Azərbaycanda əlil olmaq…

“Çox ağır vəziyyətdəyik, bizi heç kim eşitmək istəmir”

3 dekabr- Beynəlxalq Əlillər Günüdür. Azərbaycanda əlil olmağın çətinliklərini bilmək istəyiriksə, sadəcə onları dinləmək lazımdır. Bu şəxslərin hüquqlarının qorunması və onlara daha yaxşı imkanların yaradılması, həyat keyfiyyətinin yaxşılaşdırılması dövlətin başlıca vəzifələrindən olduğu halda, elə dövlət səviyyəsində hər addımbaşı ayrı-seçkiliklərlə qarşılaşırlar. İnfrastruktur problemləri, sosial təcrid, təhsil və iş imkanlarının məhdudluğu, sağlamlıq və reabilitasiya xidmətlərinin yetərli səviyyədə olmaması əlilliyi olan şəxslərin həyatını ağırlaşdırır. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 503,6 min nəfərdən çox əlilliyi olan şəxs mövcuddur. Onlardan 456,4 min nəfəri 18 və yuxarı yaşda olan şəxslər təşkil edir:

– I dərəcəli əlillilərin sayı (orqanizmin funksiyalarının 81-100 faizi pozulan) 62,9 min nəfər;

–  II dərəcəli əlillərin sayı (orqanizmin funksiyalarının 61-80 faizi pozulan) 274,4 min nəfər;

– III dərəcəli (orqanizmin funksiyalarının 31-60 faiz pozulan) 119,1 min nəfər təşkil edir.

47,2 min nəfər isə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərdir.  

Azərbaycanda əlillərin hüquqları və onlara düşən sosial təminatlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunla tənzimlənir. Əlilliyin qarşısının alınması, onların reabilitasiyası, təhsili, məşğulluğu, sosial təminatları və sair kimi mühüm məsələləri əhatə edən bu qanunun tətbiqi ilə əlaqədar bir neçə normativ hüquqi aktlar hazırlanıb. Həmin hüquqi aktlarda sözügedən şəxslər üçün sosial müavinətlərdən və təqaüdlərdən əlavə, digər güzəştlər və imtiyazlar, onların yaşayış səviyyəsinin rahat təşkili üçün qaydalar müəyyənləşib.

  • Əmək Məcəlləsinə görə, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (I və II dərəcəli) əlilliyi müəyyən edilmiş işçilərin həftəlik iş saat 36 saatdan çox ola bilməz. 
  • Mənzil Məcəlləsinə əsasən, sosial xidmət sisteminə daxil olan binalarda əlilliyi olan şəxslərin yaşaması üçün imkan yaradılmalıdır.
  • “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əsasən, belə şəxslərin yaşayış yerinə ehtiyacı olduğu halda uçota alınmalı və mənzillə təmin olunmalıdır. 
  • Eyni zamanda elə adıçəkilən qanuna, Şəhərsalma və Tikinti Məcəlləsinə və “İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası”na əsasən, yol-nəqliyyat, yaşayış binaları, pilləkənlər, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər və digər müəssisə və obyeklər, habelə əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları onların rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılmalıdır. 
  • Sözügedən şəxslər reabilitasiya vasitələri ilə təmin edilməli, müalicələri pulsuz təşkil edilməlidir.
  • İnklüziv təhsil almaq imkanları yaradılmalıdır. Ali və peşə/ixtisas məktəblərində pulsuz təhsil isə yalnız şəhid ailələrinin üzvlərinə və müharibə əlillərinə şamil edilir. 

Bir çox sivil ölkənin qanunvericiliyi ilə müqayisədə Azərbaycanda əlilliyi olan şəxslərin güzəşt və imtiyazları çox olmasa da, mövcud olanların icrasında problemlər yaşanır. Yazıda əlilliyi olan şəxslərin yaşayış şəraitinin necə qurulmasına toxunacağıq. Yəni onların mənzil, ev, sığınacaq təminatı, nəqliyyata əlçatanlığı dövlətin qayğı siyasətində necə yer aldığı araşdırılıb. 

Hökumət əlilləri keyfiyyətli həyata layiq görürmü? 

“Bilirsiniz, biz evdən çıxa bilmirik, əsas problemimiz budur. Əgər əlil evdən çölə çıxa bilmirsə, öz probleminin həllinin arxasınca getməyə çətinlik çəkirsə, hansı layiqli həyat şəraitindən danışmaq olar? Sosiallaşmamız üçün heç bir imkan yaradılmır. Çox ağır vəziyyətdəyik, bizi heç kim eşitmək istəmir”.

