Azərbaycanda irqçilik varmı?

Azərbaycan Konstitusiyası irqçiliyi qadağan edir.

Source: Мейдан ТВ
Azərbaycanda irqçilik varmı?


Azərbaycanın məşhur futbol şərhçisi İsmayıl Abdullayev canlı efir vaxtı etdiyi irqçi zarafata görə cəzalandırılıb və onun yersiz zarafatı Azərbaycanda irqçiliyin olub-olmaması ilə bağlı ciddi müzakirələrə yol açıb.

İngiltərə “Premier liqası” zamanı canlı efir vaxtı şərhçilərdən biri futbolçu Nqola Kante barədə "Kante geri döndü, özünü oda atdı, amma yanmadı” deyib. Onu bu ifadəsinə İsmayıl Abdullayev “yanasaydı belə rəngi dəyişməyəcəkdi ki"- cavabını verib.

Bu yersiz zarafata ilk "Çelsi"nin Azərbaycanlı fan-klubu rəsmi “Facebook” hesabından bəyanat yayaraq reaksiya verib. Fan-klub bəyanatında "belə bir halın bir daha təkrarlanmamasına ümid etdiyini" bildirib. Daha sonra Abdullayev soaial şəbəkələrdə tənqidə məruz qalıb. Tezlikə şərhçi bir aylığa efirdən uzaqlaşdırılıb.

Lakin onun çalışdığı televiziyanın rəhbərliyi bu məsələ ilə bağlı açıqlama verməyib. Müvəqqəti uzaqlaşdırılması ilə bağlı isə Abdullayev öz “İnstagram” səhifəsində yazıb."Sevinin!!! Bir ay efirdə olmayacam. Qayıdıb-qayıtmayacağımı bilmirəm". Lakin bu, iqçiliyin Kütləvi İnformasiya Vasitələrində özünü göstərdiyi ilk hal deyil.

2016-cı ildə yerli televiziyalardan biri hava proqnozu buraxılışının qaradərili aparıcısını efirdən uzaqlaşdırıb. Buna rəsmi səbəb kimi aparıcının “Azərbaycan dili biliklərinin yetərsizliyi” göstərilib. Lakin cəmiyyət bu qovulmanın əsas səbəbinin Azərbaycan qəzetindəki məqalə olduğunu hesab edib. "Afrikadan gəlmiş azərbaycanlı gözəl" başlıqlı məqalədə kanal hava proqnozunu qaralara həvalə etdiyi üçün tənqid olunur.

Məqalə müəllifinin fikrincə, bu, "pis zövqlülükdür və Azərbaycan qadınının gözəlliyinə laqeydlik və laqeydlikdən doğan mürtədlikdir".

“O, qara deyil, Xose Bernardodur”

Telekanalların birində üç il çalışmış digər bir qaradərili aparıcı Xose Bernardo öz müsahibələrindən birində demişdi ki, onun “mavi ekran”lara çıxışı uşaqlıqdan eşitməli olduğu irqçi rişxəndlərə son qoyub.

"Küçə ilə gedirdim qarşıdan balaca oğlan uşağı anası ilə gəlirdi. Oğlan anasına dedi: "Anaaa, qaraya baax", anası isə cavabında dedi ki, "qara deyil, o, Xose Bernardodur", Bernardo öz müsahibələrindən birində deyib.

Xose Bernardo Azərbaycanda doğulub, böyüyüb. Anası azərbaycanlı, atası kubalıdır. O, Azərbaycan dilində sərbəst danışır və ölkədə tanınmış şəxslərdən biridir. Lakin bu da ona şəxsi həyatında xoşbəxt olmağa kömək etməyib.

Özünün hesab etdiyi kimi, o, "mental düşüncənin qurbanı olub" – sevdiyi qız ona dərisinin rənginə görə yox deyib.

“Rəngdə” multikulturallıq”

Azərbaycan Konstitusiyası irqçiliyi qadağan edir.

Ölkə rəsmiləri tez-tez ölkədəki dözümlülükdən danışırlar və əmin edirlər ki, burda bütün xalqlar birlikdə xoşbəxt yaşayırlar.

Hökumətin təşkil etdiyi bir çox multikulturalizmlə bağlı tədbirlərdə hakimiyyət nümayəndələri ölkədə irqçilik və ya ksenofobiyanın olmadığını bildirir və bütün xalqlar üçün bərabər imkanların olmasını xüsusilə vurğulayırlar.

Bəs, müxtəlif irqlərin nümayəndələri özləri nə düşünür – onlar Azərbaycanda yaşadıqları müddətdə irqçi münasibətlə rastlaşıblarmı?

