Azərbaycan əsgərinin özünü odlu silahla öldürdüyü bildirilir

Əsgər. Mənbə: “Freepik”

Hərbi Prokurorluq hadisəni araşdırdığını deyir

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Vəli Abbasovun odlu silahdan özünü öldürdüyü bildirilir.

Məlumatı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev də Meydan TV-yə təsdiqləyib.

O deyib ki, daxil olmuş məlumat əsasında sentyabrın 6-da Şəmkir Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər:

“Onlar iş üçün əhəmiyyət kəsb edən predmetləri maddi sübut kimi götürüb, eləcə də izahatlar alıb və digər hərəkətləri icra ediblər”.

Hərbi Prokurorluq. Mənbə: “Azərtac”

F. Əliyev fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıldığını vurğulayıb:

“Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, – deyə Əliyev əlavə edib.

Əsgərin hansı rayondan olduğu açıqlanmayıb.

Meydan TV də Vəli Abbasovun yaxınları ilə əlaqə saxlaya bilməyib.

Ana səhifəBölgəAzərbaycan əsgərinin özünü odlu silahla öldürdüyü bildirilir