Azərbaycan Rusiya ilə təkbaşına qalacaqmı?

Cənubi Qafqaz İranla Avropa arasında yoldur və bu bölgəyə nəzarət supergüclər üçün önəmlidir

Source:


Cənubi Qafqaz İranla Avropa arasında yoldur və bu bölgəyə nəzarət supergüclər üçün önəmlidir

Ankarada terror baş verdi və Türkiyə prezidenti Ərdoğan yenidən Bakı səfərini təxirə saldı. Gözlənildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Ankaraya səfər elədi. Heç şübhəsiz ki, indiki qəliz geosiyasi vəziyyətdə İlham Əliyev Moskvanın qəzəbini görməzdən gələ bilməzdi. İstisna deyil ki, ölkə rəhbərinin bu səfəri Moskva ilə razılaşdırılıb. Maraqlıdır ki, İlham Əliyevin Ankaraya səfəri ərəfəsində Rusiya prezidenti Vladimir Putin rusların Suriyadan çıxacağını açıqladı. Öncədən bəlli idi ki, Rusiya Suriyada uzun müddət qalmayacaq və bölgənin iki əsas oyunçusu olan Ankara və Moskva arasındakı yeni danışıqlar başlayacaq. Bu baxımdan, Suriyadan çıxan rus hərbiçilərinin hansı məkana diş qıcıya biləcəkləri sualı aktualdır. İlk növbədə nəzərlər Ukraynaya və daha çox Cənubi Qafqaza yönəlir. Məsələ ondadır ki, Cənubi Qafqaz İranla Avropa arasında yoldur və bu bölgəyə nəzarət supergüclər üçün önəmlidir. Onu da unutmaq olmaz ki, ruslar ordunun döyüş qabiliyyətini və yeni hərbi texnikanı Suriyada sınaqdan çıxartdı. İndi həmin texnika Cənubi Qafqaza yeridilə bilər.

Rusiya Cənubi Qafqazda fəallaşmağa can atır. Suriyadan, Yaxın Şərqdən uzaqlaşan Rusiya Cənubi Qafqazda möhkəmlənə bilər. Türkiyənin isə hədəfində Yaxın Şərq və ölkəsinin federallaşmasının qarşısını almaqdır. “Azərbaycan Rusiya ilə təkbaşına buraxıla bilərmi” sualı da yenidən aktuallaşmağa başlayıb. Rusiyanın Cənubi Qafqazda mövcudluğu Orta Asiya ilə bağlı yeni strateji plana malik olan ABŞ üçün də yolverilməzdir. ABŞ və Rusiya üçün Cənubi Qafqaz mühüm rol oynamaqda davam edir. Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, burada Rusiya hərbi bazaları yerləşir və bu amil Amerikaya qarşı planın tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Bu baxımdan ABŞ Rusiyanın təcrid olunması üçün Türkiyə-Ermənistan yaxınlaşmasının zəruriliyini anlayır və bu həssas məsələdə Bakının mövqeyini nəzərə alacağını nümayiş etdirir.

Bəzi məlumatlara görə, Ankara Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi təklifi üzərində işləyir və İlham Əliyevin Ankara səfəri zamanı “bağlı qapılar” arxasında bu məsələ bir daha müzakirə oluna bilər. Düzdür, bu barədə rəsmi mənbələrdən hər hansı bir bəyanat səslənməyib. ABŞ siyasətçiləri də dərk edirlər ki, Türkiyə bölgədə sülh, beynəlxalq təhlükəsizlik sahəsində müsbət rol oynaya bilər. Lakin ABŞ siyasəti bölgəyə NATO hərbi bazalarının yerləşdirmək arzusundadır. Bu Rusiya və İrana qarşı Azərbaycanın qoyulması demək olardı. Odur ki, rəsmi Bakı bu kimi çağırışlara ehtiyatla yanaşmağa üstünlük verir.

ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti Türkiyə və Azərbaycanın maraqlarına tam cavab vermir, odur ki, Ankara və Bakı bu siyasətdə öz oyunlarını oynamağa cəhd göstərə bilərlər. Bu baxımdan, İlham Əliyevin Ankaraya səfəri maraq doğurur.

Qərb mətbuatında Yaxın Şərqdəki bir çox müsəlman ölkələrinin sərhədlərinin dəyişdirilməsi ilə bağlı Vaşinqtonun planları barədə yazıblar. “Böyük Orta Şərq” adlanan bu layihə Türkiyənin də maraqlarına zərbə vura bilər. Söhbət eyni zamanda, Türkiyə ərazilərinin bir hissəsini də əhatə edəcək hazırda xəyali olan “Kürdüstan” dövlətinin yaradılması layihəsindən gedir. Birləşmiş Ştatların bölgə ilə bağlı öz planları mövcuddur, odur ki, Türkiyə və Azərbaycanın maraqlarına cavab verə biləcək Ankara – Bakı yaxınlaşması sıradan bir məsələ deyil.

Bu baxımdan, Bakının seçimi önəm daşıyır. Bakı anlayır ki, Rusiya Azərbaycanı qazanmaq üçün hətta çevrilişlərə belə gedə bilər. Digər tərəfdən, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı bölgədəki siyasi proseslərdə mühüm rol oynaya bilər. Azərbaycanın ərazi bütövlüyü təhlükə altında olarsa, Ermənistan Rusiyanın dəstəyinə bel bağlaya bilər. Bu baxımdan, Türkiyənin üzərində işlədiyi, “Qərbi Asiya Birliyi” önəmli rol oynaya bilərdi. Buna cavab olaraq, Qərb və Rusiya “Kürdüstan” yaradılması tezisi ilə çıxış edirlər.

Bir sözlə, bölgədə yeni siyasi şahmat partiyasında uğurlu mittelşpil mərhələsi başlayır. Ankara və Bakı bu oyunda əlverişli mövqelər tutmağa səy göstərirlər. Bu baxımdan, Azərbaycanın Türkiyə ilə yaxınlaşması hər iki tərəf üçün bir xilas kəməri kimi dəyərləndirilə bilər.

Lakin Türkiyəni parçalamaq və Ərdoğanı devirmək istəyən qüvvələr terror aktlarını davam etdirə bilərlər. Nəzərə almaq lazımdır ki, ABŞ Türkiyədə yenidən bir terror aktının ola biləcəyini açıqlayıb.

ABŞ şirkətlərinə göndərilən kəşfiyyat məlumatında terror aktının mart ayının 20-də ola biləcəyi ehtimalına yer verilib. Əgər terror davam edərsə, Ərdoğan siyasi labirintə girə bilər. Bu zaman sabiq prezident Abdulla Gül mötədil islamçıların yeni lideri kimi iddiasını ortaya qoya və Fətullah Gülənlə birləşə bilər. Bütün bunlar Türkiyəni parçalanmadan və Azərbaycanı rus ilhaqından xilas edə bilərmi sualı isə açıq qalır. Terrordan heç bir ölkə sığortalanmayıb. O cümlədən də Azərbaycan…

Ana səhifəAnalitikaAzərbaycan Rusiya ilə təkbaşına qalacaqmı?