Ekspertlər deyirlər ki, konstitusion və siyasi islahatlara ehtiyac var
Azərbaycanda Prezident seçkilərindən sonra referendumun keçiriləcəyi gözlənilir.
Bu barədə artıq Dairə Seçki Komissiyalarına (DSK) müəyyən tapşırıqların verildiyi də bildirilir.
Adının açıqlanmasını istəməyən DSK nümayəndəsi Meydan TV-yə deyib ki, onlara Prezident seçkisindən sonra referendumun olacağı barədə məlumat verilib, amma konkret tarix deyilməyib.
O güman edir ki, referendum mart-aprel aylarında baş tuta bilər.
Azərbaycanda fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Bir sıra partiya üzvləri və ekspertlər də apreldə referendumun baş tutacağını deyirlər.
“Prezident seçkilərindən sonra referendumun keçirilməsi asan olacaq”
REAl Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli də Meydan TV-yə deyib ki, referendum gözləniləndir:
“Bir neçə gündür ki, bununla bağlı danışırıq, yazırıq. Əlbəttə, referendumun olması normaldır. Çünki idarəetmədə ciddi problem var. Həm struktur, həm də fundamental islahatlara gedilməlidir. Hökumətin səlahiyyət bölgüsündə sərhədlər müəyyən olunmalıdır. 14 iqtisadi ərazi vahidi üzrə də struktur və səlahiyyətlər müəyyənləşməlidir. Siyasi və iqtisadi islahatlara ehtiyac var”.
Onun sözlərinə görə, növbədənkənar Prezident seçkilərindən sonra referendumun keçirilməsi asan olacaq:
“Çünki referendumun nəticələri prezident seçkilərinə təsir etməyəcək. Məsələ ondadır ki, konstitusion dəyişikliklərdən sonra yeni seçki prosesinin olması ehtimalları yarana bilərdi. Amma Prezident seçkilərini önə çəkməklə, bu ehtimallar sıfırlanır və konstitusion dəyişikliklərə daha rahat getmək olar”.
Cəfərli hesab edir ki, ölkənin sosial-iqtisadi problemlərinin səbəbi idarəetmədən qaynaqlanır:
“İdarəetmənin özü problemlərlə dolu olduğundan iqtisadi-sosial sahədə irəliləyişlər əldə etmək mümkün olmur. Məsələn, Azərbaycan iqtisadiyyatı MDB məkanında ən az artım göstərdi, 0,5 fazi ÜDM artımı müstəqillik tariximizdə ən aşağı göstəricilərdən biridir. Deməli, ölkədəki iqtisadi problemlərin həlli iqtisadiyyatda yox, idarəetmədədir. Yəni yerli özünü idarəetmənin, icra hakimiyyəti institutlarında, parlamentin səlahiyyətinin harada başlayıb, harada bitməsindəki qeyri-müəyyənlikdədir, Nazirlər Kabinetinin lazımsız quruma çevrilməsindədir”.
“Bu gün Azərbaycanda nazirlərin səlahiyyəti hökumətin səlahiyyətindən daha çoxdur. Sadaladıqlarım iqtisadi problemlərin həllində məsuliyyət və səlahiyyət bölgüsündə axsamalarla nəticələnir və istisadiyyatdakı dərin problemlərin artmasına gətirir”, – deyə o qeyd edib.
İqtisadçı bildirib ki, bu günə qədər qeyri-neft sektoru, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4 proqram qəbul edilib, 105 milyard xərclənsə də, heç bir ciddi irəliləyişə nail olunmayıb:
“Regionların nə ÜDM-də payı görünür, nə də ixracatda payları artır. Bütün bunlar ona gətirib ki, hətta ərazi inzibati sistemində də problemlər var. Bundan əlavə, müharibənin nəticələri də Konstitusiyada əks olunmalıdır. Çünki müharibədən sonra 14 iqtisadi rayon yaradıldı, amma bu rayonların idarəetmə gücü yoxdur. Onları inzibati ərazi vahidinə çevirmək lazımdır ki, fəaliyyətin fraqmental və effektiv idarəetməsini təmin etmək mümkün olsun. Dediklərim konstitusion islahatlar olmadan mümkün deyil. Əgər hökumət sosial-iqtisadi problemlərin həllini istəyirsə, bu barədə düşünməlidir”.
“Bu seçki siyasi yarış deyil, texniki prosedurdur”
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də son seçkilər və gözləntilərlə bağlı analitik yazı ilə çıxış edib.
O qeyd edib ki, məlum sərəncam mövcud yeni reallıqlarla, o cümlədən Qarabağ probleminin aradan qaldırılması, daxili inzibati sərhədlərin, idarəetmə sisteminin dəyişdirilməsi, parlament quruluşunun proporsional sisteminə keçməsi, parlament çoxluğu tərəfindən seçilən hökumətin statusunun artırılması, hətta parlament idarəetmə sisteminə keçid üçün Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun elanını gözləyən cəmiyyəti heyrətləndirib.
Əliyevin fikrincə, qanunvericilik növbədənkənar seçkilərin keçirilməsi üçün hüquqi əsas yaratsa da, hakimiyyət onun siyasi səbəblərini məntiqi və əsaslı şəkildə izah etməyib:
“Hərçənd 2018-ci ildə hakimiyyət ən azı bir növ növbədənkənar seçkilərə ehtiyacı əsaslandırmağa çalışdı. Seçkilərin təxirə salınmasının rəsmi səbəbləri respublikanın 100 illiyi və humanitar forumla əlaqələndirildi”.
Mehman Əliyev hesab edir ki, gələn il ölkə Prezident seçkilərindən sonra bir sıra əlamətdar hadisələr yaşamalıdır:
“Əliyev seçki xatirinə seçki keçirmir. O, siyasi simbioz strategiyasını rəhbər tutur: gələcək illər üçün sistemin modernləşdirilməsi və sabitliyinin möhkəmləndirilməsi. Bu davranış xətti, şübhəsiz, qarşıda duran Prezident seçkilərində də davam edəcək və seçki prosesi özü müxtəlif hakimiyyət və müxalifət qruplarının siyasi yarışı deyil, praktiki olaraq, texniki prosedur olacaq”.
“Çox güman ki, mühüm dəyişikliklər seçkilərdən sonra olacaq”
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa isə Meydan TV-yə deyib ki, Azərbaycanda yeni dövr və reallıqlar başlayıb.
O, konstitusion islahatların, proporsional seçki sisteminin bərpa edilməsinin mümkün olduğunu söyləsə də, hələ gündəlikdə bu barədə konkret təklif və qərarların olmadığını vurğulayıb.
Fazil Mustafa güman edir ki, 7 fevral seçkisindən sonra islahatların tamamilə başqa istiqamətdə və daha sürətlə gerçəkləşməsi baş verə bilər:
“Həm də islahatlar ona görə vacibdir ki, ərazimiz işğaldan azad olunub, yeni dövr başlayıb və bu mərhələnin ruhuna uyğun dəyişikliklər vacibdir. Bu silsiləni tamamlamaq önəmlidir. Çox güman ki, mühüm dəyişikliklər seçkilərdən sonra olacaq”.