Tovuz istiqamətində yenidən atəşkəsin pozulduğu bildirilir

Foto: Vladimir Zotov/Shutterstock

Azərbaycan və Ermənistan atəşkəsin pozulmasına görə bir-birini ittiham edir

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsin pozulduğu bildirilir.
Məlumatı Azərbayan Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri tərəfdə yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Ermənistan Müdafiə Nazirliyi isə ötən gecə yaydığı məlumatda bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayətinin bəzi istiqamətlərindən Ermənistan ərazisini atəşə tutub.

Nazilik bildirib ki, Ermənistan-Azərbaycan sərhəddində bu gün səhər saat 10-a olan vəziyyət nisbətən stabildir.

Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədinin Laçın rayon hissəsində hərbi toqquşlamalar baş verib.
Nəticədə hər iki tərəfdən itkilər olub.

Azərbaycan tərəfi 7 nəfər hərbçisinin həlak olduğunu, 10 nəfərin isə yaralandığını, Ermənistan tərəfi isə 1 nəfər hərbçisinin həlak olduğunu, 13 nəfərin əsir düşdüyünü açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, döyüş zamanı 24 əsgərlə əlaqə kəsilib və onların taleyi məlum deyil.
Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edib.

Noyabrın 16-da Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarları ilə telefon danışıqlarından sonra sərhəddə atəşkəs elan olunub.

Ana səhifəSiyasətTovuz istiqamətində yenidən atəşkəsin pozulduğu bildirilir