İstər barmaqlıqlar arasında, istər azadlıqda pozulan insan hüquq və azadlıqları, işgəncə və qeyri insanı rəftarla bağlı şikayətlər üçün sizə insan haqları üzrə müvəkkil, ombudsman lazımdır.
“Ombudsmana qədər və sonrakı Azərbaycan. Mənim düşüncəmə görə, 20 il bundan öncə ombudsman təsis olunana qədər Azərbaycanda insan haqlarının durumu daha normal idi”.
Azərbaycanda Ombudsman institutunun yaradılmasından 20 il ötür.
“İşlədiyimiz dövrdə də hamımız sədaqətlə işləmişik. Hamımız qanunumuza uyğun olaraq işləmişik”, – Elmira Süleymanova gülümsəyərək deyir.
İndi isə ombudsmanın insan hüquq və azadlıqları ilə bağlı fəaliyyətini gözdən keçirək.
“Bizim müraciət etdiyimiz adətən axırıncı orqan olur müvəkkil. Bir burada müraciət edək, bəlkə xeyri olar?”Sosial işçi Sənubər Heydərova öz təcrübəsindən çıxış edərkən deyir ki, insan hüquqları ilə bağlı təməl məsələlərdə ombudsmandan geri dönüşlər ala bilmirlər.
“Azyaşlı uşaq öz valideynləri tərəfindən cinsi orentasiyasına görə təzyiqə məruz qalırdı. İşə uşaq inspeksiyası da müdaxilə etməliydi, icra hakimiyyətinin qəyyumluq şöbəsi müdaxilə etməli idi. Psixatriya məsələsi var idi ortada, psixiatrlar rəy verməli idi. Bu məsələləri həll etmədilər. Hal-hazırda bu işlə məşğul olunur, iş gedir. İşin gedişatında yeniliklərlə bağlı sizə məlumat veriləcək. Vəssalam. Yəni, sanki iş görülür. Amma iş görülmür. Uşağın çox yaxın qohumlarından – ailə üzvlərindən biri polis idarəsində işləyir, ona görə polisdə iş getmir”, – Sənubər Heydərova təcrübəsini bölüşür.
“Nə əvvəlki müvəkkil, hörmətli Elmira Süleymanova, nə də indiki ombudsman Səbinə Əliyeva Azərbaycanda istər cəzaçəkmə müəssisələri olsun, istər təcridxanalar, istər digər bir şəraitdə işgəncə faktını təsdiqləmiş olsun. Olubsa da belə, mən xatırlamıram”, – Rüfət Səfərov deyir.
“Elə deyil. Mən də, indiki ombudsman da bu haqda məlumatlar veririk. Özüm də bütün fəaliyyətim dövründə mütləq şəkildə cəzaçəkmə müəssisələrində, polis şöbələrində olmuşuq. İnsanlarla bilavasitə təkbətək görüşmüşük”, – Elmira Süleymanova iddiaları qəbul etmir.
“Müdafiə Xətti”nin həmtəsisçisi, hüquq müdafiəçisi Rüfət Səfərov Ombudsman Aparatının siyasi hakimiyyətdən asılı olub, müstəqil qərar verən bir təsisat olmadığını deyir.
“AXCP sədrinin ictimai əsaslar üzrə mühafizəçisi, həbsdə olan Niyaməddin Əhmədovun işgəncəyə məruz qalması ilə bağlı biz müraciət etdik. Bildirildi ki, baş çəkəcəyik, Milli Preventiv Qrup olaraq maraqlanacağıq ki, işgəncəyə məruz qalıb, yoxsa yox. Dindarlara qarşı eyni münasibətdir. Bilirsiniz, biz hüquq müdafiəçiləri olaraq istəyirik ki, ombudsman bu hallarla bağlı olaraq ölkə ictimaiyyətinə, – parlamenti qoyaq bir kənara-, cəmiyyətə inandırıcı informasiya versin ki, hansı hərəkətlər edilib. Formallıqdan uzaq, konkret faktlara söykənən bir hərəkətlilik ortaya qoysun ki, ombudsmanın bu çağırışları, müraciətləri, müdaxilələri nəticəsində bəzi məsələlər həllini tapıb”, – Rüfət Səfərov deyir.
Siyasi motivli işlərdə vəkillik edən Elçin Sadıqov deyir ki, müvəkkil işgəncə faktlarını nəinki təsdiq edir, hətta onların ört-basdır edilməsində də iştirak edir.
“Ombudsmanın Azərbaycanda insan haqları sahəsində eləyəcəyi köməklik tutaq ki, vəkilin görüşünə imkan yaradılması halları olur. Hansısa otağa isidicinin qoyulması və yaxud hansısa formada müəyyən qədər ərzağın verilməsi. Bu kimi yüngül hallara köməkliyi olur. Amma fundamental insan haqlarının müdafiəsilə bağlı ombudsmanın heç bir səmərəliliyini görməmişəm”, – vəkil Elçin Sadıqov bildirir.
İndi, 20 ildən sonra “Ombudsman təsisatı haqqında” Konstitusiya Qanununa dəyişikliklərin olunması üçün proses başlanıb. Dəyişikliyə görə, ombudsmanın fəaliyyət sferası genişləndirilir. Dövlət və ya bələdiyyə mülkiyyətində olan hüquqi şəxslər, büdcə təşkilatları, onların vəzifəli şəxslərinin yol verdiyi insan hüquq və azadlıqlarının pozuntusunun bərpa edilməsi ombudsmana həvalə olunur.