(Birinci yazı)
Hüquq və hüquq fəlsəfəsi
Uzun illərdir ki, Azərbaycan hüququnun fəlsəfəsini anlamağa çalışıram. Hüquqdan da artıq yaşı olan hüquq fəlsəfəsi ictimai-iqtisadi formasiyaların süzgəcindən keçib bu günə gəlib çıxıb və sonsuz sabaha doğru addımlayır.
Çağdaş hüquq fəlsəfəsi hələ də antik dövrün ideyalarını (azadlıq, bərabərlik, demokratiya, hüquq dövləti və s.) dartışmaqla məşğul olsa da, bu ideyaları əsasən gerçəkləşdirə bilmiş dövlətlərin hüququ məhz o ideyaların gəlişməsinin sonucudur.
Quldarlıq hüququ, feodal hüququ, burjua hüququ, sosialist hüququ konkret və çox bəsit anlayışlardır. Bu prizmadan baxanda ayrı-ayrı ölkələrin qanunvericiliyinin mahiyyətini, bütövlükdə hüququn fəlsəfəsini anlamaq çətin deyil. Bu formasiyalarda hüququn mahiyyəti toplumun azadlıq səviyyəsi ilə, adətən, düz mütənasib olub.
Qədim və orta əsrlərdə insana verilən azadlığın dozası o qədər də ört-basdır edilmir – qulla quldar, feodalla təbəə faktiki olaraq nə qədər bərabərdirsə, hüquqları da o qədər bərabərdir və ya tərsinə.
Kapitalizm formal bərabərlik elan edərək nə qədər irəli gedirsə, hüquq da o qədər inkişaf edir. Hər halda Fransa inqilabı bərabərlik inqilabı sayıla bilər və bəşəriyyət onun nəticələrindən daha çox yararlanıb.
Bünövrəsi on altıncı yüzillikdə, əslində ondan da qabaq qoyulmuş hüquq dövləti ideyasını filosof, həkim Con Lokk və keşiş Monteskyö elan edərək bəşəriyyətə hələlik analoqu olmayan dövlətçilik idealları elan etdilər.
Hakimiyyətin qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünməsi, onların qarşılıqlı nəzarəti və tarazlığı barədə ideya hüquq dövlətinin ilkin şərtləri, prelüdiyası idi.
Sonralar Kant, Hegel, Cefferson və başqaları hələlik analoqu olmayan bu ideyanı daha da inkişaf etdirdilər. İnsan hüquqları ideyası da, nəhayət, yeni nəfəs qazandı və gerçəkliyə çevrilməyə başladı.
Hüquq dövləti qanunun üstünlüyünə bağlıdır, qanunun üstünlüyü isə yalnız hüquq dövlətində, qanunun hakimiyyətinə dayanan hakimiyyətin bölünməsi şəraitində münkündür.
Hüquq – yüksək ümumbəşəri dəyərdir. Ona nəyin bahasına olursa-olsun hakimiyyət əldə etmə və onu qoruyub saxlamaq vasitəsu kimi baxmaq bu dəyərləriə nəinki ziddir, üstəlik, onların inkarıdır.
Hüquq – insana xidmət etməli olan dəyərdir. Onun başlıca təyinatı insan cəmiyyəti yaratmaq, onu insani qaydalarla idarə etmək, insanlar üçün ləyaqətli həyat şəraiti təmin etməkdir.
Sosializm formal bərabərliyi pik həddə çatdırdı və öz ziddiyyətlərinin qurbanına çevrildi. Sözdə bərabərliyə aldanan kütlə topluma çevriləndə anladı ki, zəhmətkeşlər partnomenklatura və işbazlarla heç vaxt bərabər olmayıblar və ola da bilməzlər.
İnqilab deyilən idbar gözəl özünü insanların harayına çatdırdı və bəşəriyyətin böyük bir kəsimi inkişaf edərək “mənfur” kapitalizmə qayıtdı. Yetmiş il söyülüb yamanlanan burjua hüququ, sən demə, o qədər də pis şey deyilmiş…
“Azadlıq – qanunla icazə verilən hər şeyi etmək hüququdur” (Monteskyö).
