İki təşkilat 74 səhifəlik hesabat yayıb və COP29-da iştirak edən ölkələrə çağırış edib
Beynəlxalq təşkilatlar yenidən Azərbaycana çağırış edərək siyasi motivlərlə həbs edilən məhbusları dərhal azadlığa buraxmağa çağırıblar.
Onlar hesab edirlər ki, Azərbaycanda hökumətin tənqidçilərinə, müstəqil qruplara və mediaya qarşı kinli hücumu davam edir.
Bu barədə “Human Rights Watch” və “Freedom Now” insan haqları təşkilatlarının oktyabrın 8-də açıqladıqları birgə hesabatda bildirilir.
İnsan hüquqları təşkilatları hücumun noyabrın 11-də başlanacaq COP29 iqlim konfransı öncəsi daha da intensivləşdiyinu vurğulayblar.
74 səhifəlik hesabatda hökumətin vətəndaş cəmiyyətini dağıtmaq və tənqidçiləri susdurmağa yönəlik səyləri sənədləşdirilib.
“Hakimiyyət onlarla şəxsi siyasi motivli, saxta ittihamlarla həbsə atıb. Repressiv qanunlar müstəqil qrupları və medianı sıxışdırıb, onları cinayət təqibi qarşısında zəif duruma salıb”, – deyə hesabatda qeyd olunub.
“Azərbaycan hakimiyyəti təzyiqləri dərhal dayandırmalıdır”
Hesabatda cinayət təqibi, saxlama və qısnama ilə bağlı 33 iş sənədləşdirilib:
“Azərbaycan hakimiyyəti QHT-ləri tənzimləyən qanunlardan bəzi qrupların qeydiyyatı və maliyyələşdirilməsindən imtina üçün məqsədli istifadə edib, bu qruplara bağlı şəxslər cinayət ittihamlarına məruz qalıb”.
“Human Rights Watch”-un Avropa və Orta Asiya üzrə direktor müavini Qiorqi Qoqia deyib ki, Azərbaycan hakimiyyəti təzyiqləri dərhal dayandırmalıdır:
“Azərbaycan hökumətinin mülki azadlıqlara həqarəti müstəqil qrupları və tənqidçi medianı yoxolma cığırına yönəldir. Hökumət COP29 öncəsi özünə belə bir imic cızmamalıdır. Hələ gec deyil, hökumət həbsdə olan tənqidçiləri azad etməklə, vətəndaş cəmiyyətinə qarşı saxta ittihamlardan istifadəni dərhal dayandırmaqla nüfuzunu yaxşılaşdıra bilər. Ancaq elə indi hərəkətə keçməlidir”.
“Human Rights Watch” və “Freedom Now” 40-dan çox azərbaycanlı vəkil, saxlananların qohumları, QHT təmsilçilərinin rəyini alıb.
Onlar Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən qaydaları, spesifik cinayət işlərinə aid hüquqi sənədləri, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını, digər sənədləri nəzərdən keçiriblər.
Hesabatda deyilir ki, Azərbaycan hakimiyyəti “AbzasMedia” və “Toplum TV” daxil olmaqla üç müstəqil onlayn xəbər platformasını hədəfə alıb.
“AbzasMedia” və “Toplum TV”-nin ofislərində axtarış aparılıb, ofisləri möhürlənib. Bu platformalardan azı 12 media işçisi və digər əlaqəli şəxslər həbs olunub.
Bir sıra qeydiyyatı olmayan qruplar, işçi hüquqları fəalları, hökumətin siyasətini tənqid edən digərləri də həbsə atılıb.
Sənəddə bildirilir ki, bəzi qruplar və media orqanları bağlansa da, digərləri böyük şəxsi risk hesabına legitim fəaliyyəti davam etdirirlər.
Hesabatda sənədləşdirilən 33 işdən 22-sində fərdlər ölkəyə qaçaqmalçılıq yolu ilə pul gətirməkdə ittiham olunurlar.
Saxlanılanların bəzilərinə qarşı qanunsuz sahibkarlıq, sənəd saxtalaşdırılması, vergidən yayınma ittihamları irəli sürülüb:
“Hökumət müstəqil qrupların müdaxiləsiz legitim fəaliyyət göstərə bilməsini dərhal təmin etməli, müstəqil qruplar və medianın işini tənzimləyən repressiv qanunları ləğv etməlidir. Hökumət həmçinin siyasi motivli ittihamlarla həbsdə olanları dərhal və qeyd-şərtsiz azad etməlidir. Həmçinin COP29 öncəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) Azərbaycan hakimiyyətinə anlatmalıdır ki, ambisiyalı iqlim fəaliyyətini gerçəkləşdirmək üçün çiçəklənən və müstəqil vətəndaş cəmiyyəti vacibdir”.
“Azərbaycan hakimiyyəti yüzlərlə insanı siyasi ittihamlarla həbsə atıb”
“Amnesty International” insan haqları təşkilatı da oktyabrın 8-də bəyanatla çıxış edib.
Təşkilat bildirib ki, gələn ay Bakıda keçiriləcək COP29 iqlim sammiti öncəsi ölkələr Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyətinə təzyiqləri dayandırması, ifadə azadlığına görə saxlanılanları buraxması üçün təzyiq etməlidir.
Təşkilatın baş katibi Anyes Kallamar deyib ki, onlar qanunsuz həbsdə saxlanılır, uyğun proseduralar pozulur, ədalətli məhkəməyə isə zəmanət yoxdur:
“Azərbaycan hakimiyyəti iqlim ədaləti üzrə beynəlxalq konfransa ev sahibliyi etdiyi bir vaxtda iqlim fəallığının əsas sütunlarından birinə fəal zərbə vurmaqdadır – tənqidi ifadənin və etirazların bütün formalarını sıxışdırır, yerli vətəndaş cəmiyyətini sıradan çıxarır. Azərbaycan hakimiyyəti yüzlərlə insanı danışmağa cəsarət etdiyinə görə siyasi ittihamlarla həbsə atıb. Bu siyahıya hökuməti tənqid edən jurnalistlər, fəallar və insan haqları müdafiəçiləri daxildir. Onlar qanunsuz olaraq həbsdə saxlanılır, uyğun prosedurlar pozulur, ədalətli məhkəməyə zəmanət yoxdur”.
Təşkilat COP29-dan sonra baş verə biləcək hadisələrdən də narahatdır.
Hesab edir ki, COP29 öncəsi, yaxud keçirildiyi müddətdə narazılığını ifadə edən tənqidçilər özəlliklə konfransdan sonra, ölkə artıq diqqət mərkəzində olmayanda ağır qisasla üzləşə bilərlər.
Qurum COP29-a qatılan nümayəndə heyətlərini Azərbaycan hökumətinə vətəndaş cəmiyyətinə təzyiqləri dayandırması, ifadə, birləşmə və dinc toplaşma azadlıqlarını təmin etməsi üçün təsir göstərməyə çağırır.
“Amnesty International” Azərbaycan hakimiyyətinin COP29 öncəsi, tədbir keçirilən vaxt və sonra ətraf mühit fəalları və insan haqları müdafiəçiləri ilə rəftarını izləyəcəyini bildirir.
Azərbaycandan çağırışlara reaksiya
Azərbaycan hakimiyyəti ölkədə insan hüquqlarının durumunun pisləşməsi ilə bağlı tənqidləri qəbul etmir. Eyni zamanda, beynəlxalq təşkilatları qərəzli və ikili yanaşmada günahlandırır.
Oktyabrın 3-də ABŞ-nin 60-dək konqresmeni Dövlət katibi Entoni Blinkenə müraciət edib.
Onlar ABŞ-ni gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırıblar.
Bildirilir ki, 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla qrup Blinkendən Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi məqsədilə tədbirlər görməyi, həmçinin Ermənistana qarşı təxribat xarakterli bəyanatların verilməsinin dayandırılmasını istəyiblər.
Azərbaycan Prezidenti İlham Əliyev isə oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri zamanı sakinlərlə görüşündə bu müraciəti “çirkin” adlandırıb.
O deyib ki, belə bəyanatlar Azərbaycan hakimiyyətinin iradəsinə təsir göstərməyəcək.
Əliyev bəyanata görə həmçinin ABŞ Dövlət katibi Entoni Blinkeni və Dövlət Departamentini ittiham edib.
Bu çıxışdan sonra Azərbaycan parlamentinin 43 deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib.
Onlar ABŞ ilə münasibətlərə yenidən baxmağa, müdafiə sahəsində iki sazişə xitam verməyə çağırıblar.