Vətəndaşlar xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət edəcək
Azərbaycan
Nazirlər Kabineti
yanında Operativ Qərargahı 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək hərəkət məhdudiyyət ilə bağlı qərar qəbul edib.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yaylb.
Bildirilib ki, qərar koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi daşıyır.
Qərarda aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;
- Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
- mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
- İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;
- dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;
- dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);
- dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;
- hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
- kütləvi informasiya vasitələrinin əməkdaşları;
- Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
Eyni zamanda, dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur); Nazirlər Kabinetinin 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilən istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:
Bildirilib ki, “ASAN Könüllüləri” İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
Bundan əlavə bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:
- təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
- ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;
- yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.
1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
2 rəqəmi – ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);
3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.
Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:
- Azərbaycan vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111),
- Azərbaycanda müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111),
- Azərbaycan ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).
Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.
Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”in) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.
Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər.
Qərarda nəzərdə tutulan qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində gəzdirmələri məcburi qeyd edilir.
Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.
Nazirlər Kabineti əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısını da yayıb:
- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
- “Azəriqaz” İstehsalat Birliyi
- “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
- “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
- “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
- Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)
- Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
- “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
- “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti
- “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
- “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
- Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
- Bakı Nəqliyyat Agentliyi
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
- “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
20. Dövlət Dəniz Agentliyi
21. Dövlət Mülki Aviasiya Agentliyi
22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi
23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri
Məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin
Siyahısı
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
- Təhsil Nazirliyi
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- İqtisadiyyat Nazirliyi
- Maliyyə Nazirliyi
- Müdafiə Sənayesi Nazirliyi
- Energetika Nazirliyi
- Mədəniyyət Nazirliyi
- Gənclər və İdman Nazirliyi
- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
- Dövlət Statistika Komitəsi
- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
- Diasporla İş üzrə Dövlət Komitəsi
- Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
- Qida Təhlükəsizliyi Agentliyi
- Dövlət Turizm Agentliyi
20. Əqli Mülkiyyət Agentliyi
21. Mənzil İnşaatı Dövlət Agentliyi
22. Dövlət Reklam Agentliyi
23. Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
24. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
25. Mərkəzi Bankı, dövlətə məxsus banklar
26. Dövlət Neft Fondu
27. Şəhər və rayon icra hakimiyyəti orqanları
28. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
29. Dənizkənarı Bulvar İdarəsi
30. Dövlət İmtahan Mərkəzi
31. Hesablama Palatası
32. İpoteka və Kredit Zəmanət Fondu
33. Əmanətlərin Sığortalanması Fondu
34. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
35. “Azərkontrakt” Səhmdar Cəmiyyəti
36. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı.