Azərbaycana gətirilən malların aksiz dərəcələrində dəyişiklik edilib (yenilənib)

Neft və dollar. Foto: GAS-photo/shutterstock

Dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib

Nazirlər Kabineti Azərbaycana gətirilən malların aksiz dərəcələrində dəyişiklik edib.
Bu barədə Baş nazir Əli Əsədov fevralın 29-da qərar imzalayıb.

Qərara əsasən, 2024-cü ilin sonuna kimi 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb. Bir ton üçün 200 manatdan 1 manata endirilib.

Həmçinin, qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi də 80 manatdan 1 manata endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə ilin sonuna kimi qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel üçün 15 faiz gömrük rüsumu ləğv edilib.

Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.

Martın 1-dən həmçinin, Rusiya benzin ixracına altı aylıq qadağa qoyub. Azərbaycan həm də Rusiyadan benzin idxal edir.

Bəzi benzin növlərində aksiz dərəcələrinin azaldılması ilə bağlı iqtisadçı Natiq Cəfərli deyir ki, bu qərar aviakerasinə və Aİ 95, Aİ 98-ə aid deyil. Yalnız Aİ 92 və dizel yanacağına aiddir.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Onun sözlərinə görə, qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır. Çünki Azərbaycan istehlak üçün çatışmayan Aİ 92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alır. Bundan sonra başqa ölkələrdən almalı olacaq:

“Bütün bu proseslər zamanı daxildə qiymətlər arta bilərdi. Güzəşt ona görə tətbiq edilir ki, bahalaşma olmasın”.

Natiq Cəfərli deyir ki, qərardan sonra benzin ucuzlaşmayacaq, sadəcə bahalaşmanın önü alınacaq:

“170 illik neftçıxartma və emalı tarixi olan məmləkətimiz hələ də özünü benzinlə təmin edə bilmir. Aİ 95, Aİ 98 markalı benzin ümumiyyətlə istehsal edə bilmirik, Aİ 92 istehsalı isə yetərli deyil. Hətta iş o yerə çatıb ki, Aİ 95-in bir hissəsini Gürcüstandan idxal edirik, təsəvvür edirsinizmi?”

Ana səhifəİqtisadiyyatAzərbaycana gətirilən malların aksiz dərəcələrində dəyişiklik edilib (yenilənib)