“Bütün seçki məntəqələrində müstəqil müşahidəçilərə maneələr yaradılıb”
Növbədənkənar Prezident seçkilərini izləyən müstəqil müşahidəçilərin sərbəst şəkildə müşahidə aparmalarına maneələr yaradıldığı bildirilir.
Seçki üzrə mütəxəssis Məmməd Məmmədzadə Meydan TV-yə deyir ki, məntəqələrin açılış və səsvermə prosesində müşahidəçilərə təzyiqlər olub:
“Seçki Məcəlləsinə zidd olaraq, müşahidəçilərə müşahidə aparmağa imkan vermirlər. Belə ki, seçki məntəqələrində müşahidəçilər üçün müəyyən yer ayırıblar. Seçki məntəqə komissiyalarının sədrləri deyirlər ki, bu, Mərkəzi Seçki Komissiyasının təlimatıdır. Belə olan halda da, müşahidəçilər bir yerdə oturur, rahat şəkildə seçki qutusunu və seçiciləri görmür, seçki prosesində tam müşahidə apara bilmirlər. Bu, qanunvericiliyə ziddir. Müşahidəçiyə sərbəst şərait yaradılmalıdır”.
Məmmədzadənin sözlərinə görə, demək olar ki, bütün seçki məntəqələrində müşahidəçilərin hərəkətinə maneələr yaradılıb:
“Seçki Məcəlləsində müşahidəçilərlə bağlı foto və video çəkiliş qadağası yoxdur. Hər hansı bir foto və və ya video çəkiliş aparmaq istəyən müşahidəçiləri hansısa formada məntəqədən çıxarırlar. Təzyiq göstərirlər, polis çağırırlar. Bu formada təzyiqlər, demək olar ki, bütün məntəqələrdə rast gəlinir. Müstəqil müşahidəçilərin sərbəst şəkildə müşahidə aparmaları məhdudlaşdırılıb”.
“Turan” yazır ki, müşahidəçi Cavid Nəbiyevi 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 13-cü məntəqəsindən çıxarıblar.
Müşahidəçinin sözlərinə görə, o, sadəcə, seçki prosesini müşahidə edib və heç bir pozuntu törətməyib. Lakin məntəqə seçki komissiyasında ona qarşı protokol tərtib edilib və o, məntəqədən çıxarılıb.
Analoji hadisənin eyni dairənin 1-ci məntəqəsində də qeydə alındığı bildirilir.
Orada müşahidəçini polisin vasitəsilə məntəqədən çıxarıblar.
23 saylı Dairə Seçki Komissiyasından “Turan”a bildiriblər ki, müşahidəçilər seçki prosesinə maneələr yaratdıqlarına görə çıxarılıblar.
Həmçinin bildirilir ki, 23 saylı Dairə Seçki Komissiyasının 2-ci məntəqəsində bəzi seçicilərə əvvəlcədən küncləri kəsilmiş bülletenlər verilib.
Dairə komissiyasında bu məlumatı da təkzib ediblər.