Serbiyadakı oyundan qol səsi çıxmadı
Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. İtaliyalı baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi milli komanda Belarus yığması ilə qarşılaşıb.
Oyun Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilib. Bunun səbəbi Belarusun Ukraynaya hücum edən Rusiyanı dəstəkləməsinə görə UEFA tərəfindən cəzalandırılmasıdır.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Belarusun yığma komandaları və klubları ev oyunlarını neytral ölkədə keçirməlidir, həmin qarşılaşmalarda azarkeşlər iştirak etməməlidir.
Beləliklə, Belarus – Azərbaycan matçı neytral meydanda, boş tribunalar önündə keçirilib. Oyun isə qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Bu oyunda qazanılan 1 xal Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk xalı olub.
Azərbaycan millisi Millətlər Liqasının 1-ci turunda səfərdə Qazaxıstan yığmasına 0:2 hesabı ilə məğlub olmuşdu.