Bu sözləri MeydanTV-yə biricin qrup əlil Sevda Səfərəliyeva deyib. Onun sözlərinə görə, əgər əlilliyi olan şəxsin qəyyumluq üçün yaxın qohumu yoxdursa, başqa bir baxıcı insanı saxlamaq üçün 500-600 manat pul ödəməlidir. S.Səfərəliyeva bildirib ki, I qrup əlillər isə belə bir imkana malik deyillər. 

Onun fikrincə, əlillərin dərəcələri arasında da ağırlılıq səviyyəsinə görə kateqoriyalaşma getməlidir: “I dərəcə arasında daha ağır əlil olan şəxslər var. İndi Azərbaycanda orqanizmin funksiyalarının 81-100 faizi pozulanların hamısına I dərəcə verilir. Halbuki 100 faizlə 81 faizin ağırlılıq dərəcəsi bir deyil. Amma onları bir dərəcədə təsnifatlaşdırıb hamısına eyni məbləği verirlər. Ən ağır əlilliyi olanlara əlavə ödənişlər edilməlidir. Bir çox ölkədə bu faizlərin özləri kateqoriyalaşdırılır və buna uyğun olaraq əlavə xidmətlər ayrılır. Lakin Azərbaycanda belə əlavə xidmətlər yoxdur. Verilən müavinətlə dərmanlarını, gündəlik istifadə etdiyi tibbi vasitələrini, dolanışıq xərclərini qarşılaya bilmir. Hökumət isə dərmanların heç birini pulsuz ödəmir”. 

Yeri gəlmişkən, həssas qrupdan olan belə şəxslərin keyfiyyətli həyat yaşaması üçün şəxsi yaşayış yerinə malik olması, infrastrukturun onun vəziyyətinə görə uyğunlaşdırılması vacib amillərdən biridir. Hətta qanunda da belə bir sosial təminat nəzərdə tutulub. Lakin hökumətin bu istiqamətdə qayğısı, hələ ki, şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulub. Ərazi bütövlüyü uğrunda sağlamlıqlarını itirən müharibə əlillərinin də hamısı mənzillə təminatda ciddi problemlərlə qarşılaşdıqlarını deyirlər. 

Müsahimiz də deyir ki, 1998-ci ildən ev növbəsindədir: 

“Bizə elə o vaxtdan bildirirdilər ki, müharibə əlillərinin ev təminatı yekunlaşdıqdan sonra digər ehtiyacı olanlara keçəcəklər. Əvəzində yenidən müharibə oldu. Bu gün ağır şəraitdə yaşayan yüzlərlə əlil şəxs var ki, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Yaxşı olardı ki, əlillərin sosial təminatına görə öncəlikləri nəzərə alınsın. Müəyyən növbəliliyə uyğun olaraq, şəhid ailələri və qazilərlə paralel, ehtiyacı olan digər əlillərə də mənzil ayrılsın. Təəssüf ki, bu ölkədə əlillər həyatın ümidinə buraxılıb”.

Ölkə üzrə mənzil və avtomobillə təmin olunan əlil şəxslərin statistikası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladıq. Lakin qurum suallarımızı cavabsız qoydu. 

Rəsmi rəqəmlərdə isə məlumatlar kifayət qədər ümumu verilib. ƏƏSMN-nin hesabatında postmüharibə dövründə (2020-2023) 6 min mənzilin şəhid ailələri və müharibə əlillərinə təqdim edildiyi göstərilir. Həmin dövrdə imtiyazlı şəxslərə ümumilikdə, 14,8 min mənzil verildiyi qeyd edilir.

Dövlət Statistika Komitəsinin hesabatında isə postmüharibə dövründə 13,5 min ailənin dövlət hesabına mənzil əldə etdiyi göstərilir. 

Göründüyü kimi, bu iki dövlət qurumunun rəqəmlərində ciddi kənarlaşma (1300 mənzil fərqi) var. Belə olan halda, ƏƏSM-nin qeyd etdiyi “imtiyazlı şəxslər” kimlərdir? Əgər həmin mənzillərin 6 minə yaxını qazilərə və şəhid ailələrinə verilibsə, digər mənzillər müəyyən imtiyazlı şəxslərə çatıb. Nazirliyin hesabatlarından aydın olur ki, bu “imtiyazlı şəxslər”in isə əlilliyi olan şəxslərə heç bir aidiyyəti yoxdur.  

Sözügedən həssas qrupların daha çox ehtiyac duyduğu avtomillərlə  təminatı da yalnız müharibə əlilləri üçün nəzərdə tutulub.  

