bilmir

“Təhsil haqqını ödəyə bilmədiyim üçün təhsilim yarımçıq qalıb. 1300 manat bizim ailəmizin illik gəliridir. Nə edim, atam normal əmək haqqı almır deyə təhsilsiz qalmalıyam? Hansı qapını döyürsən, diplom soruşurlar. Daha bilmirlər ki, bu ölkədə təhsil almaq ucuz başa gəlmir. Təhsilsiz normal iş tapmaq isə zülmdür”, – Ucar rayonunun Çiyni kənd sakini Əhməd Əhmədov belə deyir.

Təhsil haqqımı ödəyə bilmədiyim üçün universiteti dondurmuşam”

Əhməd Əhmədov bildirir ki, o, 2012-ci ildə Gəncə Texnologiya Universitetinin Dövlət və Bələdiyyə İdarəetmə fakültəsinə daxil olub. Universitetdə qiyabi təhsil alıb:

“Təhsil aldığım universitetə iki il 1300 manat təhsil haqqı ödəmişəm. İnanın, onu da güc-bəla ilə, birtəhər düzəldib verirdik. Növbəti ili ailəm təhsil haqqımı heç cürə düzəldib ödəyə bilmədi. Mən təhsilimi yarımçıq dondurub, hərbi xidmətə gedəsi oldum. 2014-ci ildə hərbi xidmətimi başa vurub, təxris olundum. Əsgərlikdən dönəndən sonra ailəmin vəziyyəti daha da pisləşdi. Atam təhsil haqqımı ödəyə bilməyəcəyini söylədi. Mən özüm desən, işləyib, ödəmək istəyərəm, ancaq o qədər pulu qazanmaq üçün harada iş tapmalıyam, bilmirəm. Fəhləliklə olacaq iş deyil. Nəticədə təhsilsiz qalmışam”.

Ali təhsilim olmadığı üçün ofisiantlıqdan yaxşı iş tapa bilmirəm

Ə.Əhmədov deyir ki, universitetdə oxuduğu müddətdə dərslərinə yaxşı hazırlaşırmış. Məqsədi diplomunu alandan sonra yaxşı bir iş tapıb, işləmək imiş. Ancaq bu, baş verməyib. Növbəti il təhsil haqqını ödəyə bilmədiyi üçün onu imtahanlara buraxmayıblar:

“Buna görə təhsilim yarımçıq qalıb. Atam Ucar rayon Komunal Təsərrüfat İdarəsində fəhlə işləyir. Ayda 125 manat maaş alır. Bu pulla biz heç 10 gün yaşaya bilmirik. Buna görə rayondakı şadlıq evlərindən birində ofisiant işləyirəm ki, ailəmiz aclıqdan məhv olmasın. Gəlirim ailəmi dolandırmağa güclə yetir. Qaldı ki, təhsil haqqımı ödəmək mənim üçün mümkünsüzdür. Ali təhsilim olmadığı üçün ofisiantlıqdan yaxşı iş tapa bilmirəm. Bu işə də nə zamana qədər dözərəm, onu da bilmirəm”.

1300 manat bizim kimi ailələr üçün fantastik rəqəmdir

Ə.Əhmədov deyir ki, ailəsinin imkansız olması, özünün də normal bir iş tapa bilmədiyi üçün arzuları ürəyində qalıb:

“Universitetə sənəd verəndə, qəbul olanda arzularım var idi. Düşünürdüm ki, təhsilimi başa vurub, ali təhsil diplomumu alıb, dövlətə ixtisaslı kadr kimi töhfələr verəcəyəm. Ancaq belə olmadı. Maddi imkansızlıq arzumun reallaşmasına mane oldu. Anlamadığım bir şey də var. Bu dövlətdə 125 manatlıq əmək haqqı alan ailələr olduğu halda, təhsil haqqı niyə 1300 manat olmalıdır? 300-500 olsaydı, mən də o pulu toplayar, birtəhər ödəyər, təhsilimi alardım. 1300 manat bizim kimi ailələr üçün fantastik rəqəmdir. Ona görə də təhsilsiz qalmağa məhkum olunmuşuq”.

