Asim Abbasovun özünü güllə ilə vurduğu deyilir
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət keçmiş kiçik çavuşu Asim Abbasovun intihar etdiyi bildirilir.
Bu barədə avqustun 18-də Hərbi Prokurorluq məlumat yayıb.
Asim Abbasovun özünü odlu silahla öldürdüyü açıqlanıb.
Qeyd olunur ki, Ağdam Hərbi Prokurorluğu və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər:
“İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib”.
Hərbi Prokurorluq fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinin başlanıldığını və şahidlərin dindirildiyini əlavə edib:
“Müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.
Meydan TV Asim Abbasovun intiharının səbəblərini öyrənmək üçün yaxınları ilə əlaqə yarada bilməyib.