Rusiyalı deputat İnterpol xəttilə axtarışa verilib
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Mixail Delyagin haqqında Azərbaycanda cinayət işi başlanıb. Onun təqsirləndirilən şəxs qismində tanınıb və barəsində məhkəmənin qərarıyla qiyabi həbs qətimkan tədbiri seçilib. Delyagin İnterpol xəttilə beynəlxalq axtarışa verilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Prokurorluq belə nəticəyə gəlib ki, Delyaginin Azərbaycanla bağlı əməllərində Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silah və ya silah qismində istifadə olunan predmetlərdən istifadə edərək hədələməklə terrorçuluq), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri var. Bu cinayət işi üzrə araşdırmaların aprılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Mixail Delyagin martın 28-də “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycan əleyhinə çağırışlar etməkdə ittiham olunur.
“Mixail Delyagin Azərbaycana qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edib. Ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edib. Sosial media platformasında bu barədə kütləvi sorğu keçirib”, – prokurorluğun məlumatında bildirilir.
Azərbaycan prokurorluğu Delyaginlə bağlı bir sıra tərəfdaş dövlətlərə də müraciət edib: “Tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutulub istintaqa cəlb edilməsi üçün Azərbaycana verilməsi məqsədilə müraciətlər göndərilib. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir”.