Azərbaycan və Ermənistan arasında son günlər yaşanan gərginlik

Bu səhər Azərbaycan Kəlbəcər istiqamətində Ermənistan hərbçilərinin Azərbaycan hərbi mövqelərini intensiv atəşə tutduğunu bildirib. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan mövqeləri heç bir səbəb olmadan snayper tüfəngi və müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb. 

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib ki, Azərbaycan Silahlı qüvvələri Ermənistanın şərq sərhədinin bir hissəsini tutublar. O, iddia olunan hərbi irəliləmənin nə vaxt və harada baş verdiyini açıqlamayıb. 

İclasda həmçinin Paşinyan Ermənistan müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib və onun yerinə baş nazirin müavini Suren Papikyanı təyin edib. Onun sözlərinə görə, qərar “dünəndən baş verən hadisələrin təhlilinin nəticəsi olaraq” qəbul edilib.

Azərbaycan Ermənistanın cənubundan keçən yolun daha bir hissəsində nəzarət-buraxılış məntəqəsi yaradır. Ermənistanın Milli Təhlükəsizlik Xidməti noyabrın 15-nə keçən gecədən Qafan-Çakaten yolunda Azərbaycan postunun qurulduğunu açıqlayıb. 

Ötən həftə isə Azərbaycan Gorus-Qafan yolunun öz nəzarətində olan 21 kilometrlik hissəsində nəzarət-buraxılış məntəqəsi yaratmışdı . Bu səbəbdən Ermənistan öz vətəndaşlarına Gorus-Qafan yolundan istifadəni qadağan edib. Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyirdi ki, Yerevan Azərbaycanı Naxçıvana birləşdirəcək xüsusi nəqliyyat dəhlizinə razılaşmadığı üçün Bakı belə bir addım atıb.

Həftəsonundan Azərbaycan-Ermənistan sərhədində müxtəlif insidentlər haqda da açıqlamalar verilib.  Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir. Ötən həftə Qarabağda bir erməni öldürülüb, üçü yaralanıb. Ermənistan vətəndaşının atdığı qumbaradan isə üç azərbaycanlı əsgər xəsarət alıb. Azərbaycan hərbi qulluqçuları və rus sülhməramlılarına əl qumbarası atan Norayr Mirzoyan sülhməramlılar tərəfindən saxlanılaraq Ermənistana təhvil verilib. Daha sonra sosial mediada onun sərbəst olması haqda video görüntülər yayılıb. Daşaltı kəndinin yaxınlığında baş verən hadisə ilə bağlı Azərbaycan Baş prokurorluğunda cinayət işi açılıb. Ermənistan tərəfi məlumatı təsdiqləsə də, təxribatın Azərbaycan hərbçiləri tərəfindən edildiyini və yaralıların olmadığını bildirib.

Bundan başqa Laçın rayonu ərazisində də gərginlik yaşanıb. Azərbaycan Müdafiə Nazirliyindən deyilir ki, noyabrın 14-ü səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bir qrup şəxsi heyəti və texnikası Laçın rayonunun sərhədi istiqamətində cəmləşdirilib, o cümlədən təxribata hazırlıq müşahidə edilib. Ermənistan tərəfi isə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri şərq istiqamətində mövqelərini yaxşılaşdırmağa cəhd ediblər: Sitat: “Aktiv atışma başladı. Erməni hərbçiləri irəliləmək cəhdlərinin qarşısını alaraq ərazidə məskunlaşıblar. Vəziyyət gərgin olaraq qalır”-sitatın sonu.

Ana səhifəVideoAzərbaycan və Ermənistan arasında son günlər yaşanan gərginlik