Azərbaycanda sosial siyasət: əməkhaqqı və müavinət artımı bahalaşmanı örtürmü?

Manat, Foto: Janusz Pienkowski/Shutterstock

İqtisadçı: “Hökumət üzərinə götürdüyü öhdəliyə əməl etsəydi, minimum əməkhaqqı 400 manatdan yüksək olmalı idi”

Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb. Bununla bağlı dekabrın 20-də Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədlə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” özünün 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanının 1-ci hissəsində bəzi dəyişikliklər edilib.

Fərmanla müavinətlər bəndlər üzrə 9 faizdən 50 faizə qədər artırılıb. Bu fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev həmçinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamında da bəzi dəyişikliklər edib. Dəyişikliklər 20 faiz civarındadır.

Fəxri adlara görə təqaüdlərin də miqdarı artırılıb. Burada da artım təqribən 20 faizdir. Artımı gələn ilin əvvəlində ala biləcəklər.

Prezident habelə “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” özünün 2019-cu il 15 aprel tarixli 643 nömrəli fərmanının 1-ci hissəsində də dəyişiklik edib. Bununla bağlı məbləğ 50-dən 80-ə qaldırılıb.

Eyni zamanda, “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanda da dəyişiklik edilərək məbləğ 55 manatdan 70-ə çatdırılıb.

Bu fərmanlar da 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Prezidentin dekabrın 17-də imzaladığı sərəncamla isə minimum aylıq əməkhaqqının məbləği 250 manatdan 300 manata çatdırılıb. Artım 2022-ci ilin yanvarından qüvvədə olacaq.

“Əmək münasibətlərinin leqallaşmaması hökumətin sosial siyasətinin effektivliyini aşağı salır”

İqtisadçı Fərid Mehralızadə minimum əməkhaqqına edilən 50 manat artımın əvvəlki 250 manatlıq minimum əməkhaqqının 20 faizi olduğunu deyir:

“Məhz bu tərəfdən baxanda böyük rəqəm kimi görünür. Amma nə qədər ki Azərbaycanda əmək münasibətləri tam leqallaşmayıb, bu cür artımlar əhalinin rifahına müsbət təsir göstərməyəcək”.

Onun sözlərinə görə, əmək münasibətlərinin leqallaşmaması hökumətin sosial siyasətinin effektivliyini aşağı salır:

“Çünki Azərbaycanda 16-65 yaş aralığında 5 milyon 300 min iqtisadi fəal əhali var. Onlardan 1 milyon 700 mini muzdlu işçidir. Odur ki, hökumətin minimum əməkhaqqını artırması ən yaxşı halda həmin 1 milyon 700 min insana təsir edəcək. Bu da bütün iqtisadi aktiv insanın üçdə birini əhatə edir”.

“Ölkədə iqtisadi fəal əhali maaşı artanlardan təxminən 6 dəfə çoxdur”

İqtisadçı deyir ki, hələ bu 1 milyon 700 min insanın hamısı minimum əməkhaqqı ilə işləmir: “Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqladı ki, median (orta) əmək haqqı 343 manatdır. Bu, o deməkdir ki, 1 milyon 700 min nəfərin yarısının maaşı 343 manatdan aşağıdır.

“Təxminən 800 min adam minimum əməkhaqqı səviyyəsində maaş alır, yaxud əməkhaqqısı minimum əməkhaqqına bağlıdır. Çünki bəzi dövlət qurumlarında əməkhaqqını minimum əməkhaqqının misilləri ilə ölçürlər. Bu rəsmi rəqəm də onu deyir ki, 800 minə yaxın adamın maaşı artacaq. Amma ölkədə iqtisadi fəal əhali bundan təxminən 6 dəfə çoxdur”.

“Qeyri-leqal əmək münasibətləri və kölgə iqtisadiyyatı artımın insanların həyatına müsbət təsirini əngəlləyir”

Fərid Mehralızadənin fikrincə, dünyanın bir çox ölkəsində muzdla işləyənlər iqtisadi fəal əhalinin 80-90 faizini təşkil edir: “Azərbaycanda isə bu göstərici çox aşağıdır. Üstəlik, Azərbaycanda bəzi hallarda rəsmi gəlir real maaşla eyni olmur”.

