Bir dəfə bir tanış jurnalist xanım qızların orta məktəbdən yayınmaları barədə yazı işləyirdi. Ona respondent kimi məktəbli qızın valideynləri lazım idi ki, bəzi şeylər soruşsun. Xeyli axtarmışdı, amma müsahibə verməyə razı olan adam tapmamışdı. Çox istədim ki, ona kömək edim. Buna görə də, bir qohumumu təklif elədim. Bu qohumun 11 yaşlı məktəbli qızı vardı. Qohum xanıma zəng elədim. Aramızdakı dialoqu təqdim edirəm.
– Filankəs xala, bir jurnalist xanım var, müsahibə almaq istəyir, məktəbli qız valideyni kimi ona müsahibə verərsiz?
– Kimdi, nəçidi, nə danışmalıyam?
– Jurnalistdir, rəfiqəmdir. Məktəbli qızın xərcləri, problemlərindən filandan danışacaqsız.
– Nə qədər pul verəcək?
– Ay xala, müsahibəyə görə pul vermirlər axı.
– Hmm…bala bizim evimiz çox kasıbyanadır ee, utanıram, istəmirəm jurnalist evimizi görsün.
– Neynək, onda siz gəlin redaksiyaya. Yaxındır ki, sizə.
– Bala, yaman yorğunam, ora da gəlmək üçün mən gərək iki avtobus dəyişəm.
– Xala, mən sizə taksi pulu verərəm. Hətta gəlib, taksi ilə sizi redaksiyaya da gətirərəm.
– Nə yaxşı. Amma mən axı uşağı evdə tək qoyub gələ bilmərəm. Gərək onu da götürüm.
– Götürün də.
– Yoxee, qızım, onun bir yaxşı əyni başı yoxdur axı, geyindirim redaksiyaya gətirim, sənin rəfiqən ona bir dəst paltarın pulun versin də heç olmasa.
– Yaxşı, xala, çox sağ olun. Lazım deyil. Başqa adam taparıq.
– Bıy, guya adam tapacaqsız havayı danışacaq?! Heç kimin dədəsinin nökəri yoxdur burda. Mən niyə gəlib havayı danışmalıyam, ondan mənə nə xeyri?!
Nəsə, sağollaşıb, dəstəyi asıram.
Bu hadisə başıma gələn ilk ya da son olay deyil. Dəfələrlə olub ki, respondentlər müsahibə üçün pul tələb edib. Pul tələb eləməyəndə, dəfələrlə olub ki, bir həftə müsahibə almağa razı olmasını xahiş edirsən, bir həftə danışdırırsan, dediyini özu ilə razılaşdırırsan, yazı çıxan günü ”onu yığışdır, mən istəmirəm”, – deyir.
Yeri gəlmişkən, Azərbaycanda respondenti danışdırmaq da bir ayrı hünər istəyir. Ölkədə sənin verdiyin suala birbaşa, dəqiq, adekvat cavab verəcək adamlar tapmaq müşküldür. Sualı “Əsli-Kərəmdən” verirsən, o, sənə Şah İsmayıldan danışır. İki sualın cavabını almaq üçün gərək yüz dənə sual verəsən, hər suala verdiyi qeyri-adekvat, əlaqəsiz, uzun-uzadı cavablara səbrlə qulas asasan. Nəhayət, sualına cavab alandan sonra yazıda o danışdığı əlaqəsix, mənasız şeyləri görməyəndə zəng edib səni rəsmən təhqir edə bilər ki, mənim müsahibəmi niyə kəsmisən. Di gəl, sən bu suala dolayı cavab versən, özünü sadəlövhlüyə qoyan adamların üzünü özlərinin bir şikayəti olanda gör. Necə sərrast, adekvat, əlaqəli danışa bilirlər özlərinə sərf edəndə, lazım olanda.
Sadə vətandaşlardan ən sadə suallara cavab almaq üçün yalvarmaq lazım gəlir, məmurları tapmaq olmur, bəziləri müsahibə əvəzinə rüşvət təklif edir.
Ən pisi də budur ki, insanlarda hələ də internetin, saytın, məqalənin nə olduğu barədə tam məlumat yoxdur. “Arvadımı niyə çəkirsiz, şəklin internetə qoyacaqsız?”, “Yox ee, yox, mən müsahibə verə bilmərəm, iş yerindən problem olar”, “Yox, siz nə danışırsız, ərimin acığı tutar, nə müsahibə”, “Sən məqaləni yazıb, pul alacaqsan, bəs mənim xeyrim nədir, hörmətimi elə, sonra”….
Bizim jurnalistlər bu şərtlər altında işləyir. İnamsızlıq, fürsətçillik, xor baxma…
Təbii ki, kömək etmək istəyən, bəzən özünü, ailəsini, işini təhlükəyə atıb jurnalistlərə kömək edən vətəndaşlar da olur, hətta belə məmurlar da tapılır. Amma ümumi şərtlər ağırdır, çox ağırdır. Üstəlik, ciddi problem işıqlandırdığına, əsl xəbəri verdiyinə görə jurnalisti ad, nüfuz, hörmət yerinə təzyiq, təqib, həbs, yaxınlarının təqibi gözləyir.
Bəlkə də buna görədir ki, jurnalistlərin idealistləri siyasiləşdi, yaxşıları uzaqlaşdı, normalları publisistikaya sığındı, pisləri jurnalistikanı idarə etməyə və onu gündən-günə ölü, dişsiz, bulanıq, yayğın bir şeyə çevirdilər. Ortada isə partizanlar qaldı. Jurnalistikanın partizanları.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.