Əgər əlilliyi olan şəxsin yaşayış yeri yoxdursa, hara sığına bilər?

Əgər yaşayış yeri olmayan əlil şəxs müvafiq icra qurumlarına müraciət edərsə, o, ahıllar, əlilliyi olan şəxslər və baxımsız uşaqlar üçün nəzərdə tutulan sosial xidmət müəssisələrinə yerləşdirilməlidir. Hazırda respublika üzrə 8 belə müəssisə var, 2 müəssisə isə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün fəaliyyət göstərir. 

8 sosial xidmət müəssisəsində cəmi 1230 yer sayı var. 2023-cü ilin statistikasına görə, orada yaşayanların sayı 846 nəfər təşkil edib. Əlbəttə, bu rəqəmdəki sayın heç də hamısı əlilliyi olan şəxslər deyil. Onların arasında kimsəsiz uşaqlar və ahıllar da yer alır.   

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulan 2 müəssisədə isə cəmi 370 yer sayının 295-də yaşayış mövcuddur.  

Statistika göstərir ki, dövlət tərəfindən əlillərin layiqli həyat şəraiti ilə təmini aşağı səviyyədədir. Mövcud sosial xidmətlərin keyfiyyəti isə müzakirə mövzularından biridir. Çünki  belə müəssisələrdə əlillərə qarşı davranışlarla bağlı görüntülər mütəmadi olaraq, media səhifələrində işıqlandırılıb.  

Müsahibimiz S.Səfərəliyeva deyir ki, yaşayış yeri üçün sığınacaq tapmaq əlilliyi olan şəxslərin böyük problemidir: “Bir dəfə bir əlil üçün yaşayış yeri axtarırdıq. Çünki vəziyyəti çox pis idi. Hara müraciət etdik, alınmadı. Sığınacaq üçün müraciət edəndə isə onu ruhi-əsəb dispanserinə göndərdilər. Hətta ora da valideyni olan şəxsləri qəbul etmirlər. Həmin dispanserə yerləşdirilən şəxslərin isə başına nə oyunlar gəlir, bunları media araşdırmalarında görürük”.

“Bizim üçün problemlər evdən çıxmamış başlayır”

Daha ciddi məsələlərdən biri də infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmamasıdır. Halbuki bu məsələ onları sosial-psixoloji təcriddən qoruyan başlıca faktorlardan biridir. İnfrastrukturun uyğunlaşdırılmaması əlilliyi olan şəxslərin təhsil almasına, sosiallaşmasına, qayğılarını həll etməsinə ciddi maneyədir. Baxmayaraq, qanunda obyektlərin layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması göstərilir, lakin bu müddəa kağız üzərində yazılmış söz olaraq qalır. Buna nəzarət isə Fövqəladə Hallar Nazirliyinin məsuliyyətindədir. 

I qrup əlil Orxan Adıgözəl MeydanTV-yə müsahibəsində deyib ki, onlar üçün problemlər evdən çıxmamış başlayır: “Mən sovet dövründə inşa edilmiş binanın 6-cı mərtəbəsində yaşayıram. Lift isə 6-cı və 7-ci mərtəbənin arasında yerləşir. Liftə minmək üçün gərək kimsə mənə kömək edib qaldırmalıdır. Bizim üçün problemlər evdən çıxmamış başlayır.  Evin içində hamam və tualet buna uyğunlaşdırılmayıb. Küçəyə çıxdıqdan sonra isə bardürlərin, yolların, iaşə obyeklətinin müyəssər olmamaq durumu ilə üzləşirik”.

O.Adıgözəl bildirib ki, problemin kökündə duran səbəb infrastrukturun əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması meyarlarının müəyyən olunmamasıdır: 

“Əlillik dərəcələrinə uyğun olaraq, yol, iaşə və mənzil tikintisində uyğunlaşma ilə bağlı meyarlar yoxdur. Ona görə də, bəzi obyektlərdə pandusları necə gəldi tikirlər, onları istifadə etmək mümkün deyil. Çünki tikintilərin necə həyata keçirilməsi ilə bağlı qaydalar müəyyənləşməyib. Müyəssərliklə bağlı qanunun qəbulu yubadılır. Burada əsas məqsəd əlil olan şəxslərin, bu zümrənin fəal olmağının qarşısını almaqdır”. 

