Vasitəçilik uğrunda Brüssel və Moskvanın rəqabəti nələri vəd edir?
Azərbaycan Dövlət Sərhəd Xidməti aprelin 24-də məlumat yayaraq, bir gün əvvəl, yəni aprelin 23-də Ermənistanla sərhəd ərazidə, Zəngilan rayonu istiqamətində erməni diversiya qrupunun təxribat törətmək cəhdinin qarşısının alındığını, qrupun bir üzvünün saxlanıldığını bildirdi.
Sərhəd xidməti qeyd edib ki, bu təxribat sərhədlərin delimitasiya edilməsi üçün komissiyanın yaradılmasının əleyhinə yönəlib.
Azərbaycanla Ermənistan arasında belə bir komissiyanın yaradılması barədə razılıq iki ölkə liderinin Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə əldə edilmişdi.
Brüssel görüşünün nəticələrinə pessimist yanaşan ekspertlər Ermənistan Baş naziri Nikol Paşinyanın Şarl Mişel və Vladimir Putinlə görüşlərdən sonra fərqli bəyanatlar verdiyini qeyd edirlər. Buna misal kimi, Brüsseldə görüşdən sonra Qarabağda yaşayan ermənilərə hər hansı bir status məsələsi yada salınmadığı halda, Nikol Paşinyan Moskvadan geri döndükdən sonra bu məsələnin prinsipial olduğunu qeyd etdi.
Buna cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev Şuşada dünya azərbaycanlılarının qurultayında çıxışı zamanı Ermənistanla danışıqların yalnız rəsmi Bakının təklif etdiyi beş prinsip əsasında aparılacağını dedi.
Bununla paralel olaraq Şarl Mişel də Brüsseldə vasitəçi kimi əldə etdiyi üstünlüyü əldən verməmək üçün danışıqlara başladı. Rusiya Prezidenti Vladimir Putinlə dünyanın hazırda ən qlobal problemi olan Ukraynayla müharibəni müzakirə edərkən, Qarabağ məsələsinə də toxunub. Kremlin yaydığı məlumata əsasən, Vladimir Putin Şarl Mişelə üçtərəfli bəyanatları xatırladıb. Ekspertlər bunu Putinin Brüsselə, vasitəçi kimi yalnız Rusiyanın ola biləcəyi xəbərdarlığı kimi qiymətləndiriblər.
Putindən sonra Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə telefon danışığı aparıb.
Bütün deyilənlərə nəticə kimi qeyd etmək lazımdır ki, Brüssel və Moskvanın Azərbaycan və Ermənistan arasında problemin həllində əsas vasitəçi olmaq üçün rəqabəti göz önündədir. Amma bir sıra politoloqlar Rusiya və Avropa İttifaqının bu məsələdə rəqib yox, tərəfdaş olduğu qənaətindədir.
“Brüsselin Moskvadan fərqli olaraq Yerevana təsir göstərmək imkanları daha məhduddur”
Meydan TV-ə məsələni şərh edən politoloq İlqar Vəlizadə qeyd edib ki, məsələyə ağ-qara prinsipi ilə yanaşmaq düzgün olmazdı.
“Nə qədər paradoksal olsa da, Rusiyanın da xeyri dəyə bilər, eyni zamanda, Avropa İttifaqının da. Hazırda regionda hər iki tərəfin maraqları kəsişir və hər iki tərəf regional iştirakçılarla münasibətlərini tənzimləmək istəyirlər”, – o deyib.
Politoloq hesab edir ki, Brüsselin Moskvadan fərqli olaraq Yerevana təsir göstərmək imkanları daha məhduddur.
O, həmçinin düşünür ki, Ermənistan Rusiyadan çox asılı olduğundan, Nikol Paşinyanın qərbə istiqamətli açıqlamalarına baxmayaraq, rəsmi Yerevan Moskvadan çox uzağa gedə bilməyəcək.
Bununla paralel olaraq, politoloq qeyd edib ki, Azərbaycan sülh sazişinin imzalanmasında Avropa İttifaqının səylərini dəstəkləməlidir, belə ki, Rusiya beynəlxalq legitimliyini itirən tərəfdir və beynəlxalq müstəvidə bu legitimlik tədricən zəifləyir.
“Avropa isə nüfuzlu oyunçudur, həm ATƏT, həm də beynəlxalq səviyyədə. Bu mənada Avropanın moderatorluğu ilə əldə olunan razılıqlar daha effektli və legitim ola bilər”, – İlqar Vəlizadə bildirib.
Bununla belə, politoloq da razıdır ki, Moskva səfərindən sonra Paşinyanın ifadələri dəyişib, çünki Brüsseldə Minsk Qrupu ifadəsi olmadığı halda, Moskva görüşündən sonra yayılan birgə bəyanatda Minsk Qrupu, Dağlıq Qarabağ ifadələri yer alıb.
