Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilərlər
“Henley & Partners” şirkəti dünya ölkələrinin vizasız rejim imkanlarını əks etdirən Pasportlar İndeksini dərc edib.
İndeks 2019-cu il oktyabrın 1-ə olan vəziyyətə uyğun formalaşıb.
“Turan” İnformasiya Agentliyinin şirkətə istinadən məlumatında deyilir ki, Azərbaycan ötən dövrlə münasibətdə iki pillə irəliləyərək 76 yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilərlər.
İndeksdə birinci yerdə iki ölkə yerləşir – Yaponiya və Sinqapur. Bu ölkələrin pasportları 227 mümkün istiqamətdən 190-na vizasız səfər etmək imkanı verir. İkinci yeri Almaniya, Finlandiya və Cənubi Koreya bölüşür – 188 vizasız ölkə. Üçüncü yerdə əvvəlki kimi Danimarka, İtaliya, Lüksemburq gəlir – 187 istiqamət.
Cənubi Qafqazda ən yüksək yer Gürcüstanındır. Ölkə indeksdə 50-ci yeri tutur, onun vətəndaşları 114 ölkəyə səfər edə bilir. Ermənistan isə 60 ölkə göstəricisi ilə 81-ci yerdədir.
İndeksdə sonuncu 107-ci yerdə Əfqanıstan qərarlaşıb. Bu ölkənin vətəndaşları 25 ölkəyə vizasız gedə bilərlər.
“Henley & Partners” şirkətinin Pasportlar İndeksi vətəndaşlarına verdikləri yerdəyişmə azadlığı səviyyəsinə görə ölkələrin beynəlxalq reytinqidir. İndeks 2006-cı ildən etibarən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birlikdə dərc edilir.
Bölgədə Gürcüstanın Azərbaycandan üstün mövqe tutmasını ekspertlər bu ölkənin daha çox dövlət üçün vizanı ləğv etməsində və cavab olaraq həmin ölkələrin Gürcüstan vətəndaşlarına vizasız rejim tətbiq etməsində görürlər.
Bu mənada ekspertlər Azərbaycanı özünü təcrid etməkdə günahlandırırlar və buna misal kimi
Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı
iştirakçıları arasında (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus, Moldova) AB vətəndaşları üçün viza rejimini aradan qaldırmayan yeganə ölkə olduğunu göstərirlər.