“Bəzi adamların ərəblərdən zəhləsi gedir. Bilmirəm doğrudur, yoxsa mənə elə gəlir. Bəziləri ərəbləri sevmir, çünki mən bəziləri ilə danışmaq istəyəndə ya cavab vermirlər, ya da çox qəribə davranırlar. Bilmirəm”, Səudiyyə Ərəbistanından olan bir müsahib deyir.

O deyir ki, bəzən qarşısındakı şəxsin cavabından azərbaycanlıların sanki davaya kökləndiklərini hiss edir. O, bunu özünün milli mənsubiyyəti ilə əlaqələndirir.

Nigeriyadan olan tələbənin sözlərinə görə isə "ayrı-seçkilik bütün dünyada var", "bir xarici kimi sən yerlilərin sənə qarşı ayrı-seçkilik etmələrinə fikir verməməlisən".

"Mən sadəcə gülüb keçirəm", o əlavə edir.

AZIZ9673.JPG
Azərbaycan, Bakı şəhəri

“Azərbaycanda sizə zillənib baxacaqlar”

Sosioloq Nail Cəlilin sözlərinə görə, Azərbaycanda irqçilik var, lakin kəskin formada deyil.

"Məsələn, qarışıq nikahlardan doğulan uşaqları övladlığa götürməzlər. Hansısa qaradərilidən uşaq doğulacaq və onu övladlığa götürəcəklər. Bu mentallıq baxımından ziddiyyət yarada bilər", – o deyir.

Sosioloq hesab edir ki, ölkədə irqçiliklə mübarizə aparılmalıdır, bunu isə hökumət etməlidir.

"İnsanların davranışını qanunvericiliklə – bəzən təhsil vasitəsilə, bəzənsə ictimai qınaqla tənzimləmək vacibdir",- sosioloq bildirir.

Hüquq professoru Fərhad Mehdiyev düşünür ki, irqçilik Azərbaycanda önəmli problem deyil, lakin istisna halları da qeyd edir.

“Bizdə bu, daha çox sosial şəbəkələrdə olur. Ərəb mənşəli turistlərə qarşı aşağılayıcı fikirlər irəli sürürlər. Təbii ki, bu, doğru deyil".

Bir turistik saytda verilən suallardan biri belədir: "Azərbaycanda qaradərililərə və şərqlilərə münasibət necədir?"

Birləşmiş Ərəb Əmirliklərindən olduğunu bildirən bir istifadəçi cavabında yazıb: “Yerli olmadığınızı görəndə Azərbaycanda sizə zillənib baxacaqlar. Ancaq mən heç vaxt irqi ayrı-seçkiliklə qarşılaşmamışam. Yerli insanların fərqli həyat tərzi, jestlər və hərəkətlər etdiyini qəbul etməyə hazır olun, yəni bu jestlərin və hərəkətlərin irqçi olub-olmadığına siz qərar verin. Ümumiyyətlə, insanların çoxu nəzakətli və mehribandır ”.

İrqçiliklə qarşılaşmış şəxs nə etməlidir?

Fərhad Mehdiyev deyir ki, sosial şəbəkədə yazılan irqçi ifadəyə görə həmin insana qarşı məhkəmədə iddia qaldırıla bilər.

"Hakim bu iddianı təmin etməyə məcburdur. Təmin etməlidir belə bir iddianı, çünki həqiqətən bu diskriminasiyadır və diskriminasiya da qadağandır”.

Fərhad Mehdiyev həmçinin bildirir ki, "irqi ayrı-seçkilik qadağası məcburidir və heç kim, məsələn, ifadə azadlığına istinad edərək heç kimə qarşı ayrı-seçkilik edə bilməz".

“Bu, ümumbəşəri azadlıq anlayışı ilə insana verilən ən önəmli hüquqlardan biridir. Mən kimisə bəyənməyə bilərəm. Məsələn, deyə bilərəm ki, mən ərəbləri sevmirəm, ya da ingilisləri sevmirəm. Onları sevmək məcburiyyətində də deyiləm. Azad insan hər kəsi sevə bilməz. İnsan kimi sevəcəyini, kimin sevməyəcəyini özü seçir. Ancaq qanun sizə harda ayrı-seçkilik edə bilməyəcəyinizi göstərir. Məsələn, mənim bir yemək otağım, dükanım varsa, bərbərəmsə, xidmətlər göstərirəmsə, heç bir halda irqi ayrı-seçkilik zəminində kiməsə xidmət göstərməkdən imtina edə bilmərəm. Bu yolverilməzdir”.

Ana səhifəSosialAzərbaycanda irqçilik varmı?