MTN generalının Dubayda və Çində biznesinin olduğu iddia edilir
“Bu gün Çingiz Ağayev, Yaşar Cabbarov da Mövlam Şıxəliyevin yanında oturmalıdır. Onlar Mövlam Şıxəliyevin dəstəyi altında idi, bütün “Sədərək” bazarına onun hesabına nəzarət edirdilər, sahibkarları soyurdular”.
Bu sözləri sabiq MTN-çilərin məhkəməsində zərərçəkmişlərdən Elvar Əliyev deyib.
Hakim jurnalistəri yenə də məhkəməyə buraxmır
MTN generalı, uzun illər nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş daha üç nəfərin – İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisləri Vüsal Ələkbərov və Sahib Ələkbərovun məhkəməsi davam edir. Sabiq MTN-çilərin işinə baxan Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev əvvəlki kimi, yenə də jurnalistləri bu məhkəmə prosesinə buraxmır. O, əvvəl pandemiyanı bəhanə gətirirdi. Artıq Nazirlər Kabineti qadağaları ləğv etsə də, hakim bu dəfə heç bəhanə tapmağa ehtiyac durmadan, sadəcə, “buraxmıram” deyərək, məhkəmənin açıqlığı prinsipini pozur. Jurnalistlər də ənənəvi qaydada məhkəmə iclaslarında baş verənlər haqda məlumatları əldə edib yayımlayır.
“Günahım mənə çatacaq pulu tələb etməyimdir”
Bakı Hərbi Məhkəməsində aprelin 26-da keçirilən iclasda Elvar Əliyev bildirib ki, Mövlam Şıxəliyevin biznesini idarə edən Çingiz Ağayev və Yaşar Cabbarovun sifarişiylə həbs olunub, işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, “günahı” ona çatası pulu tələb etməyi, ala bilməyəndə isə oradan uzaqlaşması olub. Buna görə cəzalandırılıb.
“Həmin adamlar Mövlam Şıxəliyevin sifarişi əsasında, onun birbaşa köməyilə böyük və xırda cinayətlər törədiblər. Çingiz Ağayev şəxsən mənə demişdi ki, istənilən işi Mövlam Şıxəliyevin vasitəsilə yoluna qoya bilər”, – Elvar Əliyev bildirib.
“Qaşıq-çəngəli ölkəyə Çindən Çingiz Ağayev gətirirdi”
Zərərçəkmişin sözlərinə görə, o, 2006-2012-ci illərdə Çingiz Ağayevin yanında işləyib. Onun sözlərinə görə, həmin müddətdə Çingiz Ağayev Çin və Dubaydan müxtəlif mallar gətirib Azərbaycanda satırdı:
“Günlərin birində ona dedim ki, əməkhaqqımı ver. Çünki 6 il əməkhaqqı almadan işləmişdim. Qardaşlarımla birlikdə 1999-cu ildən “Sədərək”, “Binə” bazarlarında işləmişik, topdan qaşıq-çəngəl satışıyla məşğul olmuşuq. Qaşıq-çəngəli ölkəyə Çindən Çingiz Ağayev gətirirdi. Biz də ondan götürürdük, satıb pulunu verirdik. 2005-ci ilin axırında məni çağırıb dedi ki, onunla birlikdə işləyim. Mən də razılaşdım…”
Elvar Əliyev deyir ki, 6 il ondan əməkhaqqını almayıb ki, birdəfəlik götürüb ev alsın. Sonradan pulunu istəyəndə ona elə bir məbləğ deyib ki, şoka düşüb:
“6 ilə cəmi 30 min dedi, bu da aya cəmi 420 manat idi. Mən isə 6 il ərzində Çingiz Ağayevin ən azı 60 milyon manatlıq malını gömrükdə qəbul edib, irili-xırdalı ticarətçilərə paylanmasını və pulların yığılmasını təşkil etmişdim. Bunun qarşılığında məni bu şəkildə ələ salmasına etiraz etdim və ondan ayrıldım”.
“Dubayda alışqanların satışından 1 il ərzində 17 milyon dollar pul gəlmişdi”
“Bilirdim ki, Çingiz Ağayevin MTN-dən Mövlam Şıxəliyevlə, Sübahir Qurbanovla çox ciddi və yaxın əlaqələri var. Çingiz Ağayevlə Yaşar Cabbarov Mövlam Şıxəliyevin pullarını Dubaya, Çinə köçürüb orada müxtəlif bizneslərə yatırırdılar”, – zərərçəkən deyib.
Onun sözlərinə görə, bu işlərlə bağlı əlində olan 12 milyon dollarlıq çekləri istintaqa da təqdim edib. Deyir ki, Mövlam Şıxəliyevin pulları hesabına Çində “Arşa” markası ilə qazan və tava istehsal edən fabrik, bundan başqa, “Ronddel” markalı keramik qablar istehsal edən daha bir fabrik də açmışdılar. Bundan başqa, Çində alışqan istehsal edən fabrik vardı:
“Alışqanı Dubayda, Moskvada və Azərbaycanda satdırırdılar. Dubayda alışqanların satışından 1 il ərzində 17 milyon dollar pul gəlmişdi. Moskvada isə alışqan biznesi qat-qat artıq gəlir gətirirdi. Ən kobud hesablamalarıma görə, ildə təkcə alışqan biznesindən 200 milyon dollar gəlir əldə edirdilər. Bu gün Azərbaycanda satılan telefon aksessuarları da bu adamların – faktiki olaraq Mövlam Şıxəliyevin nəzarətindədir. Bu biznes min faiz gəlir gətirir”.
