Azərbaycan səfirinin İranın Ali rəhbərinin nümayəndəsi ilə görüşündə insident yaşanıb

Biz İranla qonşu olsaq da, onların dövlət quruluşuna müdaxilə etmirik.

Source: Specify Source


Fazil Mustafa: “Ali nümayəndənin Azərbaycanın daxili işlərinə irad tutması yanlışdır”

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbrizə səfəri çərçivəsində İranın Ali Rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin imam-cüməsi Seyid Məhəmmədəli Al-Haşem ilə görüşüb.

Görüşdə insident yaşanıb.


“Azərtac”

-ın yaydığı məlumata görə, Seyid Məhəmmədəli Al-Haşem səfir Bünyad Hüseynova irad tutub.

O bildirib ki, Kərbəla şəhidlərinin yad edilməsi üçün məhərrəmlik ayında Azərbaycanın müxtəlif şəhərlərində mərasimlər keçirilib.

“Lakin məhərrəm ayında Bakıda mahnı müsabiqəsinin keçirilməsi yaxşı hal deyil”, – Ali rəhbərin nümayəndəsi deyib.

Buna cavab olaraq səfir Bünyad Hüseynov xatırladıb ki, Azərbaycan xalqı məhərrəm ayındakı mərasimləri özünün dini inancına əsaslanaraq keçirir.

“Bu mərasimlərin hansı ölkədə necə qarşılanması Azərbaycan xalqı üçün o qədər də maraqlı deyil. Həmin günlərdə ölkəmizdə musiqili tədbirlərin keçirilməsinə dair söylədikləriniz həqiqəti əks etdirmir. Ümumiyyətlə isə mədəni tədbirləri məhərrəm ayının mərasimləri ilə əlaqələndirmək düzgün deyil” -deyə, səfir deyib.

Bünyad Hüseynov bundan başqa qeyd edib ki, əslində bu il Azərbaycanda yaşayan müsəlmanları, o cümlədən Tehran sakinlərini təəccübləndirən və təəssüfləndirən hadisə baş verib.

“Tasua və aşura günlərində Tehranda 51-ci erməni oyunlarının açılış mərasimi səsli-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunub. Güman edirik gələcək illərdə məhərrəm mərasimlərində belə hadisələrin şahidi olmayacağıq”, – deyə diplomat fikrini yekunlaşdırıb.

“Azərtac” Dövlət İnformasiya Agentliyi oktyabrın 3-də yaydığı məlumatında bir neçə saat sonra dəyişiklik edib. Mətndən səfir Bünyad Hüseynovla Seyid Məhəmmədəli Al-Haşemin söhbətinin məhərrəm ayı ilə bağlı hissəsi çıxarılıb.


“İranın din xadimləri Azərbaycanın müstəqilliyinin əleyhinə fəaliyyət göstəririlər”

Baş verən insidentlə bağlı Meydan TV-ə şərh verən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, Seyid Məhəmmədəli Al-Haşem nə istəyir deyə də, irad da tuta bilər, ulduzlardan da danışa bilər. Sabir Rüstəmxanlının sözlərinə görə, o, İranın Ermənistanla qan qohumluğundan, yaxud qədim sivilizasiya mərkəzi olduğundan da danışar, bir sözlə, nə istəsə deyər.

maxresdefault.jpg
Sabir Rüstəmxanlı

“Amma səfirimiz ona layiqincə cavab verməlidir. Diplomatik danışıqlarda heç kimin qarşısında sədd qoyula bilməz. İranda din çoxdan siyasiləşib, din xadimləri Azərbaycanın daxili işlərinə müdaxilə edib müstəqilliyimizin əleyhinə fəaliyyət göstəririlər. İran mollaları din vasitəsilə millətin beynini yuyurlar, milli duyğularını məhv edirlər. Bunlara vaxtında cavab verilməlidir. İranın yarısı bizimdir. Öz rəsmilərinin etirafına görə ölkədə 40 milyon azərbaycanlı yaşayır. Onlar bizim sözümüzdən ehtiyat etməlidirlər, biz onların yox”.


“İranın bizim hansı quruluşda yaşamağımıza qarışması doğru deyil”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa səfir Hüseynovun haqlı cavab verdiyini söyləyib. Deputat bildirib ki, Azərbaycan və İranın öz qanunları var, ona görə Seyid Məhəmmədəli Al-Haşeminin Azərbaycanın daxili işlərinə irad tutması yanlışdır:

fazil_mustafa_(1).jpg
Fazil Mustafa

“Azərbaycanda rəsmi olaraq iki dini bayram keçirilir, Ramazan və Qurban bayramları. Yəni dünyəvi dövlət olduğumuzdan hər hansı şəkildə qara bayram anlayışı yoxdur. Ayrı-ayrı şəxslərin öz mövqeyi ola bilər, amma dövlətin siyasətində bunlar yer almayıb. Bu baxımdan səfir Bünyad Hüseynovun cavabı doğrudur. Biz İranla qonşu olsaq da, onların dövlət quruluşuna müdaxilə etmirik. Onların da bizim hansı quruluşda yaşamağımıza qarışması doğru deyil. Ən azı bir-birimizə sayğı ilə yanaşmaq məcburiyyətindəyik”.

iran.png
Azərtac-ın sonradan çıxartdığı mətn
Ana səhifəSiyasətAzərbaycan səfirinin İranın Ali rəhbərinin nümayəndəsi ilə görüşündə insident yaşanıb