Azərbaycanda “Azadlıq” şüarı səsləndirmək niyə təhlükəlidir?

Azərbaycanda keçirilən bütün mitinq və aksiyalarda həmişə “Azadlıq” şüarı səsləndirilir. Bu sözdən sonra adətən həmin şəxslər saxlanılır, polis zorakılığı ilə üzləşirlər. Niyə Azərbaycanda “Azadlıq” şüarını səsləndirmək təhlükəlidir?
 Politoloq Azər Qasımlı deyir ki, hakimiyyət “Azadlıq” tələbini özünə qarşı təhlükə hesab edir və ona görə də bu şüarı səsləndirənlərə aqressiv reaksiya verir.
 Hüquq müdafiəçisi Samir Kazımlı bildirir ki, ölkədə vətəndaşların heç bir azadlığı təmin olunmur. Onlar bu tələblə çıxış etdikdə isə polis zorakılığı ilə üzləşirlər.
 Bu vaxta qədər polis zorakılığı ilə qarşılaşan aksiya iştirakçıları hüquq-mühafizə orqanlarına şikayət versələr də, heç bir polis əməkdaşı cəzalandırılmayıb. Ölkə başçısı İlham Əliyev 2013-cü ildə Polis Akademiyasında etdiyi çıxışda heç bir polis əməkdaşını cəzalandırmayacağını bildirmişdi. Politoloq Azər Qasımlı hesab edir ki, polislərin “Azadlıq” tələbi ilə çıxış edən aksiya iştirakçılarına qarşı əl-qolunu açan həm də prezidentin bu çıxışıdır.
 Həbsdə aclıq aksiyası keçirən Saleh Rüstəmovun azadlığını tələb etmək üçün 1 dekabr keçirilən aksiyada iştirak edən Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublu, AXCP üzvü Paşa Dadaşzadə bədən xəsarətləri alıblar. Onlar xəsarətləri polis əməkdaşlarının yetirdiklərini bildiriblər. Amma Daxili İşlər Nazirliyi bunu təkzib edib.
 Mərkəzi qərargahı Böyük Britaniyada olan “Economist İntelligence Unit” beynəlxalq təşkilatı 2020-ci il üzrə açıqladığı “Demokratiya İndeksi” ndə Azərbaycan avtoritar ölkə siyahısındadır.

Ana səhifəReportajAzərbaycanda “Azadlıq” şüarı səsləndirmək niyə təhlükəlidir?