Bundan sonra jurnalist fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manat cərimələnəcəyi bildirilir
Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi qanununu təsdiqləyib.
Qanunla media haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib.
Beləliklə, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olan fiziki şəxslər iki yüz- üç yüz, vəzifəli şəxslər isə üç yüz- beş yüz manat cərimələnəcək.
Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənləri isə 600 manatadək cərimə gözləyir.
Qanun kimlər üçündür?
Görək ölkədə fəaliyyət göstərən müstəqil və xarici media əməkdaşları indiyədək peşə fəaliyyətlərini yerinə yetirərkən kimlərin təzyiqi ilə üzləşib?
Meydan TV müxtəlif media qurumları əməkdaşları arasında sorğu keçirib. Məlum olub ki, ölkədə jrunalistin fəaliyyətinə ən çox maneə törədənlər elə dövlət nümayəndələridir.
Jurnalistlərə müdaxiləni kimlər edir?
“Abzas.net” saytının reportyoru Nərgiz Absalamova deyir ki, onun işini görməsinə ən çox müdaxilə edən polis olub:
“Xüsusən də aksiyalarda polis müdaxiləsi ilə rastlaşmışam. Adi çəkilişlərdə də polislər hər addımda bizi saxlayıb, sorğu-sual edirlər. “Nə var, niyə çəkirsiniz?” sualları verirlər”.
Nərgiz bildirir ki, polis onların küçədə sorğu keçirməsinə də mane olur. Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Elşad Hacıyevə zəng etməsə, küçə sorğusunu davam etdirməyə imkan vermirlər:
“Bir sözlə, küçədə çəkiliş etmək mümkün deyil. O dəqiqə yaxınlaşır, müxtəlif suallar verirlər. Yaxud icra hakimiyyətindən icazə alıb-almadığımızı soruşurlar. Hətta qanunvericilikdə jurnalist gördüyü işə görə izin almamalıdır deyirik, xeyri yoxdur”.
“Bəlkə də dəyişikliklər reyestrdən keçən jurnalistlər üçündür”
Qanuna dəyişikliyə gəlincə, Nərgiz Absalamova bildirir ki, bundan sonra necə olacağını, vəziyyətin düzəlib-düzəlməyəcəyini deməkdə çətinlik çəkir:
“Bəlkə dəyişikliklər reyestrdən keçən jurnalistlər üçündür, bilməz olmaz”.
“Nəinki aksiyalarda, küçə sorğularında da polis müdaxilə edir”
“Toplum TV”-nin əməkdaşı Fatima Mövlamlı da peşə fəaliyyətinə müdaxilənin daim polisdən gəldiyini söyləyir. Bildirir ki, nəinki aksiyalarda, hətta küçə sorğularında da polis müdaxiləsi ilə rastlaşır:
“Ən yaxşı halda, polislər icra hakimiyyətindən icazə almağın vacibliyini xatırladırlar. Ən pis halda isə texniki avadanlıqlarımıza zərər vurur, yaxud fiziki xəsarət yetirirlər. Amma heç bir halda onların cəzalandırıldığını görməmişəm”.
“Qanun daxili və xarici auditoriyaya hesablanan pafosdur”
Fatima Mövlamlı bundan sonra da gözləntilərinin olmadığını söyləyir. Deyir, onlara qanun təsir etməz, yenə eyni qaydada davam edəcəklər:
“Belə qanunlar daxili və xarici auditoriyaya hesablanan pafosdan başqa bir şey deyil”.
“Cərimə olarsa, müdaxilə azala bilər”
“Amerikanın səsi” radiosunun müxbiri Türkan Bəşirli sonuncu dəfə 2022-ci ilin dekabrında çəkiliş zamanı polisin müdaxiləsi ilə rastlaşdığını deyir. O, hadisəni bu gün də xatırlayır. Deməsinə görə, şikayət də edib:
“Ondan sonra aksiyalarda çəkiliş etməmişəm. Kiçik çəkilişlərdə isə elə bir müdaxiləylə rastlaşmamışam”.
Türkan Bəşir ümid edir ki, cərimə halı olarsa, müdaxilələr azala bilər.
“İnzibati və qeyri-inzibati qurumların müdaxiləsi nəzərdə tutulur”
Hüquqşünas Ələsgər Məmmədli deyir ki, qanunda cərimələnməsi nəzərdə tutulan şəxslər yalnız hüquqi baxımdan səlahiyyəti olmayan insanlardır. Yəni burada inzibati və qeyri-inzibati qurumların müdaxiləsi nəzərdə tutulur.
“Məsələn, jurnalist bulvarda çəkiliş edərkən, yaxud müsahibə alarkən, bulvar idarəsinin əməkdaşı icazə vermirsə, müdaxilə edirsə, bu, qanunsuzluq sayılacaq. Çünki qanunvericilikdə bulvarda çəkilişin qadağan edilməsi göstərilməyib. Burada polis də, xüsusi mühafizə xidməti də ola bilər. Deməli, jurnalistin fəaliyyətinə müdaxilə edənlər cərimələnəcəklər”.
Qanuna dəyişiklik işə yarayacaqmı?
Media məhsullarının yayılmasına mane olmağa gəlincə, Ələsgər Məmmədli bildirib ki, hər hansı qəzet köşkündən çap məhsullarının zorla götürülməsi, yaxud qəbul etməmək artıq hüquqi məsuliyyət yaradacaq.
2021-ci ilin sonunda Azərbaycanda “Media haqqında” Qanun parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.
2022-ci ilin fevralında ölkə başçısının qanunu təsdiqləməsilə qüvvəyə minib. Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.
Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.
Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, “Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir.
Beynəlxalq təşkilatlar və o cümlədən Venesiya Komissiyası da qanunla bağlı mənfi rəy verib, ifadə azadlığına müdaxilə sayıblar.
Hazırki dəyişikliyin işə yarayıb-yaramayacağına gəlincə, jurnalistlər düşünür ki, hələlik, bu barədə danışmaq tezdir. Çoxluq isə qanunun müstəqil jurnalistləri qoruyacağına inanmır.