Azərbaycan Türkiyə ilə də quru sərhədi bağladı (yenilənib)

Mənbə: APA

Türkiyə səfirliyi sərhədi Azərbaycanın bağladığını deyir

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycanla Türkiyənin quru sərhədinin bağlanmasına dair məlumatı təsdiqləyib.

Səfirlik qərarın Azərbaycan tərəfindən verildiyini bildirib.

Qeyd edib ki, sərhədlər sentyabrın 1-nə qədər bağlı qalacaq.


Qərarı Nazirlər Kabineti qəbul edib

Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb.

Dövlət Sərhəd Xidməti Meydan TV-yə Azərbaycan-Türkiyə sərhədinin iyulun 1-dən bağlanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı təsdiqləyib.

Səbəb kimi pandemiya göstərilib.

Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Avtandil Abbasov Meydan TV-yə deyib ki, sərhəd Nazirlər Kabinetinin 20 iyunda çıxarılan 232 saylı qərarına əsasən bağlanıb.

Şöbə müdiri qərarın sentyabrın 1-dək qüvvədə olacağını deyib.

Avtandil Abbasov “sərhəd məhz niyə bu gün bağlanıb?” sualına belə cavab verib: “232 saylı qərara uyğun olaraq sərhəddə işlər təşkil edilib. Qərarda sərhədin bağlanmasının pandemiya ilə əlaqədar olduğu göstərilib”.

Aprelin 22-də Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq edilən bəzi tələblər ləğv edilib.

Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” imzaladığı qərarə əsasən, ölkədə xüsusi karantin rejiminin müddəti bu ilin iyulun 1-i saat 06:00-dək uzadılıb.

Mayın 1-dən isə tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə tələbi ləğv edilib.

Koronavirus 2019-cu ilin sonu Çində yaranıb, dünyaya yayılıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Son zamanlar isə bütün dünyada olduğu kimi Azərbaycanda da virusa yoluxma halı kəskin enib.

Ana səhifəXəbərlərAzərbaycan Türkiyə ilə də quru sərhədi bağladı (yenilənib)