Azərbaycan polisi seçkidən sonra keçirilən etiraz aksiyalarını zorakılıqla dağıdıb

“Düşünürdülər ki, qarşısı alınmazsa, yeni bir dalğa yaranacaq və buna görə aksiyanı dağıtmağa məcbur oldular” deyə o əlavə edib.

Source: Foto: nidavh.org/Facebook

Parlament seçkilərində sonra çox sayda saxtakarlığa şahid olan bir neçə müxalifət nümayəndəsi və jurnalist aksiyalar zamanı xəsarət alıb.


Durna Səfərova



Eurasianet

” fevralın 11-də Azərbaycanda baş tutan aksiyadan yazır. Məqalədə deyilir:

Parlament seçkilərindən sonra keçirilən aksiyaları Azərbaycan polisi dağıdıb və bununla da ölkədə müsbət islahatlar aparıldığı görüntüsü yaratmağı hədəfləyən səsverməyə kölgə salıb.

Fevralın 11-i günortadan sonra onlarla etirazçı, o cümlədən seçkidə uduzan bir neçə müxalifət namizədi Mərkəzi Seçki Komissiyasının (MSK) önündə oturmaq məqsədilə toplaşıb. Onlar iki gün əvvəl müstəqil müşahidəçilər tərəfindən topa bülleten atılması və eyni şəxslərin bir neçə dəfə səsverməsi kimi çox sayda saxtakarlıq qeydə alındıqdan sonra parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələb ediblər.

Azərbaycanda seçkilər müntəzəm olaraq saxtalaşdırılsa da, buna qarşı etirazlar nadir hallarda baş tutur. Bu dəfə bəzi müxalifətçilər arasında gözləntilər daha yüksək idi. Buna səbəb müxalifətə qarşı məhdudiyyətlərin nisbətən azaldılması və 2015-ci ildə son parlament seçkilərini müşahidə etməyən ATƏT-in müşahidəçilərinin seçkidə iştirak etməsi idi. Bakıda fəaliyyət göstərən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov nəticənin dəyişməməsinə görə narazılıq hissini bildirib.

"İnsanlar hökumətin verdiyi vədlərin dürüst olmadığını başa düşürlər və buna görə məyus olurlar", – o qeyd edib.

Yeni Azərbaycan Partiyası və müttəfiqləri ilə birlikdə parlamentdə ümumi nəzarəti qoruyan Prezident İlham Əliyev səsvermədən sonra nəticələrə şübhə etmək üçün hər hansı bir əsas olmadığını deyərək "Azərbaycan xalqı bu seçkilərdən narazı olsaydı, səslərini çıxarardılar", deyə əlavə edib.

O, bunu Türkiyə parlamentinin üzvləri ilə görüşü zamanı bildirib.

"Bu, bir daha göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və ən önəmlisi də budur" – İ. Əliyev qeyd edib.

Ancaq seçkini uduzan namizədlərin çoxu bu fikirlə razılaşmır.

Namizədlərdən biri Rabiyyə Məmmədova “BBC news azərbaycanca”ya müsahibəsində "ölkədəki ümumi saxtakarlığa, seçkilərdəki saxtakarlığa etiraz edirik", deyib.

Saatlar keçdikcə, etirazçılar soyuqdan qorunmaq üçün yorğana bürünüb və onlara daha çox adam qoşulub. MSK rəsmisi bəzi etirazçıları görüşə dəvət etmək üçün binadan çıxıb, lakin etirazçılar bundan imtina edib. Məmmədova “Eurasianet” saytına bildirib ki, müxalifət namizədləri seçkilərə təşviqat kampaniyası müddətində MSK-ya çox sayda şikayətlər edib, lakin bu şikayətlərə cavab verilmədiyi üçün indi kömək gözləmək mənasızdır.

Rəsmilər etirazı icazəsiz hesab edirlər və gecə polislər hadisə yerinə çağırılıb. Burada onlar çox sayda aksiya iştirakçısını saxlayıblar. Bir neçə nəfər polis tərəfindən döyülərək xəsarət alıb.

