Kəndlilər susuzluqdan əziyyət çəkir, ekofəallar oliqarxları qınayır, hökumət qiymət artımını düşünür…
Kür çayının Salyan və Neftçala rayonlarından keçən hissəsi son bir neçə gündür quruyub. Çayda suyun səviyyəsinin kəskin azalması Kürətrafı bölgələrdə yaşayan minlərlə sakini çıxılmaz vəziyyətdə qoyub. Kəndlərdə içməli su problemi yaranıb. Kəndlilər yaz əkini dövründə suvarma suyunun çatışmazlığı səbəbindən əkin sahələrinin məhv olacağından da narahatdırlar.
Kür çayı sahilində yerləşən Neftçala şəhərinin sakini Nizam Hüseynov Meydan TV-yə bildirib ki, təxminən 10 gündür çay quruyub. Son bir-iki gündür axın yaransa da, bəzi ərazilərdə hələ də nasoslarla su vurulması mümkün deyil.
Sabirabadın Surra kənd sakini Məmməd Məmmədov isə deyib ki, Kürdə suyun səviyyəsinin düşməsi artıq üç ildir əkinlər üçün çətinliklər yaradır. Vaxtlı-vaxtında suvarma apara bilmədiklərindən məhsulları məhv olur, ən yaxşı halda məhsuldarlıq aşağı düşür, zərər edirlər. Bununla belə, Məmmədov ümidini yaz yağışına bağlayıb:
“Hələ hava yağmurlu deyil, amma ümidimi üzmürəm, gecə-gündüz Allaha dua edirəm”.
Bir çox mütəxəssis Kür də daxil olmaqla Araz və ölkədəki digər çaylarda suyun səviyyəsinin kəskin azalmasını iqlim dəyişikliyi, həmçinin yağıntıların azalması ilə əlaqələndirir.
Fevralın ikinci ongünlüyündən Bakının içməli su təchizatında da problemlər yaranıb. “Azərsu” Səhmdar Cəmiyyəti suyun verilməsində yeni qənaət rejiminə keçdiklərini rəsmən elan edib.
“Ecofront” təşkilatının rəhbəri, ekofəal Cavid Qara isə hesab edir ki, su qıtlığının əsas günahkarı oliqarxların aqroparklarıdır:
“Qazaxdan Gəncəyədək böyük təsərrüfat zonası var. Böyük istixanalar yaradılab, bağlar, aqroparklar salınıb. Təxminən 10 min hektara yaxın qış otlaqları intensiv suvarılır”.
Cavid Qara su qıtlığını sərfiyyatın azalması ilə əlaqələndirir:
“Çeyrançöldən tutmuş, Korçaydan, Ağyazıdan, Haramı düzündən tutmuş Mil Muğan düzlərinə qədər qış otlağı əkilib. Zorla yüzlərlə çoban didərgin salınıb, məmurlar aqropark yaradıblar. Qış otlaqlarının yerindəki aqroparkların hamısı məmur biznesmenlərindir. Suyu da birinci onlar istifadə edir. Çatsa, qara camaata da sızdırırlar”.
Ekofəal bildirib ki, Kür çayının suyunun formalaşmağında Türkiyənin rolu 5-10 faizdir. Su hövzəsinin 2-3 faizi Türkiyənin payına düşür.
“Bu yerləri ortalamadan 2-3 dəfə artıq aktiv su toplama ərazisi kimi götürsək, yenə də 10 faizi keçmir. Yəni Türkiyə Kürün suyunu tam kəssə də, vəziyyət bu qədər acınacaqlı olmamalıdır”,– Cavid Qara deyib.
O qeyd edib ki, Kür çayında Türkiyənin rolu ən sonuncudur. Türkiyənin adı ona görə çəkilir ki, Kür oradan başlayır:
“Ermənistanda Kürün sutoplama hövzəsi Türkiyədən daha geniş və daha yüksək dağlıq ərazilərə düşür. O ərazilərdə də nə ciddi suvarma, nə də SES-lər var. Qazaxla sərhəddə kiçik bir çayın üzərində kiçik bir anbar var. Yerli kənd əhəmiyyətli problem yaradır. Gürcüstan Kürün suyunun formalaşmasının ağırlığını görür. 4000 metrdən yüksək dağlardan buzlaqlardan başlayan çaylar bol yağıntılı ərazilərdən keçir. Gürcüstanda Kürün hövzəsində suvarılan ərazilər də çox deyil. Onlarda bizdəki qədər suvarmaya ehtiyac yoxdur, çünki yağıntı çox düşür. Bizə yaxın quraq yerlərdə isə əksəri qış oltaqları kimi istifadə edilir”.
Ekoloq Rövşən Abbasov isə Meydan TV-yə bildirib ki, tədricən Mingəçevir su anbarından və Araz çayı üzərində olan su anbarlarından su buraxılışları artırılmalıdır. Eyni zamanda, Kürlə Xəzər arasında olan bəndi sökmək lazımdır.
Su qıtlığı ilə bağlı ötən həftənin cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC birgə mətbuat konfransı keçirib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Azərbayan adambaşı su ehtiyatının miqdarına görə 100-lükdə 90-cı yerdədir. Son illər su ehtiyatları azalır, 2050-ci ilə qədər su ehtiyatları daha 15-20 faiz azalacaq.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov isə bildirib ki, Kürün quruması yox, suyunun azalması müşahidə olunur. Bu da qlobal iqlim dəyişmələri ilə bağlıdır. Sədr müavini əlavə edib ki, içməli su maya dəyərindən ucuz qiymətə satılır. Bu da “Azərsu” ASC-nin rentabelli işləməsinə maneə törədir. Gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər:
“Bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın”.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov məlumat verib ki, Azərbaycanda su ilə bağlı komissiya tərəfindən su qıtlığının qarşısının alınması üçün bir sıra tədbirlər görülür, xarici ölkələrin təcrübəsi öyrənilib. O qeyd edib ki, qonşu Türkiyədə bütün torpaq məcralı kanallar beton üzlüklə əvəzlənib. Orada su israfına yol verilmir:
“Azərbayanda qanunsuz balıq gölməçələri var. Kürün altında 250 min suvarılan sahə var. Fevral ayında Kürə az su buraxılıb. Respublikada 530 min hektara yaxın taxıl əkilib və bu əkinlər suvarma ilə təmin olunur”.
Rafiq Aslanov həmçinin bildirib ki, Azərbaycanda xam suyun qiyməti 70-80 manata başa gəlir.