“Fraqmentlər” adlı qısametrajlı bədii film aşıq olan iki androidin hekayəsindən bəhs edir
Azərbaycanda həbsdə olan etnik tədqiqatçı İqbal Əbilovun “Fraqmentlər” filmi İtaliyada “Monza” beynəlxalq kino festivalında “Ən yaxşı elmi-fantastik film” nominasiyasında mükafat qazanıb.
“Monza” kino festivalı hər iki aydan bir müxtəlif kateqoriyalarda fərqli çarpan filmləri seçir.
Süni intellekt mövzusuna həsr olunan “Fraqmentlər” adlı qısametrajlı bədii film 2023-cü ildə çəkilib.
Film aşıq olan iki androidin hekayəsindən bəhs edir.
Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.
Azərbaycandakı milli azlıqlar, o cümlədən talışlarla bağlı araşdırma aparan etnoqraf İqbal Əbilov barəsində 2024-cü il iyulun 24-də Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Özü də milliyyətcə etnik talış olan İqbal Əbilova qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.
İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumatlara görə, İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir. O, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
İqbal Əbilov Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.