“COVID-19-la əlaqədar neqativ dinamika var”
Azərbaycanda son günlər COVID-19 infeksiyasına yoluxma sayı artıb.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilir ki, yoluxanların sayı sağalanlarla münasibətdə çoxdur.
Səhiyyə qurumları vətəndaşlara qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.
“Artımla əlaqədar vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər”, – məlumatda deyilir.
Rəsmi açıqlamada həmçinin qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artmaqdadır.
ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir.
Son bir həftədə dünyada yeni koronavirus infeksiyasına yoluxma hallarının sayı 6,5 milyonu ötüb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 0,7 milyon nəfər çoxdur.
Koronavirus 2019-cu ilin sonunda ilk dəfə Çində yayılıb.
2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
2022-ci ilin əvvəlindən bütün dünyada olduğu kimi Azərbaycanda da virusa yoluxma halı kəskin enib.
Aprelin 22-də Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq edilən bəzi tələblər ləğv edilib.
Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” imzaladığı qərarə əsasən, ölkədə xüsusi karantin rejiminin müddəti bu ilin iyulun 1-i saat 06:00-dək uzadılıb.
Mayın 1-dən isə tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə tələbi ləğv edilib. Ancaq Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb.
Səbəb kimi pandemiya göstərilib.
İyulun 17-nə olan məlumata əsasən, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 190 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
İndiyədək ölkədə ümumilikdə 794 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 998 nəfər müalicə olunaraq sağalıb, hazırda 867 aktiv xəstə var. Bu günə qədər 9 723 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 893, bu günə qədər isə ümumilikdə 7 002 575 test icra olunub.