Azərbaycan Müdafiə Nazirliyi: “Qərb Ermənistanı təxribatlara həvəsləndirir” (yenilənib)

Foto: Müdafiə Nazirliyi

Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatını anlaşılmaz hesab edir.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatı ilə bağlı şərhində deyilir.

Ani Badalyan Ermənistan hökumətinin Azərbaycan tərəfinə ünvanlandığı təklifləri cavabsız buraxmaqda ittiham edib:

Sərhəd insidentlərinin və yaxud onlar haqqında məlumatların araşdırılması üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılması ilə bağlı Rəsmi Yerevan tərəfindən diplomatik kanallar və açıq şəkildə verilən təklifləri Rəsmi Bakı cavabsız qoyub. Belə bir mexanizmin işə salınması istənilən vəziyyətə aydınlıq gətirməyə və reallığa uyğun gəlməyən məlumatların yayılmasının qarşısını almağa imkan verərdi”.

Eyni zamanda, Ermənistanı savaş ritorikasına sürükləmək cəhdləri də qəbuledilməzdir. Ermənistan hökuməti sülh gündəminə sadiq qalmaqda davam edir və bu strategiyadan kənara çıxmayacaq”-deyə Badalyan əlavə edib.


“Bütün bunlar Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”


Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi ilə bağlı bəyanat yayıb.

Nazirlik bu kimi təxribatları birinci hal saymır və davamlı xarakter daşıdığını bildirir:

“Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”.

Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər:

“Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. Regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir“.

Ermənistan tərəf iddialarla bağlı hələ ki, açıqlama verməyib.

Ana səhifəSiyasətAzərbaycan Müdafiə Nazirliyi: “Qərb Ermənistanı təxribatlara həvəsləndirir” (yenilənib)