Azərbaycan media indeksində qonşularından yenə də geridə qaldı

Media azadlığı. Foto: Reuters

Ölkə Əfqanıstan və Pakisanla eyni sırada yer alıb

“Sərhədsiz Reportyorlar Təşkilatı” (RSF) 21-ci Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb

Təşkilat qeyd edir ki, yeni hesabat dünyada siyasi, sosial və texnoloji sarsıntılarla əlaqəli əsas dəyişikliklərə işıq salır.

Hesabatda 180 ölkədəki mətbuatla bağlı vəziyyət qiymətləndirilib.

İndeksə əsasən, 31 ölkədə vəziyyət “çox ciddi”, 42 ölkədə “çətin”dir. 

55 ölkədə mətbuatın vəziyyəti “problemli”, 52 ölkədə isə “yaxşı” və ya “qənaətbəxş” hesab edilib. Bir sözlə, jurnalistika mühiti hər on ölkənin yeddisində “pis”, üçündə qənaətbəxşdir.

Azərbaycan və qonşuları 

Azərbaycan sıralamada 180 ölkə arasında 151-ci yerdədir.

Bu göstərici ilə ölkə Pakistan və Əfqanıstan arasında qərarlaşıb.

Azərbaycanın qonşularına gəlincə, Ermənistan indeksdə 49, Gürcüstan 77, Rusiya 164-cü yerdədir.

Azərbaycan rəsmiləri, hakimiyyət orqanları beynəlxalq təşkilatların ölkə ilə bağlı media azadlığı, korrupsiya, azad iqtisadiyyat və s. kimi hesabatları ilə razı deyil. Bu kimi hesabatları təxribat adlandırır, həqiqətəuyğun olmadığını söyləyirlər. 

Sərhədsiz Reportyorlar Təşkilatı, Foto: By Casimiro PT/Shutterstock

Birinci yerdə yeddi ildir ki, Norveç yer alıb. İkinci yerdə İrlandiya, üçüncü yerdə isə Danimarka gəlir.

Vəziyyətin ən pis olduğu ölkə Şimali Koreyadır: 180-ci yerdə qərar tutub.

Sonuncu sıralamalarda Türkmənistan, İran, Vyetnam, Çin də var.

Yüksəliş və enişlər

Dünya Mətbuat Azadlığı İndeksində bu il Braziliya 18 pillə yüksəlib. Seneqalın göstəricisi isə 31 pillə edib.

Təşkilat qeyd edir ki, bu qeyri-sabitlik bir çox ölkələrdə hakimiyyətin aqressivliyinin artması, sosial mediada və həyatda jurnalistlərə qarşı düşmənçiliyin artmasının nəticəsidir.

Dəyişkənlik həm də dezinformasiya istehsal edən, yayan və onun istehsalı üçün alətlər təmin edən saxta məzmun sənayesindəki artımın nəticəsidir.

Ölkələrin saxta məzmun yaratmasının media azadlığına təsiri

RSF o qənaətdədir ki, 2023-cü ildə bütün dünyada saxta məzmun yaratmaq mətbuat azadlığına ciddi təsir edir.

118 ölkədə keçirilən sorğunun nəticələrindən aydın olur ki, əksər ölkələrdə siyasi aktyorlar tez-tez və ya sistematik şəkildə kütləvi dezinformasiya və ya təbliğat kampaniyalarında iştirak edir.

Nəticədə, faktlar və sünilik arasında fərq gizlədilir. Bu da məlumat hüququnu təhlükə altına alır.

Təbliğat müharibəsi

Hesabatda qeyd edilir ki, 2023-cü il İndeksində daha 9 pillə geriləyən Rusiyanın (164-cü) təbliğatının artması üçün şərait əlverişli olub.

Moskva rekord müddətdə Ukraynanın cənubundakı işğal olunmuş ərazilərdə Kremlin mesajını yaymağa həsr olunmuş yeni media arsenalı yaradıb.

Rusiya XİN binası. Foto: Aleksey Qolubkov, Spektr. Press

Eyni zamanda, Rusiyada müstəqil media bloklanıb, qadağan edilib və həmişəkindən daha sərt şəkildə repressiyaya məruz qalıb.

Qalxır və düşür

ABŞ (45-ci) 2023-cü ilin Mətbuat Azadlığı İndeksində üç pillə geriləyib.

Sorğuda iştirak edən ABŞ respondentləri Bayden administrasiyasının səylərinə baxmayaraq, jurnalistlər üçün mühit haqqında mənfi fikirlər səsləndiriblər.

İki jurnalistin (2022-ci ilin sentyabrında Las Vegas Review Journal-dan Jeff German və 2023-cü ilin fevralında Spectrum News 13-dən Dylan Lyons) öldürülməsi ölkənin reytinqinə mənfi təsir göstərib.

ABŞ, Ağ Ev. Foto: ungvar/shutterstock

2023-cü il indeksinin ən böyük enişlərindən bəziləri Afrikada olub.

Son vaxtlara qədər regional model olan Seneqal (104-cü) 31 pillə geriləyib. Səbəb iki jurnalistə – Pape Ale Niang və Pape Ndiayeyə qarşı qaldırılan cinayət ittihamları və media işçilərinin təhlükəsizliyinin kəskin azalmasıdır.

Avropada vəziyyət necədir?

RSF bildirir ki, Avropa, xüsusən də Avropa Birliyi jurnalistlərin işləməsinin ən asan olduğu dünya regionudur, lakin hazırda orada da vəziyyət qarışıqdır.

Jurnalistlərə qarşı zorakılıq və həbslərin rekord sayda qeydə alındığı Almaniya (21-ci) 5 pillə geriləyib.

2022-ci ilin mətbuat azadlığı baxımından nisbətən sakit keçdiyi Polşa (57-ci) doqquz pillə, Fransa (24-cü) isə iki pillə irəliləyib. 

Avropa İttifaqı. Foto: artjazz/shutterstock

Jurnalistlərin kəşfiyyat xidmətləri və güclü casus proqramlar tərəfindən təqib edildiyi Yunanıstan (107-ci) Aİ-nin ən aşağı reytinqinə sahibdir.

Bu gün, mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü kimi qeyd edilir. 

Ana səhifəSiyasətAzərbaycan media indeksində qonşularından yenə də geridə qaldı