Azərbaycan hökumətinin fəalların kompüterlərini sındırmaq üçün yeni məhsul aldığı bildirilir

Libermanların son illərdə Azərbaycan hökumətinə bir neçə məhsul satdığı üzə çıxıb

Azərbaycan hökumətinin əsasən jurnalist və ictimai fəalları izləmək üçün İsraildən yeni məhsul aldığı bildirilir.

“Mikroskop media” İsrailin “The Marker” saytının yaydığı məqaləni tərcümə edib.

Məlumatda bildirilir ki, bu məhsulların satışında Azərbaycan hökuməti ilə şirkət arasında vasitəçiliyi Liberman qardaşları edib.

Liberman qardaşları, yəni Amos və Kobi İsrailin keçmiş Maliyyə naziri, ondan öncə isə Xarici İşlər naziri vəzifəsində çalışmış Aviqdor Libermanın oğullarıdır. Onlar bu sövdələşmə əvəzində 200 min dollar qazanıblar. Razılaşmanın ilkin mərhələdə ümumi dəyəri 2 milyon dollar olub. Libermanların son illərdə Azərbaycan hökumətinə bir neçə məhsul satdığı bildirilir.

Həmin məhsullar:

  • Kompüterlər üçün nəzərdə tutulan kiber hücum məhsulu “Kandiro”
  • Raison kiber şirkətinin vergi yığılmasını asanlaşdırmaq üçün istehsal etdiyi böyük data sistemi
  • Duzlu suyu təmizləmə texnologiyası.

Tel-Əvivdə yerləşən “Kandiro” kiber şirkəti həm də “Saito-Tech” kimi tanınır və NSO qrup kimi kiber hücum üçün istifadə edilən məhsuldur. Lakin onun əsas fərqi odur ki, “Kandiro” şəxsi kompüterləri sındırmaq üçün yaradılıb.

“The Marker”ə açıqlama verən rəsmi mənbə təsdiqləyib ki, “Kandiro” ilə Azərbaycan hökuməti arasında əldə olunan razılaşmaya əsasən, şirkətin məhsulları 2020-ci ildə ölkəyə təhvil verilib. Həmin rəsmi mənbənin bildirdiyinə görə, təxminən yüz minlərlə dollar dəyərində komissiya almaq qarşılığında satışa vasitəçiliyi Amos və Kobe Liberman qardaşları edib.

“Kandiro” şirkəti bu sövdələşmə ilə bağlı detalları açıqlamaq istəməyib.

2021-ci ildə dərc olunan “Pegasus layihəsi” adlı araşdırma ortaya çıxarıb ki, Azərbaycan hökuməti “NSO Group” şirkətinin istehsalı olan kiber hücum məhsulundan hökuməti tənqid edən çoxlu sayda jurnalisti izləyib. Həmin jurnalistlərin bir qismi hazırda həbsdədir.

Elə həmin il “Kandiro” və NSO ABŞ Dövlət Departamentinin qara siyahısına əlavə olunub.

Azərbaycan hökuməti belə məlumatları şərh etmir.

Ana səhifəXəbərlərAzərbaycan hökumətinin fəalların kompüterlərini sındırmaq üçün yeni məhsul aldığı bildirilir