“Yaxud sülhməramlıların xüsusi rolu qeyd olunub, amma Brüssel görüşündən sonra Şarl Mişelin açıqlamasında bunlara rast gəlmədik. Əlbəttə, Yerevan Azərbaycanın iştirakıyla aparılan danışıqlarda bəzi şərtləri qəbul etməyə məcburdur. Ancaq Azərbaycan danışıqlarda olmayanda Ermənistan daha çox öz maraqlarını ifadə etmək istəyir və istədiyi formulları müxtəlif sənədlərə daxil etməyə nail olur”, – politoloq vurğulayıb.
İlqar Vəlizadə qeyd edib ki, 24 fevraldan da əvvəl Brüssellə Moskva arasında digər məsələlərdə kifayət qədər ziddiyyət olsa da, Qarabağ məsələsində eyni mövqe var idi.
“İndi münasibətlər daha da gərginləşib və mürəkkəbləşsə də, Cənubi Qafqaza eyni baxışla yanaşmasalar da, amma unikal həmrəylik göstərirlər. Bunun izahatı odur ki, Rusiya və Avropa İttifaqı müharibənin, ya da münaqişənin alovlanmasını istəmirlər. Çünki hər iki tərəfə ziyan gətirəcək”, – İlqar Vəlizadə hesab edir.
O, misal kimi Avropa İttifaqı üçün bu ziyanın enerji dəhlizlərinin effektiv şəkildə işlənməsinin sual altına düşməsini qeyd edib. Bundan başqa, onun fikrincə, nəqliyyat dəhlizlərinin effektivliyi aşağı düşəcək ki, bu da Avropa İttifaqının maraqlarına cavab vermir.
“Eyni zamanda, Rusiya nəqliyyat dəhizlərinin işlənməsində maraqlıdır. Çünki Rusiyanın qərb istiqamətində işləyən bütün əlaqələri dayanıb, yeganə münasib marşrut Azərbaycandan keçir. Bu, həm şimal-cənub dəhlizi, həm Yaxın Şərq, Türkiyə və hətta Şimali Afrika ölkələri ilə əlaqələrdir. Rusiya üçün quru nəqliyyatından istifadə etmək vacibdir və bunlar da Azərbaycandan keçir. Mümkün münaqişə isə bunun üstündən xətt çəkəcək ki, bu da öz növbəsində Rusiyanın həmin bazarlara və tərəfdaşlara çıxışlarını xeyli mürəkkəbləşdirəcək”, – politoloq deyib.
“Brüsselin vasitəçiliyi Azərbaycan üçün daha məqbuldur”
Digər bir politoloq, Azər Qasımlı Meydan TV-yə bildirib ki, Brüssel və Moskva görüşlərinin fərqi ondadır ki, Avropa İttifaqı İlham Əliyevlə Nikol Paşinyan arasında olan danışıqlarda təkanverici qüvvə kimi görünür, amma Rusiya isə əksinə, özünü danışıqların bir tərəfi kimi aparır.
“Məsələn, dövlət başçılarının Brüssel səfərindən əvvəl Moskva onları Soçiyə çağırır. Yaxud Paşinyan qayıdandan sonra Azərbaycanla münasibətlərin yaxşılaşması üçün bəyanatlar səsləndirəndə Moskvaya çağrılır”, – Azər Qasımlı xatırladıb.
Politoloq deyib ki, Moskvanın Paşinyana təsiri göz önündədir, belə ki, Baş nazir Brüsseldən sonra bir bəyanat, tələsik Moskva səfərindən sonra isə tamam başqa bəyanat verir.
“Eyni zamanda, Yerevanda Rusiya dəstək aksiyaları keçirdir və Azərbaycanla Türkiyənin bayraqlarını yandırırlar. Bunlar Rusiya tərəfindən təşkil olunan proseslərdir. Aydındır ki, Paşinyana ölkə daxilindən Rusiyayönümlü müxalifət və Putin tərəfindən elə ciddi təzyiq göstərildi ki, vəziyyət Brüsseldən əvvəlki nöqtəyə qayıtdı”, – politoloq bildirib.
Azər Qasımov hesab edir ki, Azərbaycan üçün Brüsselin vasitəçi olması daha məqbuldur.
“Ermənistanla Azərbaycan arasındakı problemlərin çözülməsinə məhz Brüsseldə olan platforma daha uyğundur. Çünki o platformada heç kəs bizə yol göstərmir, göstəriş vermir. Bəli, Qarabağda olan erməni əhalisinin gələcəyi ilə bağlı Paşinyanla danışmaq lazımdır. Amma əsas problem Qarabağda Rusiya sülhməramlılarıdır, bunu Moskvayla danışmalıyıq”, – o deyib.
Politoloq vurğulayıb ki, Rusiyanın hərbi kontingentinin gələcəkdə bölgədən necə və hansı şəraitdə çıxırılmasını Moskva ilə müzakirə etmək lazımdır və bu baxımdan Rusiyayla əlaqələri qopartmaq olmaz.
“İki formatda danışıqlar olmalıdır, Azərbaycan-Rusiya, Azərbaycan-Ermənistan”, – Azər Qasımov vurğulayıb.