Çağdaş hüquq “icazə verilməyən hər şey qadağandır” qaydasından “qanunla birbaşa qadağan edilməyən hər şeyə icazə verilir” prinsipinədək inkişaf edib. Bunlardan hansının hökmran olduğu hüquqla yaşayırsansa, o qədər azadsan, dövlət o qədər hüquqidir, qanun qarşısında bərabərlik və hüququn nə qədər üstün olduğu da onunla ölçülür. Amma, təbii ki, söhbət formal hüquqdan, deklarativ bəzəkdən deyil, ölkədəki gerçək durumdan gedir.
Fransızların 1789-cu il Deklarasiyasında elan etdikləri prinsiplər bizdə hələ də gerçəklikdən çox deklarasiya olaraq qalır.
Qanunvericiliyin çağdaşlığı təkcə (heç də) onun yaşı ilə ölçülmür. İngiltərədə Konstitusiya yoxdur, bəzi qanunlar hətta orta əsrlərdən qalmadır, lakin ölkədə insan hüquq və azadlıqları bugünkü konstitusiyalı Azərbaycandan daha dəqiq və effektiv qorunur. Deməli, qanunvericinin hüquq prinsiplərini bilməsi, ona sadiqliyi, hüququn pozulmazlığına və qutsallığına tapınması, icra hakimiyyətinin hüquq ideallarına heç olmasa sayğısı və ya onu cilovda saxlayan işlək mexanizmin olması vacibdir.
Parlament üzvü olmaq qanunverici olmaq deyil. Qanunverici olmaq hər mandat sahibinin iddia edə biləcəyi ucalıq deyil. Əks halda dünyada milyonlarla siseronlar, ceffersonlar peyda olardı. Qanunverici olmaq müdriklik tələb edir.
Təsadüfi deyil ki, hüquq fəlsəfəsinin atası Kant hüququ idrak hadisəsi sayırdı. Bizdə, üstəlik, qanunvericinin ləyaqətli şəxsiyyət olmaq problemi də var. Qanunverici olmaq hüququn hakimiyyətə deyil, insan azadlığı idealına xidmət etməli olduğunu dərk etməkdir.
İdealın nədirsə, məhsulun da odur.
Hüquq fəlsəfəsinə görə, hər hansı dövlətin qanunvericiliyində olan qadağalar, qısıtmalar və məsuliyyət müəyyən edən normaların icazəverici normalardan üstünlüyü (çoxluğu) o dövlətin totalitar, avtoritar və ya demokratik dövlət olmasının başlıca göstəricisidir.
Qanunvericiliyinizə baxın və müəyyəın edin – dövlətiniz hansı “sort” dövlətdir.
Adi bir misal. Polisin çəkiliş aparan jurnalistə, prezident keçəcək deyə bağlanmış yolu – boş asfaltı telefonu ilə çəkən vətəndaş cəmiyyəti fəalına “polisdən icazə almısanmı” sualı verməsi polisin qanunvericiliyi bilməməsi və ya fərdi özbaşınalığı deyil, ölkədə yuxarıdan-aşağı qanunlara münasibətin göstəricisidir. (Maraqlıdır, görəsən vətəndaş əyilib o asfaltı öpsəydi, polis necə reaksiya verırdi?).
Durumun səbəbi isə o polisi cəzalandırmaq əvəzinə rütbəsini və vəzifəsini artıran hakimiyyətin özünün verdiyi qanunlara münasibətidir. Belə münasibət universal ümumbəşəri dəyər olan hüquqa qanunvericinin və icra orqanlarının mülkiyyətçi kimi yanaşmasının nəticəsidir – ölkədə qanunu bir nəfər yazır, qəbul etdirir və icra edirsə, o, qanuna əmlakı kimi baxmaqda haqlıdır…