Aztəminatlı ailələrin ali təhsilə çıxış imkanları məhdudlaşır

İqtisadçı Natiq Cəfərli deyir ki, dünyada gedən trendlərə baxmaq lazımdır. Dünyada ali təhsil almaq istəyən, buna qabiliyyəti və bacarığı olan insanların təhsili pulsuzdur. Fransada, Mərkəzi Avropa ölkələrinin əksəriyyətində, Skandinaviyada bu belədir:

“İnkişaf etmiş ölkələrdə pulsuz təhsil əsas trendə çevrilib. Bunun çox sadə səbəbi var. Hökumətlər düşünürlər ki, yaxşı təhsil almış mütəxəssisin 4-5 ildən sonra ölkəyə qazandıracağı daha çox olacaq. Ona görə də insanların keyfiyyətli və pulsuz təhsil alması vacibdir”.

İqtisadçı deyir ki, Azərbaycanda bunun tam əksi olan proseslər gedir. Təhsilin keyfiyyətinin aşağı düşdüyü bir zamanda qiymətlər kəskin artır:

“Əsasən də aztəminatlı ailələrin ali təhsilə çıxış imkanları məhdudlaşır. Bu, kökündən yanlış yanaşmadır. Əslində dövlətin marağında olmalıdır ki, biliyi, bacarığı olan, oxumaq istəyən insanların təhsilə çıxış imkanlarını sadələşdirsin”.

Orta qazancla illik təhsilhaqqı arasında 10 dəfə fərq var

İqtisadçı deyir ki, imkansız ailələrin təhsilə çatımlılığını artırmağın müxtəlif yolları var. Dövlət insanlara təhsil kreditləri verə və yaxud da bunu iri şirkətlər vasitəsilə həyata keçirilə bilər:

“Məsələn, həmin iri şirkətlər 1-ci kursdan oxuyan, potensialı olan, yaxşı tələbələri müəyyənləşdirib, təhsil haqlarını öz üzərlərinə götürürlər. Sonra universiteti bitirən həmin tələbələri işlə təmin edirlər. Nəticədə həm şirkət qazanmış olur, həm də tələbə. Çünki bir çox ailə uşaqlarının təhsil haqqını qarşılaya bilmir. Çünki Azərbaycanda minimum əmək haqqı ilə təhsil haqları arasında ciddi fərq var. Elə götürək lap orta aylıq əmək haqqını. Rəsmi rəqəmlərə görə, 540 manata yaxındır. Amma bəzi təhsil haqlarının illiyi 3000-4000 manat arasıdır”.

N.Cəfərli deyir ki, təhsil haqları ilə əmək haqqı arasında kifayət qədər disbalans var. Pullu təhsil verən ölkələrdə belə orta aylıq maaşın illik təhsil haqqına nisbəti bu qədər çox deyil:

“Azərbaycanda artıq elə bir şərait yaranıb ki, orta qazancla illik təhsil haqqı arasında az qala 10 dəfə fərq var. Bu da aztəminatlı ailələrin təhsilə çıxış imkanlarını məhdudlaşdırır. Ümumiyyətlə, Azərbaycan hökuməti gələcəyə yönəlik bir qərar qəbul etməlidir. Təhsil almaq istəyən, bilikli, bacarıqlı insanların təhsil ala bilməməsi bir ayıba çevrilməlidir. Ölkənin bu tip insanların təhsil haqqını ödəmək üçün kifayət qədər maliyyə potensialı da var, ancaq bunu etmir”.

Azərbaycanda diplom almaq təhsil almaqla eyniləşdirilib

Natiq Cəfərli deyir ki, Azərbaycanda təhsilin keyfiyyəti ilə təhsil haqqı arasında ciddi balans yaranıb:

“Ümumiyyətlə, Azərbaycanda təhsil haqqı o vaxt yüksək ola bilərdi ki, yerli universitetlər dünyanın top universitetləri siyahısında olsun. Onda bir məntiq olardı ki, baha olsa da, təhsili var. Bizdə o da yoxdur. Azərbaycan universitetlərinin heç biri nəinki dünyanın, Avropanın, heç MDB-nin belə yaxşı təhsil verən universitetləri siyahısında deyil. Belə bir vəziyyətdə təhsil haqqının ilbəil artması təəssüf doğurur. Çünki keyfiyyətli təhsil verməyən bir müssisədə təhsil haqqının artması onu göstərir ki, burada yalnız diplom istehsal edilir, mütəxəssis yox. Azərbaycanda da diplom almaq təhsil almaqla eyniləşdirilib. İnsanlar soruşanda da “diplomun varmı?” deyir. Kimsədən təhsilinin olması soruşulmur. Həmin kağız parçasının olması daha vacib hal alıb, nəinki təhsilin olması. Təəssüf doğurur, ancaq reallıqdır”.

Ana səhifəBölgə”Azərbaycanda yalnız diplom istehsal edilir, təhsil yox”