Ermənistanın Müdafiə Nazirliyi ittihamlara hələ ki cavab verməyib
Azərbaycan tərəf Ermənistan silahlı qüvvələrini təxribatda suçlayır.
Bu barədə noyabrın 16-da Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Nazirlik bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16:15-dən noyabrın 16-sı saat 04:30-dək öz mövqelərindən atəşkəsi pozub:
“Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd, Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub”.
Açıqlamaya görə, qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb:
“Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
Müdafiə Nazirliyi həmçinin iddia edir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da dövlət sərhəddinin Kəlbəcər və Laçın rayonları sahəsində də təxribat törədiblər:
“Məqsəd ərazidəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaq olub. Bunun üçün Ermənistan Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirib və Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib”.
Nazirlik əlavə edir ki, bu zaman Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutulub.
İlkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb:
“Əks həmlə əməliyyatı ilə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, qüvvə və vasitələrinə zərər vurulub. Erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib”.
Ermənistan tərəfi hələlik atəşkəsin pozulması ilə bağlı Azərbaycan tərəfin ittihamlarını cavablandırmayıb.
Ancaq ən son açıqlanan məlumatda bildirilir ki, Azərbaycanın Qafan-Çakaten yolunu bağlaması səbəbindən Qafan bölgəsinə məxsus 6 kəndin mərkəzlə olan birbaşa əlaqəsi kəsilib.
İndi həmin kəndlərə getmək üçün əvvəlcə Mehriyə getmək lazımdır.
Əvvəllər rayon mərkəzi ilə kəndlər arasındakı məsafə 15 dəqiqə idisə, indi həmin yolu qət etmək 3 saatdan çox vaxt aparır. Eyni zamanda, Çakaten və digər kəndlərə getməyin alternativ yolunda tıxac yaranır. Kənd sakinləri qar yağsa, vəziyyətin daha da pisləşəcəyini deyirlər.
Ancaq son həftələr hər iki tərəf Azərbaycan-Ermənistan sərhədində, Dağlıq Qarabağda atəşkəsin pozulmasına dair məlumatlar yayır. Hətta ölən və yaralananların olduğu da bildirilir.
Tərəflər atəşkəsi pozmaqda, təxribatda bir-birini ittiham edir.
2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayıb.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında döyüşlərin dayandırılması ilə bağlı atəşkəs razılaşması imzalanıb.
Bununla Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.