Azərbaycanda qalan Rusiya vətəndaşları dövlət rüsumuna görə narazılıq edir

“Azərbaycan belə qərar versə belə, bu, siyasi bir qərar olar”.

Source: Foto: sosial şəbəkə


Azərbaycan-Rusiya sərhədində qalan azərbaycanlılar isə onlardan heç bir pul istənilmədiyini deyir

COVİD-19 pandemiyasına görə Azərbaycan vətəndaşlarından Rusiyada, Rusiya vətəndaşlarından isə Azərbaycanda qalanlar var. Sərhədlər bağlı olduğu üçün həmin insanlar ölkələrinə, evlərinə dönə bilmirlər.

Yüzlərlə azərbaycanlı bu gün Samur Keçid Məntəqəsində (SDK) qalıb. Deyirlər ki, onlara həmin ərazilərdə yaşayan azərbaycanlılar kömək edir. Çoxunun pulu da yoxdur, bitib. Buna görə gecələməyə yer tapmaq problemi də yaranıb.

Azərbaycanda qalan Rusiya vətəndaşlarının isə şikayəti fərqlidir. Məsələn, Cavid Sərdarov deyir ki, ölkədə qalmaq müddəti bitib. Dünən Miqrasiya Xidmətinə gedərək 31 manat ödəyib və vaxtı uzadıb. O, burada öz istəyi ilə yox, məcburiyyətdən qaldığını deyir. Əlavə edir ki, buna görə Azərbaycan hökumətinin ondan rüsum tələb etməsi doğru deyil:

“Güzəşt edilməli idi. Çünki bu problem dünyada var və insanların səhvi deyil. Təkcə, Azərbaycan yox, elə Rusiyada da, Almaniya da, başqa ölkələr də nəzərə almalı, güzəştlər tətbiq etməliydilər. İnsanlar plansız şəkildə qalıb burda. Bəlkə birinin pulu bitib, ödəməyə imkanı yoxdur? Bunlar nəzərə alınmalıdır”.

Azərbaycana 1 aylıq gəlib, burada qalan Adil Mehdiyev də eyni cür düşünür. Deyir, həyat yoldaşı ilə martda Azərbaycana gələndən 2 gün sonra sərhəd bağlanıb və burada qalıblar. İndi onlardan adambaşına 31 manat ödəniş tələb edilir. Halbuki heç biri öz istəkləri ilə qalmayıblar:

“Bizdən olsa, çıxıb gedərdik. Üstəlik, maşınla gəlmişəm. Mənə Gömrük Komitəsindən deyirlər ki, maşın üçün aldığım iznin vaxtı bitib. Mən onu sürməməli, bir yerdə saxlamalıyam. Ya da gətirib dövlətin dayanacağına qoymalıyam. Mən istəyərək, keyfimdən qalmamışam ki burada. Üstəlik, evimdən olmuşam onsuz da, bir də maşınımdan olmalıyam? Çox qəliz məsələdir. Gərək indiki dövrdə hamı güzəştə gedə, belə olmaz. Bizi də anlasınlar, çətin durumdayıq”.

Samur Keçid Məntəqəsində qalan azərbaycanlılar isə deyirlər ki, onlardan Rusiya hökuməti hər hansı ödəniş tələb etməyib. Ancaq orada ağır durumdadırlar və Azərbaycana keçmək istəyirlər:

“Pul istəməyiblər bizdən. Ancaq fərqli problemlərimiz var. Məsələn, aramızda bir nəfər ağır xəstə var. Xərçəngdən əziyyət çəkir. Ölümcül haldadır. Yeriyə bilmir, çox ağırlaşıb. Heç olmasa onun keçməsinə izin verərdilər. Rəhmətə gedirsə də, öz ana-atasının yanında olsun. Həqiqətən burda ona çox ağırdır. Sağlam insan dözə bilmir, qaldı, xəstə olsun”.

Miqrasiya məsələləri üzrə hüquqşünas Asima Nəsirli deyir ki, Azərbaycan vətəndaşlarının ölkəyə buraxılmaması qanunsuzdur. Miqrasiya Məcəlləsində də deyilir ki, vətəndaş ölkəyə gəlmək və ölkədən getmək hüququndan məhrum edilə bilməz. Yenə vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunvericilikdə var. Ancaq onun ölkəyə gəlməsinin məhdudlaşdırılması qanunla nəzərdə tutulmayıb:

“Əgər Azərbaycan vətəndaşları karantin dövründə ölkəyə gəlmək istəyirlərsə, lakin onlara bunu etməyə izin verilmirsə, bu qanunsuzdur. Onları ölkəyə buraxmayan dövlət qurumu qanunda nəzərdə tutulmayan qadağa həyata keçirir”.

Azərbaycanda qalan Rusiya vətəndaşlarının durumuna gəlincə, Asima Nəsirli deyir ki, əcnəbilərə yaşayış izni veriləndə dövlət rüsumunun tutulması Azərbaycan qanunvericiliyində var. Azərbaycan yalnız öz vətəndaşlarının sosial müdafiəsi üçün məsuliyyət daşıyır, müvəqqəti yaşayan əcnəbilərlə bağlı öhdəliyi yoxdur. Bu şəxslərin sosial məsələləri ilə onları himayə edən dövlətlər məşğul olmalıdır:

1C0C6326-DA43-4578-8A8D-704F7BD21D50_w1080_h608_s_b.jpg
Asima Nəsirli

“Yəni bu insanların ölkədən çıxışını Rusiya təmin etməlidir. Azərbaycan isə, məsələn, bu insanların ölkədə qalma müddətini uzadaraq kömək edib. Amma bu, qanunvericilikdə nəzərdə tutulmayıb. Onlar Azərbaycanda qalıblar, yaxud ölkələri onları buradan apara bilmir. Azərbaycan buna görə müəyyən güzəştlər tətbiq edir. Birinci uzadanda rüsum tələb edib, ikincisində rüsum istəmir. Pasportunun vaxtı bitmiş şəxslərə də güzəşt edib. Qaldı Rusiya vətəndaşlarının sosial problemlərinə, yenə deyirəm ki, bununla onların öz dövlətləri məşğul olmalıdır. Azərbaycan belə qərar versə belə, bu, siyasi bir qərar olar”.

Asima Nəsirli sonda bildirir ki, Dövlət Miqrasiya Xidməti əcnəbi vətəndaşların Azərbaycanda olma müddətinin uzadılması ilə bağlı ilk dəfə ödəniş istəyir. Amma ikinci dəfə onların ölkədə qalma müddətlərini ödəniş istəmədən uzadır:

“Bu da bir güzəştdir. Qanunvericilikdə nəzərdə tutulmayıb, ancaq edilir”.

Dövlət Miqrasiya Xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSosialAzərbaycanda qalan Rusiya vətəndaşları dövlət rüsumuna görə narazılıq edir