Xidmət vətəndaşları qayda və şərtlərə riayət etməyə çağırır
Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyəti bərpa edilib. Bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”, – məlumatda bildirilir.
Azərbaycan 2023-cü il sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyata başlayandan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “TikTok” sosial şəbəkəsini bağlayıb. Eyni zamanda, Ağdam və Füzulidə sentyabrın 18-dən etibarən internetin verilməsi dayandırılıb. Həmin ərazilərdə internet oktyabrın 24-də bərpa edilib.
Azərbaycan Müdafiə Nazirliyi 2023-cü il sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb. Səbəb olaraq törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi göstərilib.
Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılıb.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib. Dövlət başçısı Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib. Çıxışında isə Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.