“Azərbaycan Türkiyə ilə hərbi-strateji ittifaq sazişi imzalamalıdır”

“Rusiyanın buna qarşı çıxacağı halda isə Rusiya “sülhməramlı” qüvvələrinin müqəddəs torpaqlarımızdan çıxarılması yönündə addımlar atılmalıdır”

Source: Foto: Meydan TV


Partiyalar bəyanat verib

“Rusiya həm də tarixi dərinliyi olan “strateji sənət əsərlərini” – strateji uzantılarını, yəni işğalçı Ermənistanı və qondarma “DQR”-i qoruma altına almışdır. Təbii, burada müdaxilə öncəsi Rusiyanın vertolyotun vurulması ilə təxribat törətməsi və nüvə başlığı da daşıya bilən strateji “İsgəndər-M” ballistik raketləriylə ölkəmizə zərbələr endirməsi ilə hərbi güclə təhdid etməsi də heç vaxt unudulmamalıdır”.

Bu açıqlama Azad Demokratlar Partiyasının aprelin 24-də yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda bildirilib ki, Rusiya “sülhməramlı” qüvvələrinin yerləşdirilməsindən sonra bu günədək üçtərəfli bəyanatın bir sıra maddələrinə əməl olunmayıb:

“Xüsusilə işğalçı Ermənistan ordusunun Dağlıq Qarabağın rus-erməni birliklərinin nəzarəti altında qalan hissəsindən çıxarılmaması, “DQR”-in de-fakto öz fəaliyyətini davam etdirməsi və “özünümüdafiə ordusu”nun buraxılıb tərksilah edilməməsi, üstəlik, “sülhməramlı” kontingentin öz səlahiyyət həddini aşması və məsuliyyət zonasından kənara çıxması, humanitar fəaliyyətdən infrastrukturun bərpasına, tibbi yardımdan inşaata, logistikadan təhsil və dil məsələlərinə, hətta hərbi təlimlərə qədər əlavə işlərlə məşğul olması, müxtəlif adlar altında gətirilən əlavə qüvvələr hesabına Bəyanatda nəzərdə tutulan saydan (1960) qat-qat çoxaldılıb. Yerli ermənilər adı ilə kimliyi bəlli olmayan on minlərlə insanın bölgəyə daşınması, çox sayda hərbi şəhərciklər salmağa başlaması, ölkəmizin nəzarəti altına qaytarılan ərazilərdə (Hadrut) və dövlətlərarası sərhəddə təxribatların törədilməsi bizi, eyni zamanda bütün xalqımızı ciddi narahat etməkdədir. Son zamanlar gələn, ələlxüsus qalıqları Şuşada tapılan strateji “İsgəndər-M” raketləriylə, Zəngəzur istiqamətində dövlətlərarası sərhəddə təxribatların davam etməsi ilə, 9 mayda suveren torpaqlarımızda hərbi parada hazırlıqla, nəhayət, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan çoxsaylı cinayətlərdə, eyni zamanda hərbi cinayətlərdə ittiham olunan və beynəlxalq axtarışa verilən Araik Arutunyanın Moskva səfəri ilə bağlı olan xəbərlər bu narahatlığı daha da artırıb”.

Partiya hesab edir ki, Azərbaycan Türkiyə ilə hərbi-strateji ittifaq sazişi imzalamalıdır:

“Rusiyanın buna qarşı çıxacağı halda isə Rusiya “sülhməramlı” qüvvələrinin müqəddəs torpaqlarımızdan çıxarılması yönündə addımlar atılmalıdır. Yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurmanın qlobal və regional miqyasda həlledici mərhələyə daxil olduğu taleyüklü, çox mürəkkəb, həssas və riskli bir dövrdə olduğumuzu da nəzərə alan Azad Demokratlar Partiyası, bütün Azərbaycan xalqını da bir olan Vətənimiz, milli maraqlarımız naminə birliyə çağırır və bu yöndə davamlı siyasət aparacağını bir daha bəyan edir”.

Oxşar bəyanatla Ədalət Partiyası da çıxış edib. Bəyanatda qeyd olunub ki, üçtərəfli bəyanatın imzalanmasından 5 aydan çox vaxt keçməsinə baxmayaraq, razılaşmanın əksər müddəaları, təəssüf ki, hələ də yerinə yetirilməmiş qalır.

Ədalət Partiyası bu qənaətdədir ki, Qarabağda sülhməramlı adıyla yerləşmiş Rusiya hərbçilərinin erməni terrorçu-separatçılarının sərbəst fəaliyyətinə göz yummaları, özünü bu terrorçu-separatçıların lideri elan edən Arayik Arutyunyanla ilıq münasibətlər qurmaları və hətta onun Moskvaya gizli səfərini təşkil etmələri, həmçinin Azərbaycanın icazəsi olmadan rus hərbçilərinin Qarabağda hərbi parada hazırlaşmaları “sülhməramlı missiya” anlayışına və niyyətinə tamamilə zidd olmaqla yanaşı, açıq şəkildə Azərbaycan dövlətinə hörmətsizliyin ifadəsidir:

“Rusiya tərəfi bütün bunlara aydınlıq gətirməli, rəsmi Bakıdan üzr istəməli, münasibətlərin gərginləşdirilməsinə yol açan belə davranışlara dərhal son qoymalıdır. Əks halda, Azərbaycan ictimaiyyətində Rusiyanın Qarabağa sülhməramlı missiya ilə deyil, öz hərbi-siyasi maraqlarını yerinə yetirmək qəsdiylə yerləşdiyi təəssüratı daha da genişlənəcək və tarixi təcrübədən çıxış edərək, Rusiyanın işğalçı simasında imperialist dövlət kimi bölgəyə qayıtdığını deyənlərin arqumentlərini xeyli gücləndirəcək, son nəticədə isə ölkədə yeni antirus hərəkatının körüklənməsinə rəvac verəcək”.

Ədalət Partiyası Rusiya rəhbərliyini bir daha bölgədə baş verənlər barədə soyuq düşünməyə və Qarabağda həqiqi sülhməramlı missiyasını yerinə yetirməyə çağırmaqla yanaşı, bütövlükdə Qafqazın sülh və sabitlik mərkəzinə çevrilməsi üçün Azərbaycan Prezidentinin təklif etdiyi “Altılıq” formatında əməkdaşlığın inkişaf etdirilməsinin indilikdə region dövlətlərinin hər birinin maraqlarına daha çox cavab verdiyini və bu formatda bərabərhüququlu münasibətlərin qurulmasından da yalnız region xalqlarının qazanacağını bir daha bəyan edir.

Ana səhifəSiyasət“Azərbaycan Türkiyə ilə hərbi-strateji ittifaq sazişi imzalamalıdır”