Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib
Sentyabrın 12-də Azərbaycan Ermənistan sərhədində baş verən qarşıdurmada tərəflər bir-birini günahlandırır.
Ermənistan tərəf açıqlama verərək Azərbaycan tərəfin təxribat törətdiyini, Azərbaycan tərəf isə əksini iddia edir.
Sentyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə deyib ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törədib. Bildirilib ki, Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə Azərbaycanın mövqelərini mütəmadi atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda da bildirilir ki, sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan tərəf isə açıqlama verərək bildirib ki, sentyabrın 12-də gecə Azərbaycan silahlı qüvvələri Ermənistanın sərhədyanı rayonlarında erməni mövqelərini intensiv artilleriya atəşinə tutmağa başlayıb. Söhbət Qoris və Cermuk şəhərlərindən, eləcə də Ermənistan ərazisində yerləşən Sotk kəndindən gedir. Qarşı tərəf Azərbaycan ordusunun pilotsuz uçuş aparatlarından və minaatanlardan istifadə etdiyini bildirib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib:
“Ermənistan silahlı qüvvələri bununla yanaşı, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub. Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib”.
Məlumatda qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin təxribatının və Azərbaycanın ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, Azərbaycanın hərbi qulluqçularının, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunan mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb:
“Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Habelə, Ermənistan tərəfindən guya Azərbaycan ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatları həqiqəti əks etdirmir və Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır”.
Azərbaycan tərəf bildirir ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan isə əksini iddia edir və baş vermiş silahlı toqquşmada Azərbaycanı günahlandırır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyan da iştirak edib.
Görüşdə sentyabrın 12-də baş vermiş toqquşmada Azərbaycan tərəf günahlandırılıb.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, “Ermənistan Respublikasının suveren ərazisinə təcavüzlə əlaqədar Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi müddəalarının həyata keçirilməsi üçün Rusiya Federasiyasına rəsmi müraciət etmək qərara alınıb”, – mesajda deyilir.
Ermənistanla Azərbaycan arasında münaqişənin yeni mərhələsi 2020-ci ilin payızında başlayıb. 44 günlük qarşıdurmadan sonra Bakı və Yerevan Moskvanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması haqqında saziş imzalayıb.
44 günlük müharibə zamanı Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf bölgələrə nəzarəti bərpa edib.
Həmin dövrdən bu yana tez-tez bölgədən atəş səsləri gəlir və tərəflər bu məsələdə bir-birini günahlandırır.