Azərbaycan dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin xüsusi siyahısına salınıb

Foto: USCIRF

USCIRF isə bəyanatında Azərbaycanın nəzarət siyahısına daxil edilməsini alqışlayıb

ABŞ-ın Azərbaycanı dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin xüsusi siyahısına saldığı bildirilir.

Yanvarın 4-də illik siyahını açıqlayan dövlət katibi Entoni Blinken 2023-cü ilin “qara siyahısı”nda olan 12 ölkənin hamısının – Birma, Çin, Kuba, ÇXDR, Eritreya, İran, Nikaraqua, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistanın adının yenə də saxladığını qeyd edib:

“Bundan başqa, mən Əlcəzair, Azərbaycan, Mərkəz Afrika Respublikası, Komor Adaları və Vyetnamı dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələr adlandırdım”, – deyə dövlət katibi öz bəyanatında bildirib.

“Turan”ın məlumatına görə, qərar potensial olaraq ABŞ hökuməti tərəfindən sanksiyalar üçün yol açır.

Entoni Blinken. Foto: Al Drago/Pool via AP

Entoni Blinken onu da vurğulayıb ki, hökumətlər dini azlıqların icmalarına və ziyarətgahlarına hücumlara, fikirlərin dinc şəkildə ifadəsinə görə həbslərə, transmilli repressiyalara və dini icmalara qarşı zorakılıq çağırışlarına son qoymalıdırlar.

O, həmçinin xüsusi narahatlıq doğuran təşkilatlar kimi “Əş-Şəbab”, “Boko Haram”, “Hayyat Tahrir əş-Şam”, husitlər, İŞİD-Sahel, İŞİD-Qərbi Afrika, “Əl-Qaidə”nin filialı Camaat Nəsr əl-İslam vəl-Muslimin və Talibanı sadalayıb.

Amerikanın dini etiqad azadlığı üzrə qurumu – USCIRF isə bəyanatında Azərbaycanın nəzarət siyahısına daxil edilməsini alqışlayıb.

Dekabrda USCIRF yeni hesabat dərc edib.

Hesabatda deyilir ki, Azərbaycan hökuməti insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini pozan qanunlarda və siyasətdə islahat aparmaqda maraqlı deyil.

Son 3 ildə Azərbaycan hökuməti “Din haqqında” qanuna iki dəfə düzəliş edərək müxtəlif növ dini fəaliyyətlərə yeni məhdudiyyətlər gətirib”,-deyə USCIRF əlavə edib.

Məruzədə həmçinin Dağlıq Qarabağdakı dini obyektlər, şiə dini fəallara qarşı repressiyalar və hökumətin dini əqidəyə görə hərbi xidmətdən imtina tətbiq etmək istəməməsi ilə bağlı narahatlıq ifadə olunur.

İl ərzində hakimiyyət müntəzəm olaraq şiə müsəlmanları təqib etməyə, cərimə etməyə, saxlamağa və həbs etməyə davam edib”,– deyə məruzədə qeyd edilir.

Ana səhifəSiyasətAzərbaycan dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin xüsusi siyahısına salınıb