"Bir neçə böyük avtobus gəldi, polislər avtobusdan düşüb etirazçılara hücum etməyə başladılar",- jurnalist Aynur Elgünəş aksiyalar haqqında danışarkən deyib. Elgünəş əlavə edir ki, bir ayağından zədə alması onun hərəkət qabiliyyətini azaldıb, bunun üçün də qarışıqlıqdan uzaq olmağa çalışıb. Buna baxmayaraq, bir məmur ona yaxınlaşıb və "cəhənnəm ol" deyib. O, jurnalist vəsiqəsini göstərsə də, bu, heç bir nəticə verməyib.

"O, başıma yumruq vurdu və yıxıldım", – Elgünəş əlavə edir.

"Onda polislər məni təpiklədi … bu, çox incidirdi".

Müxalif Müsavat Partiyasının üzvü Arzulla Buludlu da saxlanılarkən yaralanıb.

"Üç polis mənə hücum etdi",- deyə Buludlu “Eurasianet”-ə bildirib.

"Onlardan niyə belə etdiklərini soruşanda, biri dizi ilə qabırğalarıma təpik vurdu. Yerə yıxıldım və başıma təpiklə vurdu".

Saxlanılan digər şəxslər polisdən onun üçün təcili yardım çağırılmasını tələb etsələr də, onlar bundan imtina ediblər. Sonda onu xəstəxanaya aparıb polis nəzarəti altında müayinə ediblər.

"Həkimlər ən az üç gün xəstəxanada yatmalı olduğumu dedi, ancaq polis həkimlərə qışqıraraq xəstəxanadan çıxmalı olduğumu söylədi".

Namizəd Məmmədovanın isə əli qırılıb. Müsavat Partiyasının üzvü və “bastainfo.az” saytının baş redaktoru Mustafa Hacıbəyli də döyülüb və üzündəki göyərtilərin fotolarını paylaşıb. Digər bir jurnalist Sevinc Vaqifqızının üzü və qolu əzilib. ATƏT ən azı səkkiz jurnalistin xəsarət aldığını bildirib.

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir fevralın 12-də verdiyi açıqlamada "Dünən gecə baş verən həbslərdən, zorakılıq hadisələrdən və hüquq-mühafizə orqanlarının nümayəndələrinin pis rəftarından çox narahatam",- deyə açıqlamasında bildirib.

Xaosun görüntüləri və videosu sosial mediada geniş yayılıb, lakin polis heç kimin xəsarət almadığını deyir.

Elgünəş, aldığı xəsarətlər barədə şəxsən Bakı ŞƏhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevlə danışdığını deyir.

"Mən onu çağırdım və başımıza gələnləri söylədim" deyə Elgünəş əlavə edir.

Polis sonda askiya iştirakçılarını zorla avtobuslara dolduraraq şəhər mərkəzindən iki saat uzaq məsafəyə aparıb.

“Bütün bu vəhşiliklər edilməsəydi, hakimiyyət çox şeymi itirəcəkdi?" – Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli “Facebook”-da yazıb.

“Hüququ qoyun bir kənara, onu çoxdan tapdalayıblar. Ancaq bu gün ölkənin idarə olunmasında hüquqla birlikdə ağıl və məntiq də iştirak etmir”.

"Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Qurbanov isə bildirib ki, hakimiyyət əvvəlcə etirazçıların aksiya keçirməsinə icazə verib, lakin daha çox insanın gəlməyə başlamasından və hadisəni daha çox insanın canlı izləməsindən narahatlıq duyub.

"Düşünürdülər ki, qarşısı alınmazsa, yeni bir dalğa yaranacaq və buna görə aksiyanı dağıtmağa məcbur oldular" deyə o əlavə edib.

"Həmişə olduğu kimi, hökumət küçə etirazlarından çox qorxur, çünki bunu hər zaman inqilaba potensial hazırlıq kimi görürlər" deyə politoloq və Oksford Universitetinin akademiki Leyla Əliyeva bildirib.

“Etirazçılar əslində hökumətin öz tərkibinə cəlb etməli olduğu yeni elita, gənc və təhsilli insanlardır. Lakin bunun əvəzinə onları daha çox müxalif olmağa sürükləyirlər".

Ana səhifəSiyasətAzərbaycan polisi seçkidən sonra keçirilən etiraz aksiyalarını zorakılıqla dağıdıb