Azərbaycan BMT-də Ukrayna ilə bağlı səsvermədə iştirak etmədi

Foto: BMT

Anar Məmmədli: “Ərazi bütövlüyü Azərbaycan üçün “qırmızı xətt” olmalıdır”

Oktyabrın 12-də BMT Baş Məclisi Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsini qanunsuz akt sayan qətnamə qəbul edib.

Qətnaməyə 143 ölkə dəstək versə də, Rusiya, Belarus, Suriya, Şimali Koreya və Nikaraqua əleyhinə çıxıb.

35 ölkə, o cümlədən Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan bitərəf qalıb.

Azərbaycan, İran, Türkmənistan və daha 7 ölkə səsvermədə iştirak etməyib.

1945-ci ildə qurulan BMT-nin 193 üzvü var və Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.

Amma artıq neçənci dəfədir ki, Azərbaycanın BMT-dəki nümayəndəliyi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü məsələsi səsverməyə çıxarılanda iclaslara qatılmır.

Foto: BMT

Bunun səbəbləri barədə isə cəmiyyətə ətraflı məlumat verilmir.

Meydan TV son səsvermə ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi ilə əlaqə saxlamağa cəhd etsə də, açıqlama almaq mümkün olmayıb.

YAP-çı deputat Hikmət Babaoğlu isə bu mövzuda sualların ona aid olmadığı deyərək şərh verməyib.

Vətəndaş cəmiyyəti təmsilçisi Anar Məmmədli Azərbaycan nümayəndə heyətinin bu cür müzakirələrə qatılmamasını hakimiyyətin Rusiyadan çəkinməsi ilə izah edir.

O, Meydan TV-yə deyir ki, Azərbaycanın milli maraqları və xarici siyasət kursu başqa ölkələrin ərazi bütövlüyünü tanınmasından keçir:

“Çünki Azərbaycanın da ərazi bütövlüyü illərlə pozulub və indi də davam edir. Şübhəsiz ki, Azərbaycan bu məsələdə həm beynəlxalq hüquqa söykənərək, həm də Kiyevlə yaxın münasibətlərə əsaslanaraq Ukraynanın yanında olmalıdır. Ancaq hökumət Rusiyadan çəkindiyi üçün səsverməni birmənalı şəkildə boykot edir, nə əleyhinə, nə də bitərəf qalır. Bu, hökumətin xarici siyasət kursunun kifayət qədər ehtiyatlı olmasından çəkindiyini göstərir. Halbuki mövqe qoyulmalıdır, ərazi bütövlüyü Azərbaycan üçün “qırmızı xətt” olmalıdır”.

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

Anar Məmmədli, əslində, bitərəf qalmağı yaxşı hal saymır:

“Bitərəf və əleyhinə çıxış etməkdənsə, səsvermədə iştirak etməmək daha yaxşıdır. Çünki ərazi bütövlüyü elə məsələdir ki, niyə bitərəf qalmalısan? Bu, qəbuledilməzdir. Birmənalı şəkildə mövqe olmalıdır, Azərbaycanın da yeganə qoyacağı mövqe Ukraynanı dəstəkləməkdir”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da hesab edir ki, Azərbaycan Ukraynaya dəstək verməliydi:

“Məncə, səhv idi. Bu gün elə bir hal yetişib ki, hamı Rusiyanın apardığı işğalçılıq siyasətinə qarşı qəti mövqe qoymalıdır”.

Sərdar Cəlaloğlu, Meydan TV

Cəlaloğlu düşünür ki, Azərbaycanın səsverməyə qatılıb-qatılmaması formal xarakter daşıyır:

“Onsuz da Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bütün imkanlardan istifadə edib dəstək verir”.

Xatırlatma

Sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ana səhifəSiyasətAzərbaycan BMT-də Ukrayna ilə bağlı səsvermədə iştirak etmədi