“Çingiz Ağayev mənim pulumu verməyib, özümü də yenidən yanına fəhləliyə qaytarmağa çalışırdı. O zaman heç ağlıma da gətirməzdim ki, o, bu əlaqələrdən mənim həbsim üçün istifadə edə bilər. Çingiz Ağayev məni işə qaytarmaq üçün min oyundan çıxdı. Ona dedim ki, etdiyi haqsızlığın qarşısında geri qayıtmayacağam…”, – zərərçəkən deyib.
“MTN-də söyüb-təhqir etdilər, döydülər”
Elvar Əliyevin sözlərinə görə, onu “Sədərək” ticarət mərkəzində Hacı Elman Əhmədov adlı başqa bir sahibkar yanında işə götürüb. Bu da Çingiz Ağayevin acığına gəlib. Nəticədə Elman Əhmədov və ətrafındakıların da cəzalandırılmasına qərar verilib:
“Hacı Elmana demişdi ki, “baxın sizin başınıza nə oyun açıram”. Bu söhbətdən təxminən 3 ay sonra Hacı Elman mənə zəng elədi, dedi ki, bizi – Etibar Cəfərovu, Balaşirin Babayevi, Seyran Nəcəfovu, Natiq Məmmədovu MTN-ə aparıbar, səni də bura çağırırlar. Mən gecə saat 1-in yarısı MTN-ə getdim. Orada məni Elçin və Mehman adlı MTN-çilər qarşıladılar. Söyüb-təhqir edir, döyürdülər. Mənə dedilər ki, “sən Çingizi elə-belə adam bilirsən?” Məni 3-4 saat amansızcasına döydülər. 3 ay ərzində Hacı Elman Əhmədov, Etibar Cəfərov, Balaşirin Babayev, Seyran Nəcəfov və Natiq Məmmədov da həbsdə oldular. Səbail Rayon Məhkəməsində hakimə dedim ki, 2-ci qrup əliləm, məni qanunsuz tutublar. Qanunsuz həbsimdə sizin də rolunuz olacaq”.
“Həbsimlə bağlı vəsatəti məhkəməyə Baş prokurorun 1-ci müavini Rüstəm Usubov göndərib. Bu gün Rüstəm Usubov da Mövlam Şıxəliyevin yanında əyləşməlidir. Çünki Mövlam Şıxəliyevin qanunsuz həbsimə verdiyi vəsatəti təqdimat yazmaqla qanuni don geyindirən Rüstəm Usubov olub. 3 ay 10 gün qanunsuz, heç bir günahım olmadan MTN-in İstintaq Təcridxanasında saxlanmışam. Orada saxlandığım günlərdə bir dəfə də dindirilməmişəm. Heç bir istintaq hərəkəti aparılmayıb”, – Elvar Əliyev deyib.
“Mövlam Şıxəliyev tapşırmışdı ki…”
Zərərçəkmiş əlavə edib ki, dərmanlara ehtiyacı olduğu halda, ona tibbi yardım göstərilmirdi. Onun sözlərinə görə, general Mövlam Şıxəliyev tapşırmışdı ki, ona dərman verilməsin. Nəticədə səhhətindəki problemlər daha da kəskinləşirdi: “Dəfələrlə yazılı şəkildə müraciət edib, dərman istəmişdim, Mövlam Şıxəliyev müraciətlərimə cavab vermirdi. Mənim həyatımla oynayırdılar. Dövlətin gücündən öz şəxsi maraqları üçün istifadə edirdilər. Müstəntiq Fuad Məmmədov vardı, əgər o, insanlıq edib mənə kabinetində gizlicə dərman verməsəydi, bu gün bəlkə şikəst olacaqdım”.
Elvar Əliyev deyib ki, Mövlam Şıxəliyev MTN-i inkvizisiya zindanına çevirmişdi. Kimi istəyirdilərsə, ora aparıb, nə qədər istəyirdi, döyüb-söyür, hətta öldürə də bilirdi:
“3 ay 10 günün tamamında məni müstəntiq Fuad Məmmədovun kabinetinə apardılar. Orada olanda Balaşirin Babayevi və Seyran Nəcəfovu da kabinetə gətirdilər. Fuad Məmmədov dedi ki, azadlığa buraxılırsınız. Çıxandan sonra bildim ki, Hacı Elman Fuad Məmmədova 80 min manat verib. Sonra haqqımızdakı işi Qaradağ Rayon Məhkəməsinə göndərdilər, bizə cərimə cəzası kəsdilər. Dedilər ki, bir maşın boş qutu gətirək. Sənədləşmə aparsınlar ki, guya qaçaqmalı yandırıblar”.
Zərərçəkmişlər qəzəblənib
Təqsirləndirilən Mövlan Şıxəliyev zərərçəkmişin dediklərini təkzib edib:
“Sən məni tanıyırsan? Kişiliyin olsun…”
Generalın dedikləri zərərçəkmişləri qəzəbləndirib: “Kim də danışsa, sən gərək kişilikdən danışmayasan…”
Nəticədə məhkəmədə gərginlik yaranıb. Məhkəmə prosesi təxirə salınıb.
Xatırlatma…
Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə- qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.
Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.