Azərbaycanda karantin rejimi sərtləşdirilə bilər

Mənbə: Meydan TV

Üç səhiyyə qurumu birgə açıqlama yayıb

Son bir həftə ərzində Azərbaycanda koronavirusa yoluxma hallarının sayındakı artımın 48 faiz təşkil etdiyi bildirilir.

Bu barədə iyulun 8-də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Bildirilir ki, ölkəmizdəki epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır.

Açıqlamada qeyd olunur ki, yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımlar atıla bilər.

Hər üç qurum son günlərdə COVID-19 infeksiyasına yoluxanların sayında artımın müşahidə olunduğuna da diqqət çəkir.

Bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı ötən həftə qlobal olaraq xəstəliyə yoluxma hallarının təxminən 20 faiz artdığını açıqlayıb:

“Dünyada müşahidə olunan yüksək artım fonunda ölkəmizdə həyata keçirilən mühüm preventiv tədbirlər, eyni zamanda, əhalinin vaksinasiya prosesində aktiv iştirakı nəticəsində son bir neçə ay ərzində Azərbaycanda epidemioloji vəziyyətin sabit saxlanılmasına nail olunub”.

“Əlavə olaraq bildiririk ki, respublikamızda virusla mübarizə tədbirləri çərçivəsində mövcud maddi-texniki baza, dərman təchizatı və kifayət qədər çarpayı fondu var”, – deyə açıqlamada qeyd olunub.

Mənbə: Səhiyyə Nazirliyi

Hər üç qurum hesab edir ki, COVID-19 infeksiyasına yoluxmuş şəxslər əksər hallarda xəstəliyi yüngül, lakin bəzi insanlar (yaşı 65-dən yuxarı olan və hər hansı bir yanaşı xəstəliyi olanlar) nisbətən ağır keçirirlər:

“Risk qrupuna daxil olan vətəndaşlara sanitar-gigiyenik qaydalara ciddi əməl etmələri, koronavirusun əlamətlərini hiss etdikdə ilk növbədə sahə həkimlərinə məlumat vermələri və test nümunələrinin götürülməsi üçün müraciət etmələri tövsiyə olunur”.

Səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırır.

Eyni zamanda, vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir:

“Unutmayaq ki, fiziki məsafənin saxlanılması və şəxsi gigiyenik qaydalara əməl olunması virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın yeganə yoludur”.

Koronavirus 2019-cu ilin sonunda ilk dəfə Çində yayılıb.

2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Cari ilin əvvəlindən bütün dünyada olduğu kimi Azərbaycanda da virusa yoluxma halı kəskin enib.

Aprelin 22-də Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq edilən bəzi tələblər ləğv edilib.

Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” imzaladığı qərarə əsasən, ölkədə xüsusi karantin rejiminin müddəti bu ilin iyulun 1-i saat 06:00-dək uzadılıb.

Mayın 1-dən isə tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə tələbi ləğv edilib. Ancaq Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb.
Səbəb kimi pandemiya göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda karantin rejimi sərtləşdirilə bilər