Azərbaycanda daxili dövlət borcu 3 dəfədən çox artıb

Azərbaycan iqtisadiyyatı. Foto: motioncenter/shutterstock

Artımın bir neçə səbəbdən qaynaqlandığı açıqlanıb

2023-cü ildə Azərbaycanda daxili dövlət borcu 3.8 dəfə artıb. Maliyyə Nazirliyinin 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına dair yaydığı məlumatdan belə aydın olur.

Məlumatda bildirilir ki, 2023-cü il dekabrın 31-də daxili dövlət borcu 15866,4 mln. manat olub. Məbləğ 2023-cü ilin əvvəli ilə müqayisədə 11678,2 mln. manat həcmində artıb. Daxili dövlət borcunun ÜDM-ə nisbəti 2023-cü ilin yanvarın 1-də 9,8 faiz artaraq 3,1 faizdən 12,9 faizə çatıb.

İqtisadi paylaşımlar edən “Telegram” kanalı “Çəpəki” yazır ki, 2023-cü ilin əvvəlində Azərbaycanda daxili dövlət borcu 4.2 milyard səviyyəsində olub. İlin sonunda bu rəqəm 15.8 milyard manata yüksəlib, yəni 11.6 milyard manat və ya 3.8 dəfə artıb.

“Daxili borcda artımlar nəticəsində Azərbaycanda daxili dövlət borcunun ÜDM-ə nisbəti 3.1 faizdən 12.9 faizə yüksəlib”.

Artımın bir neçə səbəbdən qaynaqlandığı açıqlanıb. Bunlardan biri ötən il 9.3 milyard manat məbləğində dövlət zəmanətli öhdəliklərin dövlət borcuna aid edilməsidir. Bununla yanaşı, son illər Azərbaycanda xarici dövlət borcunun daxili borcla əvəzləşdirilməsi siyasəti aparılır.

“Artımın əsas səbəbi 9351,0 mln. manat məbləğində dövlət zəmanətli öhdəliklərinin dövlət borcuna aid edilməsi, bununla yanaşı dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövlət istiqrazlarının yerləşdirilməsi olub”, – Maliyyə Nazirliyinin hesabatında deyilir.

Ana səhifəİqtisadiyyatAzərbaycanda daxili dövlət borcu 3 dəfədən çox artıb