Fərid Mehralızadənin şəxsi arxivindən

“Məsələn, işçi 500 manat maaş alır, ancaq şirkəti ona minimum əməkhaqqı səviyyəsində, məsələn, 250 manat maaş yazır. 250 manatı isə əldən ödəyir. Belə olan halda da şirkət deyə bilər ki, rəsmi olan hissəni 300-ə qaldırıram. Əldən verdiyim məbləğ isə 200 olacaq. Bu zaman artımın həmin insana təsiri olmayacaq. Ona görə Azərbaycanda əmək münasibətlərinin tam leqallaşmaması, qeyri-rəsmi və kölgə iqtisadiyyatının miqyasının böyük olması minimum əməkhaqqı artımının insanların sosial rifahına müsbət təsirini məhdudlaşdırır”, – deyə o qeyd edib.

“Qeyri-rəsmi ödənişlər aradan qaldırılmalıdır”

İqtisadçı düşünür ki, Azərbaycan hökuməti daha effektiv sosial siyasət həyata keçirmək istəyirsə, ilk öncə əmək münasibətlərini leqallaşdırmalıdır. Qeyri-rəsmi münasibətlər, ödənişlər aradan qaldırılmalı, real alınan əməkhaqqı rəsmiləşdirilməlidir: “Ancaq bu zaman minimum əməkhaqqında olan artım insanların sosial rifahına müsbət təsir edə bilər”.

Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir?

Minimum əməkhaqqının məbləğinə gəlincə, Fərid Mehralızadə düşünür ki, bu da ayrı bir problemdir:

“Azərbaycan 2000-ci illərin ortasında Avropa Sosial Xartiyasına üzv oldu. Bu zaman da öhdəlik götürdü ki, minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə bərabər olmalıdır. Sonuncu açıqlanan rəqəmlərə görə, bizdə orta aylıq əməkhaqqı 720 manat civarındadır. Hökumət götürdüyü öhdəliyə əməl etsəydi, indi Azərbaycanda minimum əməkhaqqı 400 manatdan yüksək olmalı idi”.

İqtisadçı əlavə edir ki, 300 manatlıq minimum əməkhaqqının insanların minimum tələblərini ödəməyə yetməsi də mübahisəlidir. Eləcə də yaşayış minimumu:

“Gərək bunların hamısı insanların minimum tələblərini yerinə yetirsin ki, həmin ödənişlərə artım olanda da insanlara müsbət təsir etsin”.

Artımlar ərzaq məhsullarındakı bahalaşmanı və artan kommunal xidmət haqlarını kompensasiya edə biləcəkmi?

Rəsmi rəqəmlər və hökumət deyir ki, Azərbaycanda əhalinin xərclərinin 50 faizini qida məhsulları təşkil edir.
Fərid Mehralızadənin sözlərinə görəsə rəsmi açıqlamalardan məlum olur ki, qida məhsullarında son bir ildə 15,2 faiz həcmində infilyasiya qeydə alınıb:

“Onu da nəzərə almaq lazımdır ki, bizdə minimum əməkhaqqına ən son artım 2019-cu ildə olmuşdu. Ancaq son bir ildə qida məhsullarındakı artım 15 faizdir. Bu, o deməkdir ki, 50 manat heç qida məhsullarındakı artımı da kompensasiya edə bilməz. Əslində isə nəinki qida, yanacaq, kommunal ödənişlər də artıb”.

“İnstitusional dəyişikliklərə ehtiyac var”

İqtisadçı deyir ki, minimum əməkhaqqı və sosial müavinət artımının bahalaşmanı örtəcəyini demək çətindir. Bunun olması üçün institusional dəyişikliklərə ehtiyac var:

“Bu da əmək münasibətlərinin leqallaşmasından və minimum ehtiyacların real tələblərə uyğun hesablanmasından asılıdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı yeni fərman və sərəncamlar ümumilikdə 732 min şəxsi əhatə edəcək: “Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin ilk 10 ayında infilyasiya 6.2 faiz olub. Bu, 2017-ci ildən sonra ən yüksək illik rəsmi infilyasiya göstəricisidir.

Rəsmi statistikaya əsasən, ilin bütün ayları üzrə əvvəlki aya nisbətən illik infilyasiya səviyyəsi daha yüksək olub. İlə rəsmi 2.7 faizlik illik infilyasiya ilə başlanılsa da bu rəqəm 10 ayda 3 dəfə artıb.

Komitənin hesablamalarına görə, ərzaq məhsullarının qiyməti daha çox yüksəlib.

İnfilyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4, qeyri-ərzaq məhsulları üzrə 104,8, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olub.

Noyabrda qiymət səviyyəsi əvvəlki ilin uyğun ayı ilə müqayisədə 11,1 faiz çox olub.

Ana səhifəİqtisadiyyatAzərbaycanda sosial siyasət: əməkhaqqı və müavinət artımı bahalaşmanı örtürmü?