Sənəddə metan qazının azaldılması ilə bağlı öhdəliklərimiz qeyd olunur
İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycanın Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen imzalayıblar.
İmzalanma mərasimindən sonra Ursula Fon der Leyen deyib ki, sənəd enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək.
Onun sözlərinə görə, Avropa İttifaqı ilkin olaraq Azərbaycandan qaz ixracını iki dəfə artıracaq:
“Bugünkü sənəd vasitəsilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Brüssel üçün çox önəmlidir. Hər il 8 milyard kub metr qazı Avropaya ötürürük, yaxın illərdə onun həcmini 20 milyard kub metrə çatdıracağıq. Gələn il həcmi 12 milyard kub metrə çatdıracağıq və bu Rusiyadan kəsilən qazı kompensasiya etməyə qatqıda bulunacaq və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək”.
Avropa Komissiyasının Prezidenti bildirib ki, memorandumda ikinci əsas məqam bərpa olunan enerji ilə bağlıdır:
“Bu sahədə Azərbaycanın çox böyük potensialı var. Cənab Prezident də bunu qeyd etdi. Bu xüsusilə külək və yaşıl hidrogen sahəsində böyükdür və biz bunları görüşümüzdə ətraflı müzakirə etdik. İmzaladığımız sənədlə bu sahədə dayanıqlı əməkdaşlığımızın əsasını qoyduq”.
Ursula Fon der Leyen deyib ki, Azərbaycan tədricən Avropa İttifaqı üçün enerji sahəsində aparıcı partnyora çevriləcək:
“Həmçinin, bizim qaz sahəsində əməkdaşlığımız iqlim dəyişikliyi ilə bağlı məsuliyyətimizlə ardıcıl olmalıdır. Məsələn, metan qazının azaldılması kimi. Bu sənəddə metan qazının azaldılması ilə bağlı öhdəliklərimiz qeyd olunur. Mən Azərbaycanı təşviq edirəm ki, metan qazından imtina ilə bağlı 119 ölkənin qoşulduğu razılaşmaya da qoşulsun”.
İlham Əliyev isə memorandumu gələcək üçün bir növ “yol xəritəsi” adlandırıb:
“Bizim daha əvvəl planlaşdırdıqlarımızın hamısını həyata keçirdiyimizi nəzərə alsaq, əminəm ki, biz böyük uğur görəcəyik. Bu gün müzakirə etdiyimiz digər məsələlər arasında kommunikasiya, əlaqə də var idi. Azərbaycanın coğrafi mövqeyini və modern nəqliyyat infrastrukturunu nəzərə alsaq, bizim potensialımızın əlaqələndirilməsi istiqamətində daha fəal işləməyimizə ehtiyac var. Çünki burada, Xəzərin qərb sahilində Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına, modern infrastruktura, gəmiqayırma zavoduna, yeni dəniz limanına və bizi bütün qonşularımızla əlaqələndirən dəmir yoluna malikdir”.
İlham Əliyev deyib ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində günəş və külək enerjisi stansiyalarının potensialı 9200 meqavatdır:
“Xəzər dənizinin külək enerjisi potensialı 157 geqavatdır. Beləliklə, bizim həqiqətən də nəhəng resurs bazamız var”.
“Biz əməkdaşlığın müsbət faydalarını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir. Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən və çox etibarlı əməkdaşlıq təbii ki, böyük bir aktivdir”, – prezident deyib.
İlham Əliyevin sözlərinə görə, Avropa İttifaqı və Azərbaycan arasında yeni razılaşma üzərində iş gedir:
“Bu məsələni xanım Prezidentlə müzakirə etdik. Ümidvaram ki, qarşıdakı aylarda bunu tamamlaya bilərik. Əlbəttə bu bizim ikitərəfli əməkdaşlığımıza vacib töhfə olardı”.