Müsahibimiz nəqliyyat lazım olduqda, taksidən istifadə etmək məcburiyyətində qaldığını deyir: 

“İctimai nəqliyyatdan istifadə etməkdə də problemlər yaşayırıq. Metropolitendə belə bir xidmət var ki, 1 saat əvvəl müraciət etdikdə, onlar evindən gedəcəyin son ünvana kimi müşayiət edirlər. Amma avtobuslardan istifadə zamanı problemlər yaşanır, burada sürücülərin çoxu təlimatlandırılmayıb. Bəzən əlil arabasında olan şəxsləri doğru-düzgün yerləşdirə bilmirlər.  Ona görə də çox vaxt taksidən istifadə edirəm”.

“İnfrastrukturla bağlı yaranan çətinliklər eyni zamanda əlil şəxslərin təhsili üçün də maneə yaradır, sosiallaşa bilmirlər, nəticədə hər şeydən kənarda qalırlar. İnklüziv təhsillə bağlı məsələ aktivdir. Lakin məktəblərin ikinci mərtəbəsinə çıxmağa lift yoxdursa, o zaman inklüziv təhsil də kənarda qalır”,-deyə müsahibimiz vurğulayır. 

Əlillər üçün xoşbəxt ölkə

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Meydan TV-nin ünvanladığı suallara hələ cavab verməyib. 

Sosioloq Rafiq Təmrəzov hazırda Almaniyada yaşayır və bu ölkənin əlillər üçün nəzərdə tutulan təminatlarından istifadə edir. Azərbaycanda yaşayarkən, II qrup əlilik dərəcəsi alsa da, Almaniyada əlilliyin ağırlığına görə kateqoriyalaşdığını deyir: 

“Almaniyada əlil kimi qeydiyyata düşdükdə, vəsiqə verilir. Əlillik faizi müəyyənləşdikdən sonra ağırlıq dərəcəsinə görə kateqoriyalar müəyyən olunur. Məsələn, 90 faiz əlillik alan şəxslər üçün verilən B, C və digər bu kimi kateqoriyalar arasında fərqli yanaşma mövcuddur. Almaniyada əlilliyi olan şəxslərlə məşğul olmaq üçün xüsusi dövlət idarəsi var. Onlar əlillərin yaşamının daha əlçatımlı olması üçün yaşayış yerinin yaxşılaşması istiqamətində tədbirlər həyata keçirirlər. Hətta mənzilinə qədər baxış keçirib, onun hamamı, tualeti, liftdən istifadəsi fiziki-psixoloji durumuna görə uyğunlaşdırılır. Əgər yeriməklə bağlı problemi varsa, xüsusi yataq, əl arabası, xüsusi texniki tibbi avadanlıqlar, geyimlər, ayaqqabılar və sair bu kimi ehtiyaclar dövlət tərəfindən yüksək səviyyədə qarşılanır. Özü də bu xərclər kifayət qədər böyük olur. Məsələn, əlilin xüsusi bir ortopedik ayaqqabıya ehitiyacı olursa, onu yay, qış və ev ayaqqabısı ilə təmin edirlər və bu xərc bir çox hallarda 5 min avronun üstündə olur”. 

R.Təmrəzov sözlərinə görə, Almaniyada əlillərin əmək fəaliyyətinə, sosiallaşmasına çox diqqət yetirilir: 

“Öz təcrübəmdən danışım. Mən Almaniyada mühasibatlıq üzrə ixtisas aldım. Sertifikatı almaq üçün 3 aylıq təcrübədən keçdim. Bundan sonra yeni işdə işəgötürən məni 3 aylıq pulsuz yoxlamalı idi. Mən yeni işə keçəndə əlil olduğum üçün dövlət işəgötürənə yoxlama müddətini keçirməyə icazə vermədi və həmin maaşı müəssisəyə 3 ay ərzində Məşğulluq Agentliyi ödədi. Yəni işəgötürənin hüququ pozulmasın deyə, kompensasiyasını verdi. Bu,  Almaniyada əlillərin məşğulluğu üçün xüsusi şamil olunan hüquqdur”. 

“Almaniyada dövlət qurumları ictimai təşkilatlarla sıx şəkildə əməkdaşlıq edir. Əlillərin nə problemi çıxarsa, onlar həll etməkdə vasitəçi olurlar. Bizdə qeyri-hökumət təşkilatları kimidir, amma modeli fərqlidir-ictimai vəkillik deyirlər. Bu təşkilatlar dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq üçün Almaniya hökuməti tərəfindən maliyyələşdirilir. Dövlət qurumları belə təşkilatların həm ictimai nəzarətindən, həm ictimai vəkilliyindən, həm də məsləhətlər və təkliflər almasından istifadə edirlər”,- deyə müsahib qeyd edib.  

Ana səhifəXəbərlərAzərbaycanda əlil olmaq…